Avropa Azərbaycanlıları Konqresi Heydər Əliyevlə bağlı konfrans keçirib

Avropa Azərbaycanlıları Konqresi Heydər Əliyevlə bağlı konfrans keçirib
 

ATXƏM sədri İlham İsmayılov: “Gələn il Ulu Öndərin 100 illik yubleyi ərəfəsində silsilə tədbirlər və yazı müsabiqəsi keçirməyi planlaşdırırıq”

Avropa Azərbaycanlıları Konqresi (AAK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Şəxsiyyət və zaman” mövzusunda video-formatda konfrans keçirib.
Tədbiri Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov giriş sözü ilə açıb. O vurğulayıb ki, təşkilat üzvləri bu yaxınlarda işğaldan azad olunmuş bölgələrə səfər ediblər. S.Qasımov bildirib ki, bu gün Qarabağ azad olduğuna görə ulu öndərin ruhu şaddır.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım öz çıxışında ümummilli lider Heydər Əliyevin keçdiyi tarixi yola nəzər salıb, Sovetlər İttifaqının son illərində Moskvada tarixi çıxışını xatırlayıb.

Şamil Ayrım eyni zamanda, Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində ulu öndərin müstəsna rolunu qeyd edərək bildirib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycana qələbə gətirdi, Qarabağın öz sahibinə qovuşmasına səbəb oldu.
Milli Məclisin deputatı, Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı isə öz çıxışında ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti dövründə hər zaman Azərbaycan xalqının maraqlarına, Azərbaycan dövlətinin inkişafına xidmət etdiyini deyib.

Azərbaycanın düşdüyü vəziyyəti, baş verən hadisələri, faktları xronoloji ardıcıllıqla xatırlayan tarixçi alim Musa Qasımlı Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə növbəti dəfə hakimiyyətə gəlişi ilə ölkədə dövlət quruculuğu prosesinin yeni nümunəsinin yarandığını bildirib.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı qeyd edib ki, ümummilli lider hər zaman Azərbaycan və ümumilikdə türk dünyasının mədəniyyətinə böyük qayğı ilə yanaşıb: "Heydər Əliyev böyük fikir adamı olub, daim görkəmli ədiblərimizin xatirə gecələrində iştirak edib, Azərbaycan ədəbiyyatına xüsusi dəyər verib".
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Ulu Öndər Heydər Əliyevin 30 il əvvəl Azərbaycanda baş verən hərc-mərclik dövründəki apardığı müdrik siyasətdən danışaraq, qeyd etdi ki, xalqın böyük inamı ilə yenidən hakimiyyətə gələn lider məhz xalqı düşdüyü ağır durumdan çıxara bildi: “Biz uzun illərdir ki, təşkilat olaraq Ulu Öndərin həyat və fəaliyyətini geniş şəkildə təbliğ edərək, müxtəlif tədbirlər həyata keçirmişik. Bu tədbirlərin içərisində jurnalistlər üçün yazı müsabiqəsi, idman turnirləri və müxtəlif mədəni-kütləvi tədbirlər yer almaqdadır.

Gələn il Heydər Əliyevin anadan olmasının yüz illik yubileyidir. Biz indidən həmin yubileyi geniş şəkildə keçirmək üçün hazırlıqlar içərisindəyik. Gələn il may ayında yenidən yazı müsabiqəsi və silsilə tədbirlər keçirməyi planlaşdırırıq. Inanırıq ki, bu tədbirlərin keçirilməsində bizimlə birgə maraqlı olan təşkilatlar da çox olacaq”.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni də çıxışında Ulu Öndərin həyat və fəaliyyətindən geniş danışaraq, Naxçıvanda olduğu müddətdə Heydər Əliyevlə görüşündən və bu görüşlə bağlı öz təəssüratlarını bölüşüb.

Videokonfrans zamanı digər çıxışçılar da ulu öndərlə olan xatirələrini bölüşərək növbəti il Heydər Əliyevin 100 illiyinin xüsusi qeyd edilməsinin vacibliyini vurğulayıblar.
Sonda Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay vurğulayıb ki, 31 dekabr – Dünya azərbaycanlılarının həmrəylik günü ulu öndərin xarici ölkələrdə yaşayan soydaşlarımızın birləşməsi üçün istiqamət verən ən böyük mirasdır.

0.021265029907227