Peskovun özbaşınalığı və yarım milyonluq səfərbərlik

Peskovun özbaşınalığı və yarım milyonluq səfərbərlik
 

Adətən, idarəetmədə problemlər yarananda avtoritar liderlər hakimiyyət daxilində intriqalar yaratmaqla vəziyyətə nəzarət etməyə çalışırlar. Elə vəziyyət ağır olanda bir sıra daxili problemlərin öz-özündən ortaya çıxması barədə də çoxsaylı misallar mövcuddur. Rusiya isteblişmentində son dövrlər mənası aydın olmayan bəyanatlar, yalançı vədlər, bir-birini vurmaq üçün istifadə olunan metodlar məhz vəziyyətin ağır olmasından qaynaqlanır. Sergey Lavrovun son açıqlaması, Sergey Şoyqunun “xəstələnməsi”, Valeri Gerasimovun yalançı məruzələri və “yaralanması”, Dmitri Peskovun “başından böyük” fikirləri də belə vəziyyətin təzahürləridir.

Rusiya prezidenti Vladimir Putin dünən mətbuat katibi Dmitri Peskova xüsusi əməliyyat və mümkün səfərbərliklə bağlı suallara cavab verərkən sözləri daha diqqətli və düşünülmüş şəkildə seçmək, bir sözlə, “özfəaliyyətlə məşğul olmamaq” tövsiyələrini çatdırıb. Rəsmi olaraq müharibə elan etmək və səfərbərlik məsələləri hazırda fəal müzakirə olunur və Peskov, Putinin sözlərinə görə, səfərbərlik planları haqqında məlumatı “cəfəngiyyat” adlandıraraq, belə planların olmadığını iddia edərək, üzərinə çox şey götürüb.

İndi Putin siyasi elita arasında böyük qarşıdurma yaradıb və bu intriqanın cizgilərindən biri də Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Peskovla Prezident Administrasiyası rəhbərinin birinci müavini Aleksey Qromovun arasında keçən münaqişəsidir. Putin Qromovla Peskova, hər hansı birinə üstünlük vermədən, bir-birinin üstünə çirkab atmağa imkanı verir. Prezident, həmçinin, Peskovdan Çeçenistan rəhbəri Ramzan Kadırovla daha böyük intriqada istifadə edir.

Dünən mümkün səfərbərlik planlarının müzakirə edilməsi də Putin üçün təsadüfi deyildi və görünür, Rusiya prezidenti səfərbərliyin zəruriliyi barədə artıq qərar qəbul edib və indi onun hansı formada və hansı müddət ərzində həyata keçirilməsi müzakirə olunur. Dünən Vladimir Vladimiroviçin hərbi blokun rəhbərliyi ilə görüşündə ilin sonuna kimi 3 mərhələdə, ümumilikdə dörd yüz əlli min nəfərə qədər olan çağırışla səfərbərliyi müzakirə ediblər. Həmçinin, dünən Rusiya prezidenti mayın 9-na qədər cəbhədə hansı “uğurların” əldə ediləcəyi ilə maraqlanıb. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun inamlı hesabatına əsasən, əhəmiyyətli irəliləyiş gözləmək olar, lakin əsasən, mayın 9-dan sonra. Ümumiyyətlə, real qələbələr olmadıqda, Rusiya prezidentinin qələbə kimi rus xalqına sırıyacağı yeganə şey əlində olanlardır, daha doğrusu, olmayanlar.

Dadaş Əhmədli

Paralel.az

0.01763916015625