Amerika demokratiyasının mahiyyəti
Siyasi təhlil
Hazırda Amerika iqtisadi və hərbi cəhətdən dünyanın ən qüdrətli dövlətidir və hər yerdə öz siyasətini diqtə edir. Faktiki olaraq, bütün dünyada qızılın və neftin qiymətinə nəzarət edir, dünyaya dollar və demokratiya ixrac edir, ucuz işçi qüvvəsini və yeni texnologiyaları isə idxal edir. Bəli, bu gün bütün dünya ABŞ dolları xərcləməyə və ABŞ həyat tərzini yaşamağa məhkumdur. “Cıkk” eləyib cızığından çıxanı Liviyanın, Suriyanın gününə salırlar.
Obrazlı desək, ABŞ bütün dünyada qloballaşma adı altına nəhəng bir təcavüz həyata keçirir, spesifik, fərqli, milli nə varsa, istər, iqtisadi olsun, istər siyasi, istərsə də, milli-mənəvi, əzir, məhv edir, öz obrazını və öz qaydalarını diqtə edir. Avropa da bu məsələdə Amerikaya dəstək verir, Avropa Şurası, ATƏT adlanan qurumlar məhz bu missiyanı yerinə yetirir. Dünyanın qabaqcıl millətləri buna etiraz edir, mitinqlər, nümayişlər keçirir. Millət kimi formalaşmamış bizim kimi xalqlar isə qloballaşmaya qucaq açır, "sivil dünyaya inteqrasiya" adlandırır.
Məlum olduğu kimi, II Dünya müharibəsinə qədər “Dünya valyutası” fəxri adını və missiyasını funt-sterlinq daşıyırdı və öz tarixi vətəninə - İngiltərəyə olmazın gəlirlər gətirirdi. Amma müharibənin gedişində Almaniyanın süqut etməsi və Avropa iqtisadiyyatının çökməsi “Dünya valyutası”nı da çökdürdü. “Müqəddəs yer” isə boş qalmır deyirlər. Faktiki olaraq, dağıdıcı müharibədən kənarda qalmış və müharibənin gedişində iqtisadiyyatı dəfələrlə qalxmış Amerika bu fürsətdən yetərincə yararlana bildi. Öz müttəfiqlərinə iqtisadi dəstək vermək, “Dünya valyutası”nı dirçəltmək əvəzinə, funt-sterlinqi dünya bazarlarından sıxışdırıb çıxardı və dünyada indiyə kimi davam edən “dollar təcavüzü” başladı. Hazırda Rusiyanın, Çinin və İranın müqavimətlərinə baxmayaraq, dollar hakimi-mütləqdir və “Dünya valyutası” kimi dünya bazarlarının mütləq əksəriyyətinə nəzarət edir.
“Amerika demokratiyası”na gəlincə, bu, uzun məsələdir. Deməli, Xristofor Kolumb Amerikanı hardasa XV əsrin axırlarında açıb, ABŞ dövləti də XVIII əsrin əvvəllərindən başlayaraq formalaşıb. Amerika hardasa 200 il Avropanın müstəmləkəsi olaraq qalıb. Bu 200 ildə “Köhnə Dünya” (Avropa) dayanmadan “Yeni Dünya”dan (Amerika) qızıl-gümüş, qiymətli daşlar, xəz dəri idxal edib, əvəzində isə Yeni Dünyaya ucuz spirtli içki, ucuz silah və qatı quldurlar ixrac edib. Dostlar, siz alverin, gəlirin planetar miqyasını təsəvvür edirsinizmi? Bəli, bəli anasının əmcəyini kəsən yüz minlərlə oğru və quldur (milliyyətindən asılı olmayaraq) bütün Avropadan yığılırdı və gəmi karvanları ilə Amerikaya sürgün edilirdi.
Bu zaman “Köhnə Dünya” iki mühüm vəzifəni pulsuz və əziyyətsiz həyata keçirirdi. Əvvəla, “Yeni Dünya”nın bütün ərazisində məskunlaşma sürətlə gedirdi. Sonra, “Köhnə Dünya”dan gələn oğru və quldurlar “Yeni Dünya”nın aborigenlərini – Amerika hindularını sürətlə məhv edirdilər. Əslində, adam öldürmək onların işi idi, bunu “Yeni Dünya”da qorxusuz, cəzasız, hətta mükafatla həyata keçirirdilər. Bunlar dəhşətli adamlar idilər, qaun-qayda, vicdan, insaf bilmirdilər. Bir nəfər xoşagəlməz hərəkət rdən kimi, 3-4 nəfər yığışıb mühakimə edir, səsə qoyurdular. Səs çoxluğu olarsa, bədbəxti güllələyir, ya da yaxınlıqdakı ağacdan asırdılar. Çoxluğun bu tiranlığı, azlığın hüquqlarının pozulması ”Linç məhkəməsi” adlanırdı və hazırda “Amerika Demokratiyası” adını daşıyır. İki nəfərin mübahisəsində isə, ”Linç məhkəməsi”nə ehtiyac qalmırdı, kim revolveri cəld çıxarırdısa, həyatı da o, udurdu. Dostlar, siz belə kadrları yəqin ki, ABŞ-ın “Vestern” filmlərində çox görmüsüz.
”Yeni Dünya”da kofe, tütün və pambıq plantasiyalarını genişləndirmək lazım gəlirdi, ”Köhnə Dünya”nın tələbatı böyük idi. İşçi qüvvəsi və münbit torpaq əraziləri çatışmırdı. Ucuz işçi qüvvəsini “Köhnə Dünya” təmin edirdi, ildə Afrikadan on minlərlə zənci-qul “Yeni Dünya”ya ixrac edilirdi. Torpaq ərazisi məsələsini isə ”Köhnə Dünya”dan gələn quldurlar həll edirdi, onlar aborigenləri görünməmiş bir vəhşiliklə və sürətlə, hətta “Linç məhkəmələri” keçirmədən məhv edirdilər. Doğrudur, Amerika hinduları da öz qəddarlıqları ilə ad çıxarmışdılar, amma ”Köhnə Dünya” quldurlarının tozuna da çatmazdılar. Bunlar gözlərini də qörpmadan, arvada, uşağa, qocaya baxmadan, bütöv qəbilələri, kəndləri qırırdılar, diri-diri tonqalda yandırırdılar. Qatillərə ”Köhnə Dünya” da dəstək verirdi, ”Yeni Dünya”ya ildə on min tonlarla keyfiyyətsiz viski gətirilirdi. Deyilənə görə, “Yeni Dünya”da aborigenlərin məhv edilməsində keyfiyyətsiz viskinin “xidməti” insafsız quldurların “xidməti”ndən az olmayıb. Belə ki, Amerika hinduları bizim qonşu ruslar kimi tünd içkilərə həddindən artıq aludəçidirlər. Hazırlanma texnologiyalarını bilmədiklərindən (dövlət sirri kimi gizli saxlanılırdı) qızıl, gümüş, xəz dəri verib mütəmadi olaraq, keyfiyyətsiz viski alırdılar, faktiki olaraq, öz qətliamlarına imza atırdılar.
Amma burda bir məsələ var, bəlkə də diqqətli oxucunun gözündən qaçmayıb. Yalnız Koroğlu nağıllarında 9999 dəli bir dağın başına və bir arvadın işığına (Nigar xanımın) yığışır, realda isə hər kişinin bir arvadı olmalıdır. “Yeni Dünya”da da belə idi və “ağ qadın” qıtlığı hər yerdə və bütün səviyyələrdə hiss edilirdi. İş o yerə çatmışdı ki, ağ quldurlar hindu qəbilələrinə hücum edir, gözəl qadınları oğurlayır, ya da qaçırırdılar. Yeri gəlmişkən, məşhur Amerika yazıçısı Cek London özünün “Canavar oğlu” hekayəsində belə bir hadisəni gözəl təsvir edir. Amma ağ quldurların hamısı qəhrəman deyildi və hindu qəbiləsinə hücum edib gözəl qızları qaçıra bilmirdi. Onlar plantasiyalarda işləyən zənci qızları ilə kifayətlənməli olur, hətta pul verib alırdılar. Amma burda da bir problem vardı, ağ kişi ilə hündu, ya zənci qadının nikahından ağ adam doğulmur, müvafiq olaraq, kreol, ya da mulat doğulur, bunlar da qırmızı, ya qara dərili hesab olunur.
Beləliklə, “Yeni Dünya”da genetik fondun məhv olmaq təhlükəsi real idi və “Köhnə Dünya” təcili hərəkətə keçdi. Demək olar ki, XVII və XVIII əsrlər boyunca Avropanın bütün fahişəxanalarından, həbsxanalarından qadınlar zorla yığılır (kim öz xoşu ilə gedərdi?!), pulla təmin edilir və Amerikaya göndərilirdi. Orda onları qarşılayırdılar, yaşlarına və xarici görünüşlərinə görə işlə təmin edirdilər və yerləşdirirdilər. Dostlar, siz yəqin ki, Amerikanın vestern filmlərində hər salonda, restoranda bir, üç, beş gözəl qadının, xidmətçinin, müğənninin oldğunu müşahidə etmisiz. Amma bir dəfə də özünüzdən Sabiranə sual etməmisiz: Dünyanın o başında nə gəzir bu gözəllər bu boyda, bu boyda?!
Bəli, həmin gözəllər həmin fahişələr idi, “Yeni Dünya”nın quldurları da onları seçir, sevir və nikaha girigdilər. “Yeni Dünya”da yeni nəsil, yeni “Amerika milləti” belə yaranırdı. XVII-XVIII əsrlərdə bütün aborigenləri qırıb Amerikada öz ştatlarını quranlar da, XX əsrdə Yaponiyaya atom bombası atıb bütöv bir ölkəni viran qoyanlar da, XXI əsrdə bütün dünyaya meydan oxuyan, Amerika Demokratiyası yayanlar da bunlardır. Budur Amerika Demokratiyasının mahiyyəti...
Qalib ARİF