Zelenskinin gileyi nədən qaynaqlanır?
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
t.abbas1952@list.ru
Gileydən C. Baydenin “iyi” gəlir
Türkiyəni Ukrayna-Rusiya münaqişəsində birmənalı mövqe tutmağa və Rusiyalı turistləri ölkəsinə qəbul etməməyə çağıran prezident Zelenskini gileylənməyə nə vadar edir? Çünki Türkiyə Rusiyanın Ukraynaya hərbi təcavüzünə etirazını bildirib. Ukraynanın yanında olduğunu, torpaq bütünlüyünü müdafiə etdiyini, Rusiyanın bu ölkəyə hərbi təcavüzünü dayandırmaq üçün çalışdığını əməlilə təsdiq edib.
Eyni zamanda müharibə edən hər iki ölkə ilə normal münasibətlər qurmaqla, qanlı müharibəni dayandırmaq və barış masası arxasında əyləşdirmək üçün onların arasında sülh əldə olunması məqsədilə vasitəçilik həyata keçirir.
Zelenskinin yunan jurnalistin sualını cavablandırarkən Türkiyənin rus turistləri qəbul etməsindən giley etməsi Türkiyədən çox Azərbaycan cəmiyyətində ictimai ajiotaj yaratdı.
Çünki Zelenskinin Türkiyədən dost kimi umduqlarını giley kimi dilə gətirməsinə Azərbaycan cəmiyyətində yaranan etiraz təbii olaraq Türkiyə təəssübkeşliyindən qaynaqlanır. Lakin Zelenskinin Türkiyənin ünvanına söylədiyi dost gileyi ətrafında Azərbaycan cəmiyyətində yaranan ajiotajı tam milli vətənpərvər qüvvələrə aid etmək də doğru deyil. Əslində, Azərbaycanda Zelenskinin gileyi ətrafında ajiotajı yaradanlar arasında saxta təəssübkeşlik göstərən, Ukrayna ilə Azərbaycan arasındakı normal münasibətləri zədələmək, Zelenskini gözdən salmaq üçün ölkəmizdə güclü fəaliyyət göstərən "5-ci kolon"un zərərli fəaliyyətini unutmaq olmaz. Həmin qüvvələr çoxdan təcrübədən keçirdikləri üsulla süni hay-küylü "təlatüm" yaratmağa, Azərbaycanla Ukrayna arasında mövcud olan dostluğa zərbə vurmağa çalışırlar. Məncə, Zelenskinin izhar etdiyi dost umacağı ətrafında hay-küy yaratmağa ehtiyac yoxdur. Prezident İlham Əliyevin Azərbaycanla Ukrayna dövlətləri arasındakı dostluq münasibəti barədə verdiyi açıqlama kifayətdir.
Xatırladım ki, Rusiya-Ukrayna müharibəsi ərəfəsində, münaqişənin ən gərgin dövründə Qərbin və NATO-nun Rusiyanın böyük hərbi gücə, nüvə silahına malik olmasından çəkinib, hətta ehtiyat etdikləri məqamda belə, Türkiyə prezidenti Ərdoğan Rusiya prezidenti Putinə: "müharibəyə girişmə, uduzacaqsan!"- deyə, qətiyyətlə Rusiyanın Ukraynaya hərbi təcavüzünə qarşı çıxması, Ukraynaya ilkin siyasi və mənəvi dəstəyin ifadəsi idi. Ərdoğanın bu fikrinə qarşı hər kəs Putindən ağır və sərt cavab gözlədiyi halda, Rusiya prezidentinin Ərdoğanın bu fikirinə loyal münasibət bildirməsi Rusiyanın dünya qarşısında zəif olduğunu və Qərbin güclü olmasını göstərən ilk yardım idi. Bu, Rusiyanın Ukraynaya gözlənilən hərbi təcavüzünün qarşısını alan yeganə psixoloji baryer idi.
Türkiyənin brendinə çevrilmiş, Azərbaycan-Ermənistan müharibəsində qələbə zəfərinin əsas silahlarından olan "Bayraktar" bu gün Rusiya ilə döyüşdə Ukrayna ordusuna çox güclü kömək edir. "Bayraktar" müharibədə Rusiya ordusuna və texnikasına ən çox zərbə vuran müasir silahlardandır. Görəsən, yunan jurnalistin Türkiyə ilə bağlı verdiyi ziddiyyətli müsahibədə Türkiyənin Rusiya turistlərini qəbul etməsindən gileylənən Zelenski müharibədə Rusiyaya qarşı istifadə olunan "Bayraktar"ın Rusiya-Türkiyə münasibətinə necə təsir etdiyini görmürmü? Bəlkə, Zelenskı Ukraynaya maddi və silah yardımında öndə gedən ermənipərəst, açıq türk düşmənçiliyi yürüdən ABŞ prezidenti C. Baydenin yunan jurnalistin ziddiyyətli sualı ilə Ukrayna prezidentinə türklərə düşmənçilik etməyi təlqin etməsini dərk etmir?! Görünür, bu olayda Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Cənubi Amerikaya və ABŞ-ın düşmən elan etdiyi Venesuela səfərinin də təsiri var.
Hər kəs, o cümlədən Rusiya çox yaxşı başa düşür ki, Türkiyənin "Bayraktar" silahını Ukraynaya satması ticarətdən çox siyasətdir. Zelenskinin "Bayraktar"ın Ukraynaya satılmasının Türkiyə-Rusiya münasibətlərinə açıq zərbə olduğunu görməməsi təəssüf doğurur. Əgər ticarət prinsipini üstün tutsaydı, Türkiyə "Bayraktar"ı Rusiyaya da satardı, amma satmadı və Ukraynaya dost münasibəti göstərdi.
Türkiyə Montre sazişini əsas tutaraq, Rusiya gəmilərinin Qara Dənizə girişinə qadağa qoydu, müharibənin gedişində sülh danışıqları aparmaqla, Rusiyanın hərbi təcavüzünü səngidib, Ukraynaya nəfəsini dərməyə və müəyyən hazırlıqlar görməyə imkan yaratdı. Bunlar iki dövlət arasında hökm sürən dostluq münasibətinin aydın təzahürləri deyilmi?!
Türkiyənin ABŞ və Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmamasına gəlincə isə, qeyd edək ki, az əvvəl ağır iqtisadi böhran keçirən Türkiyə nə NATO müttəfiqlərindən, nə də Rusiyadan hər hansı bir yardım görmədən çıxdı. Böhrandan çıxmağa kömək etmələri bir yana qalsın, NATO müttəfiqi olan ABŞ Türkiyədə iqtisadi böhranın daha da dərinləşməsinə çalışdı. Təhlükə ilə savaşan, hazırda ABŞ və Avropadan maliyyə və hərbi yardım alan kürd terrorçuları ilə mübarizə aparan Türkiyə niyə onunla düşmənçilik edən qüvvələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmalıdır?! Tutaq ki, Türkiyə Rusiya ilə iqtisadi savaşa girdi, bu zaman özünü üzdə müttəfiq, əməldə düşmən göstərən ABŞ və Qərbin Türkiyəyə dəstək verəcəyinə kim zəmanət verə bilər?!
Məsələn, Türkiyə Rusiyanın hərbi kəşfiyyat təyyarəsini vurub saldı, buna görə, Rusiya bütün kürd terrorçu qruplarını Türkiyəyə qarşı yönəltdi, ölkəni partlayışlar bürüdü və Qərb Türkiyəyə dayaq durmadı, əksinə, gizli formada terrorçulara dəstək verdi!
Türkiyə özünəməxsus çəkisi və müstəqil mövqeyə malik, Qərbin oyuncağına çevrilməyən, üzərinə düşən bütün məsuliyyəti dərk edən, çətinlikləri özü həll edən, başı uca və alnı açıq güclü dövlətdir!
Belə olan halda, Türkiyə dövləti kiminsə kiməsə qarşı təcavüzkar niyyətinə dəstək verməkdənsə, öz dövlətinin və xalqının varlığı, təhlükəsizliyini təmin etmək barədə düşünür və düşünməlidir də!
Ukraynaya münasibətə gəlincə isə, Türkiyə həmişə bu ölkəyə dost münasibəti göstərib və bu gün də göstərməkdə davam edir. Ukraynanın dövlət rəhbərləri və ukraynalılar bu münasibəti daim razılıqla qarşılayıblar. Zelenskinin gileydən əvvəl, göstərdiyi köməyə görə, bir neçə dəfə Türkiyəyə öz minnətdarlığını bildirməsi bunun sübutudur.
Zelenskinin yunan jurnalistə verdiyi müsahibədə gileylənməsi və Türkiyədən daha çox gözləntisi olduğunu ifadə etməsi də, məhz Türkiyə dövlətini Ukraynaya yaxın bilməsi və faciəvi anda ondan daha çox yardım ummaq istəyinin təzahürü hesab edirəm.
Hətta düşünürəm ki, Zelenskinin Türkiyəyə yönəlik "narazı" çıxışı iki ölkə lideri arasında öncədən düşünülmüş siyasi gedişdir. Bunu Zelenskinin gileyinə Türkiyədən sərt reaksiya verilməməsi də təsdiq edir. Azərbaycanlı olan Türkiyə sevdalılarının hay-küyünə ehtiyac yoxdur. Ortada dünyanı təlatümə gətirən ziddiyyətli oyun gedir. Belə böyük bir oyun içində hər cür gedişin olması mümkündür.
Hesab edirəm ki, Zelenskinin jurnalistə verdiyi müsahibədə Türkiyəyə yönəlmiş "narazı" notun məramını şərh etmək daha çox siyasilərin işidir.