Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXV yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXV yazı
 

Siracəddin Hacı:

c) ŞÜKÜR EDİN
Bu, Allahın üçüncü istəyidir, əmridir. Oruc ibadətinin içində Qurani-Kərim, tövhid, təqva, şükür, dua var. Bunlar ilahi nemətlərdir, hər birinin şükrü var, hər nemətin şükrü öz cinsindəndir: Qurani-Kərimin şükrü Onu oxumaq, anlamaq, dəyərlərini həyatına daşımaq (Onun buyurduğu kimi yaşamaq), öyrətməkdir, tövhid (Allahdan başqa ilah yoxdur) nemətinin şükrü şirkə bulaşmamaqdır, təqvanın şükrü pisliklərdən qorunmaqdır, duanın şükrü ancaq Allahdan istəməkdir.
Şükür ibadətdir, nemətlərin sahibinin Allah olduğunu bilməkdir, hər nemətdən ilahi təyinatına uyğun istifadə etməkdir. Məsələn, zaman nemətdir, onu xeyirli işlərə sərf etmək şükür, israf etmək nankorluqdur, hakimiyyət nemətdir, ədaləti təmin edirsə, xalqa xidmət göstərirsə, şükrünü yerinə yetirir, zülm edirsə, xalqı əzərək köləliyə məcbur etmək vasitəsi olursa, nankorluq, haram alətinə çevrilir, sosial media nemətdir, ondan xeyri çoxaltmaq üçün istifadə etmək savab və şükür, onu dedi-qodu, qeybət, iftira, yalan, söyüş, özünü bəyəndirmə vasitəsinə çevirmək nankorluq, günah, haramdır.
“ŞÜKÜR ET” bir ilahi əmrdir, Allah buyurur ki, insan bunlara görə şükür etməlidir:
- Allah insan oğluna eşitmə, görmə, düşünmə qabiliyyəti verdiyi üçün; (Nəhl, 16/78; Səcdə, 32/9)
- Allah insan oğluna rəhbərlik etdiyi, yol göstərdiyi üçün; (Bəqərə, 2/185)
- O, həqiqəti ayələrlə (ayələri bir-birinə bağlayaraq) açıqladığı üçün; (Əraf, 7/58)
- Elçilərin qissələrini bizə ibrət və örnək olsun deyə, nəql etdiyi üçün; (İbrahim, 14/5)
- gecəni və gündüzü bir-birinin qarşılığı olaraq yaratdığı üçün; (Furkan, 25/62)
- göydən suyu acı deyil, dadlı olaraq endirdiyi üçün; (Vaqiə, 56/70)
- heyvanları insan oğlunun əmrinə verdiyi üçün; (Həcc, 22/36; Yasin, 36/71-73)
- dənizi insan oğlunun əmrinə verdiyi üçün; (Nəhl, 16/14; Rum, 30/46)
- bitki məhsulları ilə ruzi verdiyi üçün; (İbrahim, 14/37)
- halal ruzilər yaratdığı, onları insana göndərdiyi üçün; (Nəhl, 16/144)
- insana ruzi axtarmaq arzusu, həvəsi (iştiyaqı) verdiyi üçün; (Ənkəbut, 29/17)
- Onun yaratdığı ruziləri bildiyimiz üçün; (Səbə, 34/15)
- neməti qulunun üzərində göstərmək, tamamlamaq üçün; (Maidə, 5/6)
- Bədir savaşında zəfərlə dəstəklədiyi, saysız nemətlər verdiyi üçün; (Ənfal, 7/26)
RAMAZAN Qurani-Kərim ayıdır, Allahın bu mübarək ayda Qurani-Kərimi nazil etməyə başlamasına oruc tutaraq şükür edirik, mədəmizi ac saxlayır, ağıl, vicdan, qəlb, ruh və iradəmizi bir adı da ilahi Ruzi olan Qurani-Kərimlə doyururuq, Onunla yenidən inşa olur, yenidən doğulur, tövhidə, ədalətə, fitrətə, barışa, qardaşlığa, birliyə, sevgiyə, mərhəmətə yönəlirik.
RAMAZAN maddi aclıq, mənəvi doyum ayıdır. Elə buna görə də Qurani-Kərimin şükrünü bir ay mədəmizi ac saxlayaraq gerçəkləşdiririk, deyirik ki, önəmli olan maddi deyil, mənəvi yönümüzdür, ağıl gerçək qidası olan elmlə, qəlb gerçək qidası olan imanla, vicdan gerçək qidası olan mərhəmətlə doymasa, insan öz fitri missiyasını yerinə yetirə bilməz.
Ardı var...

Paralel.az

0.021083831787109