Anar Quliyevlə Namiq Hümmətov Abutalıbova “rəhmət oxudur”

Anar Quliyevlə Namiq Hümmətov Abutalıbova “rəhmət oxudur”
 




Bakını 20 il qarış-qarış satan keçmiş mer Hacıbala Abutalıbova indi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “rəhmət oxutmaqdadır”. H.Abutalıbov bəzi hallarda paytaxtın abadlığı, nizam-intizamı, tikinti normativləri üçün müəyyən addımlar atırdısa, hazırda komitə şəhəri tamamilə bərbad vəziyyətə salmaqdadır.
Paralel.az reportyor.info-ya istinadla bildirir ki, komitənin sədri Anar Quliyevlə onun 1-ci müavini Namiq Hümmətov Bakıda eninə-uzununa bütün tikinti normativlərinin kobud şəkildə pozulmasına şərait yaradırlar.
Prezident İlham Əliyev bir neçə dəfə qanunsuz tikintilər haqda sərt danışıb, şəhərin arxitekturasına kobud müdaxilə ilə bağlı xəbərdarlıq edib. Lakin görünən budur ki, komitə sədri Anar Quliyev və müavini Namiq Hümmətov bu tapşırıqları qulaqardı edərək öz işlərindədir. Artıq Bakı rayonlarının icra başçıları və meriya bu prosesdə az qala səlahiyyətsiz qurumlara çevriliblər, çünki bütün tikinti məsələlərinə Şəhərsalma Komitəsi nəzarət edir, sərəncam verir. Bu komitəni Şəhərsalma deyil, şəhərdağıtma kimi təqdim etmək daha məntiqli görünərdi. Buna dair çoxsaylı faktlar göstərmək olar. Sadəcə, bir sübut təqdim etməklə ümumi mənzərəni diqqətə çatdırmaq istəyirik.
Belə ki, şəhərin Badamdar şosesi 140 ünvanında heç bir tikinti normativlərinə əməl olunmayıb. Obyekt neft quyusu üstündə tikilib və şəhərsalma dərhal bu məsələni əsas götürərək icazə verməməli idi. İkincisi, tikili qonşu divara tam bitişikdir. Bunu da komitə sədri Anar Quliyevlə müavini Namiq Hümmətov görməzdən gəlib. Qurumda bütün tikintilərlə bağlı rəsmi, eləcə də qeyri-rəsmi məsələləri rəhbər postda olan bu iki şəxs həll edir.
Badamdarda yerləşən tikintiyə gəlincə, nə neft quyusu üstündə olması, nə qonşu divara bitişik tikilməsi nəzərə alınıb. Beləliklə, bütün normativlər pozulub. Sözügedən ünvanda həmin obyekt qeyri-yaşayış tikilisidir. İnsanlar da şikayət edirlər ki, sabah orada kafe-çayxana açılacaq, səs-küydən, əcaib səslərdən, söyüşlərdən evlərində rahat otura bilməyəcəklər.
Görəsən, Şəhərsalma Komitəsi hara baxır? Ümumiyyətlə, tək bu deyil, Bakıda yüzlərlə belə tikili var və Komitə rəhbərliyi də şəhəri Abutalıbovdan betər günə salıb.
Paralel.az


0.017245769500732