Məmurlardan müsadirə olunan vəsaitlər hara gedir?
Bəlli olduğu kimi, son illər ərzində nazirdən tutmuş icra başçısına qədər bir çox məmur korrupsiyaya görə həbs edilib və onlar barəsində cinayət işləri aparılıb. Bu adamların sonsuz sayda olan sərvətləri, biznesləri, bank hesabları üzə çıxarılır, onlara aid mülklərin siyahısı dərc edilir. Paralel.az azpolitika.info-ya istinadla bu barədəki materialı təqdim edir.
Həbs edilən məmurların bu sərvətləri necə, hansı yolla topladığı əslində, heç kimə sirr deyil. Çünki hər şey onlara nəzarət etməli olan daha yuxarı instansiyalar və hüquq-mühafizə orqanları kimi, həm də insanların gözü qarşısında baş verib və hələ də baş verməkdədir. Bu sərvətlərin tərkibində təkcə büdcədən təmir-tikintidən tutmuş qələm-dəftərə qədər müxtəlif istiqamətlərə ayrılmış vəsaitlər yox, xeyli sayda kasıb-kusubun bir təhər dolanması, acından ölməməsi üçün nəzərdə tutulan pullar da var.
Neftçala Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevlə bağlı istintaq materiallarında qeyd edilib ki, o, işlədiyi müddət ərzində aztəminatlı işçilərin 152 600 manat pulunu ələ keçirib. Təbii ki, hələ bu, aztəminatlı camaatdan oğurlananın üzə çıxarılan hissəsidir. Digər icra başçılarının da əksəriyyəti eyni “qəhrəmanlıq”ları göstəriblər.
Kiçik sahibkarlardan hansısa mağaza, obyekt tikintisi üçün xırda torpaq sahələri ayırmaq üçün də rüşvət alınıb. Rayon təhsil şöbələri başçıların aylıqlarını çatdırmaq üçün müəllimlərdən pul toplayıb, rayonun “sahibinə” çatdırıblar. Həmçinin, sosial təminatı aşağı səviyyədə olanlar, hətta qazi və şəhid ailələri belə onlar üçün qanunla nəzərdə tutulan mənzillər üçün başçılara rüşvət veriblər. Ya zəlzələdən, ya vəlvələrdən, cinayətləri üzə çıxarılan və həbsə atılan məmurların böyük qisminin oğurladıqları varidatda büdcədən aztəminatlı ailələrə ayrılan, yaxud digər yollarla kasıb-kusubdan qoparılan vəsaitlərin özünəməxsus payı var. Bunu başçılar özləri də açıq şəkildə etiraf edirlər. Belə olan halda, sual yaranır ki, bəs, bu pulları həmin insanlara, yəni aztəminatlı ailələrə qaytarmaq barədə düşünən, bunun mexanizmini hazırlayan varmı?
Məmurların mənzillərindən milyonlarla dollarla pul çıxması, obyektlərinin, mülklərinin, bank hesablarının həbs edilməsilə bağlı rəsmi məlumatlar yayılıb. Eləcə də həmin şəxslərin dövlətə vurduqları ziyanın qismən, yaxud bütövlükdə ödənildiyinə dair xəbərlər verilir.
Hüquqşünaslar bu vəsaitlərin dövlətə, yəni büdcəyə qaytarılmalı olduğunu qeyd edirlər. Lakin heç kim faktiki olaraq aztəminatlı ailələrə çatmalı olan, lakin mənimsənilən vəsaitlərin həmin ailələrə qaytarılmasına, yaxud 20 kvadrat torpağa 5-10 min manat ödəyən sahibkara vurulmuş ziyanın ödənməsinə dair heç nə demir. Cinayətkarın həbs edilərək cəzalandırılması, əlindəkilərin müsadirə edilməsi ilə iş bitmir. Ədalətin bərpası yarımçıq ola bilməz.
Amma bizdə bir çox məsələlər kimi, ədalətin bərpası da yarımçıqdır. Belə olmasaydı, məmurlardan müsadirə olunan vəsaitlərdən birinci növbədə aztəminatlı vətəndaşlara çatmalı olan hissə hansısa formada onlara çatdırılardı.
Əgər həmin pullar sadəcə büdcəyə qaytarılırsa, o zaman onların yenidən artıq bir dəfə haqqı oğurlanan aztəminatlı ailəyə çatdırılması ehtimalı olduqca aşağıdır. Çünki bu dəfə də o pullar başqa bir məmurun, icra başçısının və s. əlinə düşəcək, sadəcə, yenidən “dövriyyəyə buraxılacaq”.
O zaman, sözügedən istiqamətdə aztəminatlı ailələrdən oğurlananların onlara qaytarılmasının daha aydın və təcili bir mexanizmi hazırlanmalıdır.
Paralel.az