Deputatın obyekti xalqa qənim kəsilib
Bölgələrdə yaşayan insanların problemləri kifayət qədərdir. Bu problemlər həll edilmədikcə, onların sayı daha da artır. Paralel.az gundem.mediaya istinadla əkin və digər işlərdə yaranan problemdən xəbər verir.
Bu barədə vaxtaşırı Meydan TV-yə Lənkəranın və Lerikin müxtəlif kəndlərindən çaydibi qazıntıların yaratdığı problemlərlə bağlı şikayətlər daxil olur. Bir müddət əvvəl Lənkəranın Təngivan, Lerikin Piran ərazisinin Qışlaq kəndindən olan sakinlər Lənkərançayın və qollarının qazılması səbəbindən heyvandarlıq və əkinçiliklə, bağçılıqla məşğul ola bilmədiklərini deyiblər. Bu dəfə eyni problemlər Lənkəranın Şovu kəndinin sakinlərini çtin vəziyyətdə qoyub.
Kəndlilər tez-tez qazıntı yerlərində və “karxana” dedikləri qum-çınqıl zavodunun ətrafında toplaşaraq etirazlarını bildirirlər. Kənd sakini Qabil Məmmədov deyir ki, yaşayış evlərinin yaxınlığında yerləşən zavod həm insanların səhhətinə, həm kənd təsərrüfatına, həm də yollara zərər vurub:
“Deputat İqbal Məmmədovun bu karxanası həyatımızı alt-üst edib. Karxana 2011-ci ildən işləyir. Evlərimizin lap yaxınlığıdır, onun səs-küyündən, tozanağından evdə oturmaq mümkün deyil. Hara müraciət etmişiksə, bizə deyiblər ki, karxananın fəaliyyəti qanunsuzdur. Amma 10 ildən çoxdur ki, “qanunsuzdur” dedikləri bu boyda karxananın qarşısını alan yoxdur. Uşaqlar tozanaqdan məktəbə gedib-gələ, səs-küydən dərs oxuya bilmir. Yata, istirahət edə bilmirik. Bunun xəstəsi olanı var, körpəsi olanı var…”.
Kənd sakini Ziyafət Əliyev deyir ki, əsas məşğuliyyəti və qazanc yeri əkinçilik, heyvandarlıq olan kəndli qum-çınqıl, qazıntı səbəbindən hər şeydən uzaq düşüb: “Göz görə-görə xalqın təbii sərvətini talayırlar, baxın, çayı nə günə qoyublar. Hər yeri qazıblar, heyvanları örüş yerinə apara bilmirik. Ağacları kökündən çıxarıb torpaqları dərinliyədək qazırlar. 10-15 gündən sonra bağları suvarmalıyıq, bu qum-çınqıl üzündən suyumuz kəsilib. Meyvə bağlarımız susuzluqdan yanır. Bizimsə dolanışığımız meyvəçilikdən, əkindən çıxır. Əkin sahələrimizi də qazıb töküblər, qrunt sularıyla dolub. Bir sözlə, burada yaşamaq üçün hər şeyi bərbad ediblər. Ya zavodun fəaliyyətini dayandırsınlar, qazıntıları saxlasınlar, ya da bizi başqa yerə köçürsünlər”.
Qeyd edək ki, Lənkərançay Lerik və Lənkəran rayonları ərazisindən axır. Onun mənbəyi Talış silsiləsinin cənub-şərq hissəsindən başlayır. Çayətrafı kəndlərdəki əkin sahələrinin suvarma suyu əvvəllər bu çaydan götürülürdü. Ancaq “Kaspian Yıldız” şirkətinin illərdir ki, çayın yatağında çınqıla görə qazıntı işləri aparması kəndliləri çaydan uzaq salıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Kaspi Yıldız” MMC-ni qanunsuz qum-çınqıl hasilatına və ekologiyanı çirkləndirdiyinə görə dəfələrlə məhkəməyə verib. Məhkəmə MMC-ni bir neçə dəfə cərimələsə də, şirkət öz fəaliyyətindədir.
“Kaspi Yıldız” MMC Lerikin 78 saylı dairəsindən deputat seçilmiş İqbal Məmmədova məxsusdur. O bu şirkəti 1996-cı ildə təsis edib. “Kapitalbank” həm ona, həm qardaşı Çingiz Məmmədova, həm də şirkətə qarşı məhkəmə iddiası qaldırmışdı. Şirkətin dövlət büdcəsinə də 9 milyon manat civarında vergi borcu var.
İqbal Məmmədovun Lerikdə fəaliyyət göstərən iri quşçuluq təsərrüfatı da var. Hansı ki, çayı çirkləndirən səbəblərdən biri də həmin təsərrüfatda quş kəsimləri zamanı tullantıların çaya buraxılması idi. Piran kəndinin sakinlərinin uzunmüddətli şikayətlərindən sonra təsərrüfatdakı quş kəsimi sexləri bağlanıb.
Paralel.az