Xalq və hakimiyyət
Siyasi təhlil
Xalq hakimiyyəti yaradır, ya hakimiyyət xalqı?! Düşünürəm ki, maraqlı və möhtəşəm sualdır. Fəlsəfə üçün " Materiya ruhu yaradıb, ya ruh mayeriyanı?!", təbiət üçün " Toyuq əvvəl yaranıb, ya yumurta" məsələləri nə qədər əhəmiyyətlidirsə, cəmiyyət üçün də bu məsələ o qədər qiymətlidir. Hətta o qədər qiymətlidir ki, cəmiyyətdə ziyalı deyəndə, xalq – hakimiyyət qarşıdurmasında xalqın tərəfində olan intelektuallar, yəni işıqlı adamlar başa düşülür.
Qədim dövrün məşhur filosofları və sosioloqları hələ orta əsrlərdə deyirdilər ki, hər hakimiyyət öz xalqına layiqdir, xalq necədirsə, hakimiyyət də elədir, yəni, hakimiyyət xalqın yetirməsidir. Deməli, xalq nə qədər inkişaf edibsə, irəli gedibsə, ya geri qalıbsa, yerində sayıbsa, onun hakimiyyəti də elədir, həmin səviyyəlidir. Amma kiçik bir məntiqi təhlil aparsaq, görərik ki, bu tezis adi tənqidə belə davam gətirmir.
Götürək, yaxın keçmişin Qərbi və Şərqi Almaniyasını. Faktiki olaraq, xalq eyni xalq idi, amma hskimiyyətlər müxtəlif idi. Qərbdə demokratik, Şərqdə isə avtokratik rejimlər hakimiyyətdə idi. Nəticəsi necə oldu, eyni xalq eyni hakimiyyəti yaratdımı?! Əksinə hər hakimiyyət öz xalqını, hətta öz ölkəsini yaratdı. Sovetlər İttifaqı yıxılmasaydı, Qərbi və Şərqi Almaniya yəqin hələ də qalırdı. Şimali və Cənubi Koreya nümunəsi də göz qabağındadır. Xalq eyni xalqdır, amma hakimiyyətlər başqadır, hər hakimiyyət də öz xalqını yaratmışdır, Cənub azadlıq, Şimal isə qullar dünyasıdır.
Qeyd etmək lazımdır ki, məşhur filosoflar – fransız Şarl Monteskyu (XVIII əsr) və ingilis Herbert Spenser (XIX əsr) xalq - hakimiyyət məsələsinə hələ yüz illər əvvəl aydınlıq gətirmişdilər. Monteskyu “Qanunların ruhu haqqında“ əsərində hakimiyyətin bir əldə və uzun müddətdə cəmlənməsinin çox təhlükəli olduğunu əsaslandırmış və bunun qarşısını almaq üçün hüquqi dövlət (hamının qanun qarşısında bərabər olması) və hakimiyyətin 3 (icra, qanunvericilik və məhkəmə) yerə bölünməsi nəzəriyyəsini hazırlamışdı. Monteskyu bu halda monarxiyanın da qanuna xidmət edəcəyini vurğulamışdı. Monarxiyanı isə, məlum olduğu kimi, xalq yaratmır, monarxiya öz xalqını yaradır və idarə edir.
Spenser " Xalq hakimiyyətə qarşı" əsərində sübut etdi ki, hər hansı dövlətin inkişafı hakimiyyətin imtiyazlarının daralması və xalqın imkanlarının genişlənməsi istiqamətində gedir. Bu, faktiki olaraq, sonsuz bir prosesdir. Son nəticədə, hakimiyyətin imtiyazları nə qədər az, xalqın imkanları nə qədər çoxdursa, həmin dövlət də bir o qədər inkişaf etmiş dövlətdir. Doğrudur, bu prosesin hərəkətverici qüvvəsi xalqdır, amma onu hakimiyyət idarə edir. Hakimiyyət bu prosesi istədiyi kimi ləngidə və sürətləndirə, hətta idtiqamətini dəyişə, irəli və geri çəkə bilər. Deməli, xalqı da istədiyi istiqamətdə apara, istədiyi kimi formalaşdıra bilər.
Düşünürəm ki, xalq - hakimiyyət münasibətləri, təxminən, tarix - şəxsiyyət münasibətləri kimidir. Dahi alman filosofu Heygelin (XIX əsr) "Dialektika" nəzəriyyəsinə görə, cəmiyyətin inkişafı aşağıdan yuxarı, sadədən mürəkkəbə doğru yüksələn sonsuz bir proseddir. Bu prosesdə problemlər yarananda, tarix şəxsiyyəti yaradır və lazım olduğu məqamda xilaskar kimi ortaya atır. Şəxsiyyət də problemləri həll edir və cəmiyyət irəli gedir. Vallah, bu, bir az nağılı xatırladır... Obrazlı desək, sanki qumarda bütün var-yoxunu uduzmuş adam sonda mütləq 3 tuz çıxarır və oyunu aparır. Tarixdə belə şeylər olubmu, olurmu?!
Yaxşı, onda hanı Atillanın "qamçısı", İskəndərin “buynuz”u, Romanın imperiyası, Çingizxanın dünyası, bəs niyə inkişaf etmədi?! Bu şəxsiyyətləri sonu onların imperiyalarının da sonu oldu. Axı, tarix şəxsiyyəti yaratsaydı, bu imperiyalar çökəndə də yaradardı, ortaya atardı, yüksələn inkişafın qırılmasına imkan tanımazdı. İnkişaf isə qırıldı, monqollar Çingizxanın dövründə qaldı, Atillanın və Romanın davamçıları isə bizim əsrə qədər gəlib çatdı...
Düşünürəm ki, " Dialektika" məsələsinə də məşhur alman filosofu Fridrix Nitşe (XIX əsr) aydınlıq gətirdi. Nitşe özünün “Fövqəl-insan" nəzəriyyəsi ilə sübut etdi ki, tarix zərurət olaraq, şəxsiyyət yaratmır, əksinə, təsadüfən yaranmış fövqəl-insanlar tarixi yaradır... Atilla kimi, İskəndər kimi, Çingizxan kimi... Bu şəxsiyyətlər olmasaydı, xalqların tarixi də olmazdı. Odur ki, tarixdə şəxsiyyətlər, liderlər qalır. Çünki şəxsiyyətlər xalqları arxasınca aparır, faktiki olaraq, öz xalqını yaradır, tarixini yazır. Məsələn, Vladimir Putin Rusiyada hakimiyyətə olduğu 20 ildə elə bir xalq yaradıb ki, çörəyini kəssən də, övladlarını qırğına versən də, səsi çıxmır...
Bəli, xalqın tarixə qalib, ya məğlub kimi düşməsi, hətta birdəfəlik tarixin səhnəsindən silinməsi şəxsiyyətin, liderin siyasətindən, hakimiyyətindən asılıdır. Məsələn, Atatürk olmasaydı, Türkiyə Cumhuriyyəti, Heydər Əliyev olmasaydı, Azərbaycan Respublikası olardımı, tarixdə qalardımı?! Düşünürəm ki, şərhə ehtiyac yoxdur, yenə həmin nəticəyə gəlirik: Xalq hakimiyyəti yaratmır, hakimiyyət xalqı yaradır...
Qalib ARİF