Ramazan orucu Allahın tərbiyə proqramıdır - XVII yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XVII yazı
 

Siracəddin Hacı:

a) Qurani-Kərim insanlığa rəhbərdir – hidayətdir
ALLAH Qurani-Kərimin bir qrupa, bir irqə, bir ümmətə deyil, bütün insanlığa hidayət rəhbəri olduğunu buyurur. İlahi kəlam doğru yolu, bu yolun ölçülərini açıqlayır, buyurur ki, hidayət Allahın əlindədir, ilk addımı insan atmalı, o, hidayəti istəməli, onun üçün çalışmalıdır, hidayət onu tələb edənə verilər.
“HİDAYƏT” sözü ərəbcədir, “h-d-ya” kökündəndir, eyni kökdən olan sözlər Qurani-Kərimdə üç yüz on altı kərə işlədilmişdir, bu anlamları var:
a) “yol göstərmək”
“Bizə doğru yolu göstər” / “Bizi doğru yola yönəlt” (Fatihə, 1/6).
b) “yönəltmək”
“Onlara cəhənnəmin yolunu göstərin” (Saffat, 37/23).
c) “səbəb olmaq”
“... Kim onu (Şeytanı) yoldaş seçərsə, bilsin ki, (Şeytan) onu azdıracaq və alovlu atəşin əzabına sürükləyəcək” (Həcc, 22/4).
ç) “fitrət qazandırmaq”
“(Musa) da bizim Rəbbimiz hər şeyə yaradılışını verən (hər şeyi yaradan), sonra da (yaratdıqlarına yaradılışına uyğun yolu göstərəndir dedi)” (Taha, 20/50).
d) “yol tapmaq”
“O daha necə əlamətlər yaratdı. Onlar ulduzlarla da (hansı yoldan gedəcəklərini) taparlar” (Nəhl, 16/16).
e) “doğrunu tapmaq”
“Onun taxtını tanımayacağı bir hala gətirin, görək tanıyacaqmı, yoxsa tanımayanlar arasındamı olacaq” (Nəml, 27/41).
ə) “qurban”
“Həcc və ümrəni Allah üçün tam yerinə yetirin. Əgər (bunları) yerinə yetirmək imkanı verməsələr, (sizin üçün) asan olan qurbanı kəsin (göndərin)” (Bəqərə, 2/196).
f) “hədiyyə”
“(Səba məlikəsi Belkıs): “Mən (indi) onlara bir hədiyyə ilə elçi göndərim, baxaq elçilər (hansı nəticə) ilə dönəcəklər”, - cavabını vermişdi” (Nəml, 27/35).
Ayədəki “müttəqilər üçün hidayətdir” (“hudən lil-muttəqin”) ifadəsini hidayətə qovuşanlar üçün təqva qaynağıdır kimi anlamamalıyıq: “... İfadədə hidayət təqvanın deyil, təqva hidayətin alt yapısı (əsası, bünövrəsi) olaraq təqdim edilir, yəni təqva hidayətin səbəbi, hidayət təqvanın nəticəsidir... Hidayətdən öncəki təqva “məsuliyyət əxlaqı”dır. “Məsuliyyətli davranış” anlamına gələn saleh əməl də məhz belə bir əxlaqdan doğular”.
BEYDAVİ yazır ki, Qurani-Kərim hidayəti müttəqilərə (təqva sahiblərinə) xas qılmışdır (aid etmişdir). Bunun səbəbi var: təqva sahibləri bu rəhbərlikdən istifadə etmiş, Allahın ayələrindən yararlanmışlar. Əslində, Qurani-Kərimin yol göstərməsi insanların hamısına aiddir: “O, insanlara bir rəhbərdir” (Bəqərə, 2/185). Quran hidayətindən özəlliklə təqva əhlinin istifadə etməsi bunu da göstərir: “Ondan ağlından doğru istifadə edənlər, düşünənlər faydalana bilər, çünki Quran sağlamlığı qorumaq üçün zəruri olan faydalı qida kimidir. Bədən sağlam deyilsə, o faydalı qidalar işə yaramaz...” (Beydavi tefsiri, c.I, s. 35-36)
“HÜDA” / “HİDAYƏT” yol göstərmək, doğru yola yönəltmək, maarifləndirmək, uca Allahın razı olduğu həyat tərzində, iman, ibadət, əxlaq yolunda ilahi rəhbərlik etməkdir. İlahi kitablar müttəqilərə (təqvalı olanlara) doğru yolu göstərmək üçün nazil edildi, bu kitablar qorunanlara ilahi rəhbərlikdir. Hüda/hidayət açıq olan, doğru yolu tapan, göstərən dəlildir. Elə bir dəlildir ki, insanı doğru yola qovuşdurur. Əl-Hüda insanı arzuladığı məqsədə qovuşdurar, o, nurdur, qaranlıqları yox edər, o, bələdçidir, insanı azmaqdan qoruyar.
Ardı var...

Paralel.az

0.17135214805603