Ramazan orucu Allahın tərbiyə proqramıdır - XVI yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XVI yazı
 

Siracəddin Hacı:

ALLAH bir neçəsini saydığımız tərbiyə ölçülərinə uyğun olaraq öncə oruc ibadətini fərz qaldı (“yazdı”), sayılı günlər buyurdu – sınırı göstərdi, öncəki ümmətləri yada saldı, orucun önəmini, dəyərini açıqladı, izinli olanları saydı, orucun hikmətinin təqva ilə bağlı olduğunu vurğuladı, müjdə verdi, psixoloji hazırlığı tamamladı, sonra incəlikləri təqdim etdi.

RAMAZAN Qurani-Kərimin doğum ayıdır, vəhyin nazil olmağa başladığı qədir / qiymət / dəyər gecəsinin min aydan (səksən üç il – bir insan ömrü) daha xeyirli olmasının, Ramazana ayların soltanı deyilməsinin (bu, Qurana aid ifadə deyil) səbəbi də Qurani-Kərimdir.

Qurani-Kərimin bir Ramazan gecəsi nazil olmağa başlaması da təsadüf deyil –Allahın təsadüf adlı qanunu yoxdur. O, zaman dilimi olaraq məhz gecəni seçmiş, bu mesajı vermişdir: Qurani-Kərim insanları qaranlıqlardan (bu söz cəmdədir, belə ki, yanlış cavablar saysız-hesabsızdır) aydınlığa (bu söz təkdədir, belə ki, doğru cavab birdir, həqiqətin qaynağı təkdir – Allahdır, sənə görə, mənə görə həqiqət olmaz, olsa, milyonlarla həqiqət ortaya çıxar, yəni ölçü olmaz, ölçü yoxdursa, əxlaq da yoxdur, əxlaq yoxdursa, sağlam həyat imkansızdır) çıxarmaq üçün nazil edildi. Ey insan, Qurani-Kərim nazil olmağa başladığı gecəni nura çevirdi, gecəni min aydan daha xeyirli etdi, sən bu KİTABA iman etsən, cəhalətin qaranlıqlarından qurtular, nura – elmə, hidayətə qovuşar, dəyər qazanarsan...

“... Ramazana hörmət Qurana hörmətdir, Qurana hörmət Allaha hörmətdir. Ramazana hörmətin ölçüsü isə onu oruclu keçirməkdir. Belə ki, o (Ramazan) insanlığa rəhbər olan, haqqı batildən ayıran vəhyi əlindən tutaraq insanlığa təqdim etmişdir. Ramazan dəyərini Quran ayı olmasından alır”.                

2) “... İnsanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aşkar dəlillərini (bəlgələrini) daşıyan və haqqı batildən ayıran Quran bax (məhz) bu ayda endirilmişdir”

ALLAH Ramazan ayının niyə bu dərəcədə önəmli olduğunu açıqlayır. Qurani-Kərim Məkkədə, Nur dağında, Hira mağarasında (“hira” sözü arayış mənasını daşıyır, Allah Rəsulu o mağaraya gedər, özü ilə baş-başa qalar, mən kiməm, məni kim yaratdı, niyə yaratdı, bu dünyada niyə varam, haradan gəlib haraya gedirəm suallarına cavab axtarar, iç dünyasına yolçuluğa çıxar, özünü kəşf etməyə, Allahı, insanı, varlığı, həyatı, ölümü anlamağa çalışardı. O, Elçi seçilməzdən öncə Hira məktəbində, sorğu-sual, düşüncə, arayış məktəbində oxudu), son Elçiyə - aləmlərə rəhmət olaraq göndərilmiş hz.Məhəmmədə, altı yüz onuncu ilin Ramazan ayının bir gecəsində (Qurani-Kərim nazil olanadək o gecə Qədir gecəsi adlanmırdı, sıradan bir gecə idi, o gecənin adını Allah qoydu - QƏDİR, QİYMƏT, DƏYƏR gecəsi) vəhy mələyi Cəbrail vasitəsi ilə ilk ayələri nazil edildi. O gecə bu mübarək adı ona görə aldı, bu adla ona şərəfləndi ki, Qurani-Kərim o gecə enməyə başladı, Qurani-Kərim nazil olduğu gecənin mahiyyətini, anlamını dəyişdirdi, ona yeni dəyər yüklədi, yeni status verdi, sıradan bir gecə olmaqdan xilas etdi. Mesaj budur: ey insan, Qurani-Kərim sənə nazil olsa, Onu anlasan, dəyərlərini həyatına daşısan, yenidən doğulacaqsan, bu mübarək KİTAB sənə anlam, məna, dəyər yükləyəcək...

Qurani-Kərimin nüzulu (endirilməsi) Məkkə və Mədinə dönəmi olmaqla iyirmi üç il davam etdi. Belə bir görüş var, bu görüş də İbn Abbasa aiddir, deyir ki, Qurani-Kərim Ramazan ayında, Qədir gecəsində tam biçimdə lövhi-məhfuzdan dünya səmasına, daha sonra da hissə-hissə Allah Rəsuluna endirilmişdir. Bu görüşün Qurani-Kərimə bağlı heç bir dəlili yoxdur. Qurani-Kərimin tamamı Ramazan ayında enmədi, ilk ayələri bu ayda nazil olmağa başladı.

ALLAH ayədə buyurur ki, Ramazan Qurani-Kərim ayıdır, Quransız Ramazan olmaz, Quran bu ayın ruhudur. Bu ayda Qurani-Kərimi anlamağa yönəlin, siz Onu anlasanız, O sizin ağlınızı, qəlbinizi, vicdanınızı, iradənizi, bütövlükdə həyatınızı yenidən inşa edəcək.

AYƏ Qurani-Kərimin üç özəlliyini önə çıxarır: a) insanlığa rəhbərdir – hidayətdir; b) bu hidayətin açıq-aşkar dəlillərini daşıyır; c) haqqı batildən ayırır;

Ardı var...

Paralel.az

 

 

0.025446891784668