Ədliyyə məmurundan özbaşınalıq

Ədliyyə məmurundan özbaşınalıq
 



Haqqı tapdalanan insanlar zaman-zaman öz səsini ucaltsa da, məmur özbaşınalığının səbəbindən problemlərin sayı azalmır. Belə problemdən əziyyət çəkən, silsilə fırıldağa tuş gələnlərdən biri də Sakin Ağayevdir.
Paralel.az rubrika.az-a istinadla bu barədə materialı təqdim edir.
Zərərçəkmişin dediyinə görə, qarşı tərəfin,yəni Fikrət İbrahimovun Ədliyyə Nazirliyində olan əlaqələri bütün Azərbaycan qanunlarından, məhkəmə sistemindən, beynəlxalq müqavilələrdən üstündür. Necə deyərlər, “kəndxudanı gör, kəndi çap” prinsipi reallığa çevrilir.
Qanunların aliliyinin hər kəs üçün bərabər səviyyədə təmin edilməsi dövlətin təməl ədalət prinsiplərindən biridir. Məhkəmələrin , hüquq-mühafizə orqanlarının əsas vəzifəsi vətəndaşların hüquqlarının təmin olunmasına yardımçı olmaqdır.Bəhs etdiyimiz bu məsələdə isə qanunların aliliyini qorumalı olan qurumlar özləri onu pozurlar.
Hazırda cinayətkar qismində Qazaxıstan Respublikasında axtarışda olan Fikrət Vəli oğlu İbrahimovun əməlləri, onun Pirallahı Rayon Məhkəməsinin üzdəniraq hakimi Əkrəm Sabir oğlu Qəhrəmanov ilə cinayət tərkibli əlaqələr quraraq vətəndaş Sakin Ağayev və ailə üzvülərinə qarşı saxta məhkəmə qətnaməsi çıxartdırması, ədliyyə və məhkəmə qurumlarındakı havadarlarının vasitəsi ilə həmin saxta və ölkə adına ləkə olan qətnaməni yuxarı məhkəmə instansiyalarında da öz qüvvəsində saxlatması, həmin qətnamənin həm Qazaxıstanda, həm də paralel olaraq Azərbaycanda icraya yönəldilməsi, bu biabırçı məhkəmə aktının saxta olunmasına baxmayaraq Azərbaycan Respublikası adından verildiyi üçün Qazaxıstan Respublikası məhkəmə orqanları tərəfindən Beynəlxalq Konvensiya qanunlarına uyğun olaraq heç bir təftiş aparılmadan tanınaraq icraya yönəldilməsi və 03.03.2020-ci il tarixdə Qazaxıstanda icra məmurunun qərarı ilə əvəzləşdirmə yolu ilə tam icra olunması, məhkəmə qətnaməsinin Qazaxıstanda icra olunması barədə məlumatı Pirallahı Rayon Məhkəməsinə təqdim edilməsi üçün Qazaxıstanın Manqistau İnzibati Məhkəməsi tərəfindən rəsmi olaraq Azərbaycan Ədliyyə Nazirliyinə göndərilməsi və bununla bağlı Azərbaycanda eyni qətnamə ilə icra işinə xitam verilməsi üçün AR Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsi tərəfindən Yasamal Rayon İcra və Probasiya şöbəsinə məktub göndərilməsi, lakin bütün bunlara baxmayaraq Yasamal Rayon İcra və Probasiya şöbəsi və Sumqayıt şəhəri üzrə İcra idarəsi F.İbrahimov və onun havadarlarının çirkin maraqları naminə icrası başa çatmış icra işinə qanunsuz olaraq xitam verməmələri barədə qabaqki yazılarmızda oxucularmızı məlumatlandırmışdıq.

Fikrət İbrahimov törətdiyi cinayətlərə görə cəzalanmalı olduğu halda, faktiki heç bir günahı olmayan Sakin Ağayev və ailə üzvlərinə artıq 4 ildir ki, zülm edilir, ölkədən çıxışlarına məhdudiyyətlər qoyulur. Bu qanunsuzluqlar dəfələrlə mediada işıqlandırılıb, mətbuat konfransları keçirilib, ölkə rəhbərliyinə müraciətlər olunub. Prezident yanındakı İşçi Qrupunda olan 11 nəfər tanınmış hüquq müdafiəçisi bu qanunsuzluqlarla bağlı dövlət rəhbərliyinə müraciət ünvanlayıb, Fikrət İbrahimovun dələduz olduğunu, çıxarılan qərarların ədalətsiz və qanunsuz olduğunu bildiriblər.
Sanki ölkənin bütün məhkəmə, ədliyyə və hüquq-mühafizə qurumları bir cinayətkar və ona havadarlıq edən dövlət məmurunun əlində əsir-yesir qalıb. Nə ölkə, nə də Beynəlxalq Konvensiya qanunlarına məhəl qoyulur, ölkənin beynəlxalq aləmdəki imici axtarışda olan bir cinayətkarın, oğrunun çirkin maraqlarına qurban verilir. Neçə-neçə dövlət məmuru tərəfindən qanunlar açıq-aşkar və kobudcasına pozulur. Sanki bu dövlət məmurları öz işlərini qanunlarla, vəzifə təlimatları ilə deyil, Ədliyyə Nazirliyinin bir məmurunun göstərişləri ilə tənzimləyir və bir cinayətkarın qanunsuz maraqlarına görə heç bir günahı olmayan ailə üzvlərinə bilərəkdən zülm edirlər. Artıq 4 ildir ki, bu qanunsuzluqlara və zülmlərə məruz qalan ailənin səsini eşidən yoxdur, onların butün müraciətləri cavabsız buraxılır.
Axı kimdir Fikrət İbrahimov? Əgər o cinayətkar qismində axtarışdadırsa, niyə bizim dövlət qurumları ona havadarlıq edir? Yox, əgər belə deyilsə, niyə zərərçəkənlərin qanuni müraciətləri cavablandırılmir? Niyə çoxsaylı müraciyətlərə baxmayaraq icra qurumlarının hərəkətsizlikləri və açıq-aşkar qanun pozuntularının qarşısı yuxarı dövlət qurumları tərəfindən alınmır, bütün bu haqsızlıqlara göz yumulur?
Əgər müafiq dövlət qurumlarının bu qanunsuzluqlardan xəbərləri yoxdursa, biz bir daha onları xatırladaraq biabırçı qanun pozuntularının aradan qaldırılmasını tələb edirik.

1. Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli 2(094)-396/2018 saylı qətnaməsi saxta olsa da 03.03.2020-ci il tarixdə Qazaxıstanda icra məmurunun qərarı ilə əvəzləşdirmə yolu ilə tam icra olunub və icra işinə xitam verilib. İcra işi F.İbrahimov tərəfindən mübahisələndirilsə də Qazaxstanın 3 məhkəmə instansiyasında icra tam qanuni şəkildə icra olunduğu təsdiqlənərək öz qüvvəsində saxlanılıb. Bundan əlavə, F.İbrahimovun dələduzluq əməllərinə dair cinayət işi açılıb və o, hazırda axtarışdadır.

2. Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli 2(094)-396/2018 saylı qətnaməsi artıq Qazaxıstanda icra olunduğuna görə Azərbaycanda paralel olaraq açılan icra işinə xitam verilməlidir. Lakin çoxsaylı müraciətlərə baxmayaraq Yasamal Rayon İcra və Probasiya şöbəsin rəisi Pərviz Zəkəriyəyev, icra məmuru İlqar Allahverdiyev və Sumqayıt şəhəri üzrə İcra idarəsinin rəisi Fuad Nəbiyev, icra məmuru Orxan Məmmədov artıq 2 ildən artıq vaxt keçməsinə baxmayaraq heç bir qanuni əsas olmadan icrası başa çatmış icra işinə xitam vermir. İcra məmurlarının öz hərəkətsizliklərini Qazaxıstanda icra olunmuş icra işinin Azərbaycanda tanınmaması ilə izah etmələri qanunsuzluqdur. Qazaxıstanda icra olunmuş icra işinin Azərbaycanda tanınmamasına heç bir lüzum yoxdur və buna dair hər hansı bir prosedur qayda da mövcud deyil. Bu fakt artıq bütün məhkəmə instansiyalarında öz təsdiqini tapsa da Yasamal Rayon İcra və Probasiya şöbəsi və Sumqayıt şəhəri üzrə İcra idarəsi öz hərəkətsizliklərini və bununla da qanunsuzluqlarını davam etdirirlər. Belə ki, bu qanunsuzluqlardan bəhrələnən F.İbrahimov daha irəli edərək yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edir və cavabdehlər Ağayev Sakin Abdulhüseyn oğlu və onun ailə üzvlərindən Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli 2(094)-396/2018 saylı qətnaməsi icra olunan tarixədək ödənilməsini gecikdirdiklərinə görə, gecikdirilmiş vaxt üçün illik beş faiz, habelə əldən çıxmış fayda qismində 100 000 ABŞ dollarının onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Bu, misilsiz həyasızlığın son həddi idi.
3. Yasamal Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(004)-41/2021 saylı qətnaməsi ilə Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli, 2(094)-396/2017 saylı qatnaməsi 03.03.2020-ci il tarixdə Qazaxıstan Respublikasının icra məmuru tərəfindən icra olunmasına və icra işinə xitam verilməsinə hüquqi qiymət verib. Həmin qətnamənin qismən təmin olunduğu hissəsindən Ağayev Sakin Abdulhüseyn oğlu apellyasiya şikayəti verib.
4. Bakı Apellyasiya Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2(103)-4948/2021 saylı qətnaməsi ilə Ağayev Sakin Abdulhüseyn oğlunun apellyasiya şikayəti təmin olunaraq Yasamal Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(004)-41/2021 saylı qətnaməsi ilə ləğv olunaraq İbrahimov Fikrət Vəli oğlunun iddiası rədd olunub. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin hüquqi dəyərləndirmə hissəsində məhkəmə hesab edib ki, Qazaxıstanda icra məmurunun 03.03.2020-ci il tarixli qərarına əsasən əvəzləşdirmə yolu ilə Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(094)-396/2017 saylı qətnaməsi mübahisəli olan 698 000 ABŞ dolları ilə bağlı tam icra olunub (19-cu bənd).
5. Həmin qətnamədən tələbkar İbrahimov Fikrət Vəli oğlu kassasiya şikayəti verib. Ali Məhkəmənin 21.12.2021-ci il tarixli qərarı ilə İbrahimov Fikrət Vəli oğlunun kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2(103)-4948/2021 saylı qətnaməsi qüvvəsində saxlanılıb. Ali Məhkəmə qərarının 27, 28-ci bəndlərində konkret olaraq göstərilib ki, hazırda borclar əvəzləşdirmə yolu ilə xitam verilib. Qazaxıstan Respublikası icra məmurunun 03.03.2020-ci il tarixli qərarının tanınmasına əslində heç bir zərurət yoxdur və həmin qərarın təkrar icrasından söhbət gedə bilməz. Həmin qərar mövcuddur və qeyd olunan qərarla tərəflər arasındakı borc əvəzləşdirilib. Göründüyü kimi, Azərbaycan Respublikasının bütün məhkəmə instansiyaları Pirallahı Rayon Məhkəməsinin 26.07.2017-ci il tarixli, 2(094)-396/2017 saylı qətnaməsini Qazaxıstanda icra məmurunun qərarı ilə 03.03.2020-ci il tarixdə icra olunaraq icraata xitam verilməsinə hüquqi qiymət verərək icra işini icra olunma faktını təsdiq etmiş və bu qərarının tanınmasına heç bir zərurətin olmamasını göstərib.

6. AR Ali Məhkəməsinin 21.12.2021-ci il tarixli qərarı rəsmi olaraq Yasamal Rayon İcra şöbəsinə göndərilmiş və 11.01.2022-ci il tarixdə təkrarən ərizə ilə müraciət edilərək icra işinin icraatına xitam verilməsi barədə müraciət olunmasına baxmayaraq bu günə kimi heç bir tədbir görülməyib və rəsmi olaraq hər hansı cavab verilməyib. Yalnız onu bildirirlər ki, bu məsələni tələbkar İbrahimov Fikrət Vəli oğlunun xeyrinə həll olunması Ədliyyə Nazirliyinin böyük məmuru tərəfindən tapşırılıb, ona görə icraata xitam verə bilmirik. Yəni Yasamal Rayon İcra və Probasiya şöbəsin rəisi Pərviz Zəkəriyəyev, icra məmuru İlqar Allahverdiyev və həmçinin Sumqayıt şəhəri üzrə İcra idarəsinin rəisi Fuad Nəbiyev, icra məmuru Orxan Məmmədov öz fəaliyyətlərini qanunlarla deyil, Ədliyyə Nazirliyinin bir məmurunun göstərişləri ilə tənzimləyir və bir cinayətkarın qanunsuz maraqlarına görə heç bir günahı olmayan ailə üzvlərinə zülm edirlər.
 Bu qanunsuzluqlarla bağlı Sakin Ağayev və ailə üzvləri dəfələrlə Ədliyyə Nazirliyi və ƏN-nin Baş İcra İdarəsinə yazılı müraciətlər edib, Ədliyyə Nazirliyi rəhbərliyinin və Baş İcra İdarəsinin rəisi İlqar Cəfərovun onları qəbul etməyi xahiş etsələr də bugünə kimi onların müraciətlərinə cavab verilməyib.
Dövlətimizin beynəlxalq nüfuzuna zərbə vuran belə qanunsuzluğa imza atılması hansı maraqları qoruyur? Hansısa məmurun qohumu olmaq dövlətin maraqlarını, qanunların aliliyini tapdalamağa icazə verirmi?
Paralel.az

0.025426864624023