Rusiya Brüssel görüşündən sonra nisbi tərəfsizliyini pozdu - II yazı
Siracəddin Hacı:
2) Rusiyanın mövqeyi
- Rusiya ona alternativ vasitəçilərin ortaya çıxmasını əsla istəmir, ancaq bu mərhələdə mənafeyinə uyğun olmayan gedişatın qarşısını almaq imkanı da zəifdir;
- Rusiya Azərbaycan və Ermənistan arasında gərginliyin davam etməsini istəyir. Bu hal onun Güney Qafqazda mövqelərini gücləndirir;
- Rusiya Qarabağa – Xankəndinə şəriksiz hakimdir;
- Rusiya Xankəndini dövlətləşdirir – bu gün bölgəni bir rus generalı idarə edir;
- Rusiya Xankəndini statusa qovuşdurmaq, bu statusun siyasi və hərbi təminatçısı olmaq istəyir;
- Ermənistanda və Qarabağda rus ordusunun varlığı, Laçın koridoruna nəzarət Rusiyanın mövqeyini gücləndirir;
3) Ermənistanın mövqeyi
Paşinyan hökumətinin siyasəti budur: həm Rusiyadan uzaqlaşmağa çalışır, həm də Qarabağın statusunun Rusiyanın əli ilə həll olunmasını istəyir – Qarabağın Rusiya üçün önəmini bilir;
- Ermənistan Azərbaycanın sülh sazişi ilə bağlı təklifinin əsas tezislərini qəbul etsə də, Qarabağ məsələsini bu sazişin içinə daxil etmir, status məsələsindən əl çəkmir;
- Ermənistan Qarabağın statusu məsələsində Avropa Birliyi ilə Rusiyanın mövqeyinin yaxın olduğunu bilir, bundan istifadə edir;
- Paşinyan hökuməti (Ermənistan demirəm) “Arsax” müstəqil dövlət olmalıdır siyasətindən imtina edib, indi bunu erməni xalqına qəbul etdirməyə çalışır, ancaq Arsaxın statusundan imtina etməyib. Bu hədəfini gerçəkləşdirmək üçün üç istiqamətdə iş görür:
a) Arsaxa Azərbaycanın tərkibində status verilsin;
b) bu status Avropa və Rusiyanın təminatı altında olsun;
c) status qazanmış Arsax Ermənistanla ciddi əlaqələr qursun;
4) Azərbaycanın mövqeyi
- Azərbaycan hakimiyyəti Qarabağın zalımdan və zülmdən azad edilməsində ciddi işlər gördü, görür, ancaq iki tarixi səhvə yol verdi:
a) işğalçı rus ordusunun Qarabağa gətirilməsinin yolunu açdı;
b) Qarabağ məsələsinin Rusiyanın monopoliyasına keçməsinə şərait yaratdı;
- Azərbaycan hakimiyyətinin Avropa Birliyi ilə bağlı siyasətinin əsas ölçüləri bunlardır:
1) bu əlaqə Rusiya ilə münasibətlərə zərər verməməlidir – mən Rusiyanın təsir məkanında qalmağa davam edəcəyəm, ancaq sizinlə də bəlli ölçüdə əməkdaşlıq olacaq;
2) Avropa Birliyinin tələbləri hakimiyyətin təhlükəsizliyinə sıxıntı yaratmamalıdır;
- Azərbaycan Rusiya ilə münasibətlərinin ölçüsünü dəyişməsə, Avropa Birliyinin imkanlarından ciddi biçimdə yararlanmaq imkanı olmayacaq;
- Azərbaycan Rusiyanın təsir məkanından çıxmasa, işğalçı rus ordusunu Qarabağdan çıxara bilməz, bu ordu çıxmasa, Qarabağ məsələsini öz xeyrinə həll etməyə gücü çatmaz;
- bu hədəf daxili və xarici müttəfiqlərlə gerçəkləşər – daxili (iç) müttəfiqlik milli birliklə, xarici müttəfiqlik mənafelərin uzlaşdırılması ilə təmin olunar;
Ardı var…