"Qadın kolonu"nun ərazisində tikinti aparmaq istəyən məmur...
Ölkə vətəndaşlarının sosial-iqtisadi problemləri yetərincədir. Bu sırada növbəti problem cəzaçəkmə müəssisələri ilə bağlı olan məsələlərdir. Paralel.az “Təzadlar”a istinadla aşağıdakı materialı təqdim edir.
Materialda qeyd edilir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Zabrat qəsəbəsində yeni inşa olunmuş 350 yerlik qadın cəzaçəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan məhkumlar üçün tərbiyə müəssisəsi Xətai rayonundakı 4 saylı Cəzaçəkmə Müəssisəsinin (“Qadın kalonu” deyilən) məhkumları üçün nəzərdə tutulub. Artıq məhkumların hamısı yeni - komfortlu binaya köçürülüb. Həmin cəzaçəkmə müəssisəsi ötən əsirn 30-cu illərində Bakının mərkəzində inşa olunub. Bir əsrə yaxın yaşı olan bina bərbad vəziyyətdə idi. Yeni binanın isə müasir tələblərə cavab verən yataq, yemək, istirahət, psixoloq, ibadət otaqları, kitabxanası, hətta qadınlar üçün gözəllik salonu da var. Bir sözlə, orada məhkumlar üçün standartlara cavab verən ideal şərait yaradılıb.
“Qadın kalonu”nun köhnə yerinə isə müştəri gözü ilə baxan məmur meydana çıxıb. Bəs görəsən, o kimdir?
Xətai rayonu ərazisindəki 4 saylı Cəzaçəkmə Müəssisəsinin hələ köhnə binasından köçürülmə prosesi başlamazdan uzun illər öncə də ətraf binaların sakinləri köçürülmədən sonra həmin müəssisənin köhnə binalarının sökülərək yerində hər hansı tikintinin aparılıb-aparılmayacağı barədə narahat idilər. İnsanlar narahat olmaqda haqlı idi, çünki Günəşli, Hövsan, Zığ, Aeroport-Mərdəkan istiqamətindən paytaxtın mərkəzinə, Binə və Sədərək ticarət mərkəzlərinə, rayonlara üz tutan maşınların yeganə çıxışı bu ərazidən keçdiyi üçün dəhşətli tıxaca səbəb olur. Bir tərəfdən də ətrafda inşa olunmuş göydələnlərin yeraltı qarajlarına sığmayan maşınları buradakı Sabit Orucov və Fəzail Bayramov küçələrindəki (Xətai rayon prokurorluğunun ətrafı) həyətlərin ərazisini də zəbt ediyi üçün basabas yaradıb. Burada kiminsə bina tikəcəyi təqdirdə, həm yeni sıxlıq yaranacaq, həm də tıxacda qalma müddəti artacaq. Yeni göydələnlər isə mənzillərin ikiqat sayı qədər maşın deməkdir. Həmin ərazidə uşaqların əylənməsi, böyüklərin istirahəti üçün xüsusi şəraitli heç bir park da yoxdur.
Məlumata görə, həmin yerə, yəni həbsxananın köhnə binası ərazisinə çoxdan göz qoyan məmur var. Həmin şəxs ərazidə yaşayış kompleksi üçün Bakı şəhər meri Eldar Əzizovdan gizlincə razılıq da alıb.
Xatırladaq ki, Prezident İlham Əliyev neçə il öncə tıxaclar səbəbindən paytaxtın mərkəzində tikinti aparılmasını qadağan edən göstəriş verib. Həmin ərazi də şəhərin mərkəzi sayılır. Hər gün Bakının mərkəzinə doğru 8 Noyabr və H.Əliyev, Babək prospektlərindən Cavanşir körpüsünə doğru istiqamət götürən maşın karvanı saatlarla tıxac yaradır və bu səbəbdən ərazidə tərpənmək olmur. Saatlarla tıxacda qalan insanların əsəbləri tarıma çəkilir, ətraf binalarda yaşayan sakinlərin isə səs-küydən, siqnal səsindən rahatlıqları yoxdur. Hansısa pullu bir şəxsin cibini düşünərək, həm də statusuna arxalanaraq, həmin ərazidə bina tikmək eşqinə düşməsi, ərazidə yaşayan əhalinin və sürücülərin həyatını ağırlaşdıraraq cəhənnəmə çevirə bilər. Odur ki, adıçəkilən F.Bayramov və Sabit Orucov, eləcə də A.Cəlilov küçələrinin sakinləri Prezident İlham Əliyevə müraciət hazırlamaqdadır. Müraciətdə ölkə başçısından "Qadın kolonu"nun ərazisində çoxmənzilli bina tikintisinin qarşısının alınmasına qarşı tədbir görülməsi xahiş edilir. Hətta artıq ciddi narahat olan sakinlərin bildirdiyinə görə, hələlik adını çəkmək istəmədiyimiz həmin məmurun köhnə tarixə Bakı Meriyasından sərəncam da aldığı bildirilir.
Hazırda müraciət çoxsaylı sakinlər tərəfindən imzalanma mərhələsindədir. Yaxın günlərdə həmin müraciət Prezidentə, Bakı meriyasına və mətbuata göndəriləcək.
Paralel.az