Bələdiyyə sədrinin adı mənimsəmələrdə hallandırılır

Bələdiyyə sədrinin adı mənimsəmələrdə hallandırılır
 




Büdcə vəsaitinin bələdiyyələr tərəfindən səmərəli istifadə edilməməsi məsələsi aktuallığını saxlamaqdadır Paralel.az Aktualinfo.org-a istinadən,
büdcə vəsaitlərindən səmərəli istifadə olunmayan bələdiyyələrdən birinin Bərdə şəhər Bələdiyyəsi olduğundan xəbər verir.
Məlumata görə, Bərdə Bələdiyyəsi tərəfindən ötən ilin dekabrında şəhərdəki 3 və 7 saylı Körpələr evi-uşaq bağçasında görüləcək cari təmir işləri üzrə tender keçirilib. Lakin qurum “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməyərək elan olunmuş və keçirilmiş tenderlər üzrə bağlanmış müqavilələrin nəticələri barədə ictimaiyyətə heç bir açıqlama verməyib. Bu isə tenderlərdə satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsinə, bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsinə şübhə yaratmaya bilmir.
Araşdırmalar zamanı məlum olub ki, Bərdə şəhər Bələdiyyəsinin (VÖEN-4000124081) dövlətə 58268.68 manat vergi borcu var. Bütün bu kimi suallara aydınlıq gətirilməsi məqsədi ilə Bərdə şəhər Bələdiyyəsinə ünvanlanan suallara heç bir cavab verilməyib. Bələdiyyə sədri olana qədər isə Sadiq Xəlilov Rusiyada bizneslə, xırda ticarətlə məşğul olub və sonra yığdığı pulla rayonda bu mühüm vəzifəyə gələ bilib. Çox güman ki, onun bələdiyyə sədri olmasında Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin də rolu olub. Belə olmasaydı, Sadiq Xəlilov Bərdə şəhərində bələdiyyə sədrinin səlahiyyətlərinə aid olan məsələləri icra etməkdən daha çox, şəxsi biznesi ilə məşğul olmazdı.
Dövrü mətbuatda da Sadiq Xəlilovun Bərdə şəhər Bələdiyyəsindəki yarıtmaz fəaliyyəti ilə bağlı şikayətlər çoxdur. Sakinlərin dövrü mətbuata yazdıqlarına görə, Bərdə şəhərində yolların təmir olunmasından, parklarda abadlıq işlərinin aparılmasından və bələdiyyənin öhdəliyinə düşən digər mühüm işlərin həyata keçirilməsindən söhbət gedə bilməz. Bu şəxs yalnız və yalnız öz maraqları üçün çalışır. Şəhər sakinlərinin rifahı bələdiyyə sədrini qətiyyən düşündürmür. Bu şəxs vətəndaşlara məxsus pay torpaqlarını köhnə tarixə dəyər-dəyməzə satır. Əldə olunan gəliri isə öz problemlərinə sərf edir. Həyətyanı sahələr üçün torpaq vergisinin yığılmasında da xeyli qanun pozuntularının olduğunu yazan sakinlər bu pulların da haraya xərcləndiyini sədrdən başqa heç kimin bilmədiyini qeyd ediblər.
Dövri mətbuatda məlumat var ki, Bərdə şəhər Bələdiyyəsində ikili protokollaşdırma aparmaqla torpaq sahəsinin qanunsuz dövriyyədən çıxarılması və təmir-tikinti işlərinin görülməsi adı altında Sadiq Xəlilov 35 min 567 manatı büdcədən silib.
Sakinlər həmçinin yazırlar ki, bələdiyyə sədri camaata hesabat vermir. Halbuki bələdiyyənin gəlirlərinin hara, necə və nə üçün xərclənməsinə dair müvafiq hesabat verilməlidir. Bələdiyyənin hesabında yetərincə maliyyə imkanları olmasına baxmayaraq, infrastruktur problemi həllini tapa bilmir. Axı Bərdə şəhərində yaşayış sahələrinin, parkların abadlaşdırılması, yol infrastrukturunun qurulması regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında da təsbit olunub.
Amma məlumatlardan da göründüyü kimi, Bərdə şəhər Bələdiyyəsinin sədri Sadiq Xəlilov yerli vergilər hesabına əldə olunan gəlirləri sosial infrastrukturda mövcud olan problemlərin həllinə deyil, şəxsi maraqlarına yönəldir. Hətta o, uşaq bağçalarına və körpələr evinə ayrılan vəsaitlərə də əl qoyur.
Paralel.az

0.016146183013916