Rusiya hakimiyətində böhran dərinləşir
Dadaş Əhmədli:
Çox maraqlı məlumatlar gəlməkdədir. Dünən Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans formatında görüş keçirib. Əsas hissədən sonra dar tərkibdə qapalı formatda hərbi planlar müzakirə edilib. Artıq Putinin görüşün böyük hissəsini Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar prosesinin müzakirəsinə həsr etdiyindən belə qənaətə gəlmək olar ki, prezident əsas ümidlərini danışıqlara bağlayır. Lakin, danışıqlar prosesinin necə keçməsindən asılı olmayaraq, Rusiya qoşunları Donbasda böyük hücuma hazırlaşır və Putinin qarşıya qoyduğu minimum vəzifə Ukraynanın Donetsk və Luqansk vilayətlərini öz inzibati sərhədləri daxilində ələ keçirməkdir.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun karyerası və faktiki olaraq başı ilə bu əməliyyatın uğurlu keçməsinə şəxsən zəmanət verməsi haqda ötən yazılarımın birində məlumat vermişdim. Ancaq Baş Qərargahın və şəxsən Valeri Gerasimovun hərbi əməliyyatların başlamasından təxminən bir ay yarım ərzində əldə etdiyi "uğurlara" baxsaq, bu məsələdə onun zəmanətinə etibar etməyə dəyməz. Buna baxmayaraq, Putin görüşün sonunda hərbi əməliyyatla bağlı görüş iştirakçılarını hədələyib ki, əgər hərbi planlar hətta onların tam olmayan variantında da (inzibati sərhədlər daxilində Donbasın ələ keçirilməsi nəzərdə tutulur) iflasa uğrasa, radikal nəticələr çıxarılacaq.
Görünür, kənd təsərrüfatı naziri Dmitri Patruşev “radikal nəticələr” gözləmək fikrində deyil. Dünən o, atası Nikolay Patruşev vasitəsilə Vladimir Putindən istefa verməsini xahiş edib. Bu, nə qədər gözlənilən olsa da, dünən axşam prezidentin yaxın ətrafı üçün kiçik sensasiya olub. Dmitri Patruşev ona həvalə edilmiş sahədə böhrandan çıxış yolunu görmür və böhranın dərinləşməsinə görə məsuliyyət daşımağa hazır deyil. Putin hələlik istefanı qəbul etməyib. Lakin bu, hələ son deyil, əldə etdiyimiz məlumata görə, daxili işlər naziri Vladimir Kolokoltsev bazar ertəsi istefa verməyə hazırlaşır. Məlumatın ən maraqlı tərəfi odur ki, Kolokoltsev prezidentin müharibə başa çatdıqdan dərhal sonra onu işdən çıxarmaq planlarını pozmaq, riskə gedərək Putini sındırmaq qərarına gəlib. Nabiullina və Siluanovun istefa xahişlərindən sonra sakitlik yaranmışdı, lakin bu, uzun sürmədi. Kolokoltsev gələn həftə istefa ərizəsini prezident Putinə təqdim etsə, bu, artıq dördüncü vəzifəli şəxsin vəzifədən getmə istəyində olması deməkdir. Aradan çıxma prosesi başlayır...
Paralel.az