Dövlət də insan kimi canlıdır- Doğular, böyüyər, yaşlanar və ölər...

Dövlət də insan kimi canlıdır- Doğular, böyüyər, yaşlanar və ölər...
 



 Orta əsrlərdə yaşamış təcrübəli dövlət xadimi və tarixçi Ibn Xalduna görə dövlətlər də insanlar kimi doğular, böyüyər, yaşlanar və ölər. Buna görə də o, dövlətin keçirdiyi mərhələləri 5 yerə ayırır.

Birinci mərhələ fəth və quruluş mərhələsidir. Bu mərhələdə oturaq bir rəhbərliyin əlindən hərbi güclə iqtidar ələ keçirilir. Əsəbiyyə bağlarının çox güclü olduğu, hökmdarların bir kraldan daha çox bir başçı olduğu mərhələdir.

 İkinci mərhələdə hökmdar iqtidarı inhisarlaşdırmağa başlayır. Bunun üçün özünün başa keçməsinə kömək edən təbii həmrəylikdə "təmizlik" aparmağa başlayar, onun gücünə ortaq olanları yox edər, birbaşa özünə bağlı olan muzdlu döyüşçü və bürokratlardan təşkil olunmuş bir əhatə yaratmağa başlayar. Bundan başqa mütəfəkkirlərdən ibarət məsləhətçiləri olar.
 İbn Xəldunun düşüncəsincə mütəfəkkirlər ən pis siyasi məsləhətçilərdir. Siyasi hadisələri ayrıca görmək yerinə bir-biri ilə müqayisə edərək gördükləri üçün mənfi siyasi məsləhətlər verə bilirlər.
İbn Xəlduna görə hökmdarlara əsl yararlı məsləhətləri "orta bir zəkaya sahib olan fövqəladə şəxslər" verirlər.

 Üçüncü mərhələ iqtisadi rifahın artdığı, mədəni ünsürlərin inkişaf etdiyi bir yüksəliş ya da dəbdəbə mərhələsidir. Bu mərhələdə hökmdar şəxsi gəlirini artırmaq, tabeliyində olanların vergilərini azaldaraq dövlətin maliyyə mənbələrini artırmaq və yenidən düzəltmək, şəhərləri gözəlləşdirmək üçün çalışır. Hər kəs iqtisadi rifahdan öz payını alır, sənətkarlıq və elm inkişaf edir, hakim təbəqələr özlərini mədəni layihələrin qoruyucuları olaraq göstərərlər. Rifah və sərbəstlik dövlətin suveren vəziyyətinə çevrilər.

Dördüncü mərhələ doymaq, təmin və özünü bəyənmək mərhələsidir. Sabitlik və sülhün hakim olduğu, idarə etmədə yenilikçi heç bir təşəbbüsün olmadığı, əvvəlki idarə etmənin təqlid edildiyi və bundan imtina etmənin dövlətin dağılmasına səbəb olduğuna inanılan bir mərhələdir.
 Həm idarə edənlər, həm də idarə olunanlar bu sabitlik və rifahın əbədi olacağına inanarlar. Dövlət qurucularının gücü və uğurlarına görə bu mərhələ çox uzun müddət davam edə bilər. Ancaq bu mərhələdə hiss olunmadan geriləmə, dağılma başlayır və dövlət sonuncu mərhələ olan "eyş-işrət və israf" mərhələsinə keçir.

Sonuncu mərhələ eyş-işrət və israf mərhələsidir.
Bu mərhələdə hökmdarların iqtisadi və toplum hadisələrini şəxsi arzuları ilə idarə etməyə çalışması ilə dövlətdə sağalması mümkün olmayan xəstəliklər meydana çıxır.
Hökmdar sahib olduğu lüks həyatı, ordunu və bürokratları saxlamaq üçün vergiləri artırmağa məcbur olur. Artan vergi iqtisadi fəaliyyətlərin azalmasına səbəb olur və hökmdarın məqsədinin əksinə olaraq, dövlətin gəlirləri azalır. Dövlətin gözləmələri zəifləyər və ümidsizlik yayılar. İqtisadi fəaliyyətlər dayanar və insanlar uzun müddətli planlara girişməzlər. Doğum həddi aşağı düşər, əhalisi çox olan şəhərlərdə sıxlıq və ekoloji problemlər ortaya çıxar. Dövlət dağılmağa başlayar. Mərkəzdən uzaqda yerləşən valilər, generallar, şahzadələr ya da başqa dövlətlər dövlətdən torpaq parçaları əldə etməyə başlayarlar. Paytaxtda da ordu və bürokratlar hökmdarın nüfuzunu ələ keçirməyə, hökmdarı sadəcə "oyuncağa" çevirməyə başlayarlar.

 Nəticədə xaricdən gələn və əsəbiyyəsi güclü gənc və sağlam bir topluluq dövləti zəbt edər və çürümüş quruluşu yox edib yenisini qurarlar.
 Hər dövlət bu mərhələləri yaşayar və bunlar dövri olaraq həmişə təkrarlanar... Göründüyü kimi bir mərhələdən digərinə keçid ictimai quruluşdakı təbii güclərlə izah olunur. İbn Xəlduna görə bu proses bir ictimai qanundur və şəxslərin iradəsinə tabe olmaz.

 Paşa Yaqub,
Həkim, Elmi-lədun bilicisi

Paralel.az

0.021749973297119