Rusiya Ukrayna "tələ"sindən çıxa biləcəkmi?
Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
t.abbas1952@list.ru
İşğalçının yanında dayanmaq təhlükəsi
Rusiyanın 3 günə işğal etməyi planlaşdırdığı Ukraynanı 43 gün davam edən ardıcıl hərbi təcavüzlə təslim edə bilmir. Əksinə, son günlər işğal etdiyi yaşayış məntəqələrindən geri çəkilir. Hiss olunur ki, Rusiyanın faşist rəhbərliyi etiraf etməsə də, Ukraynada "tələ"yə düşdüklərini başa düşüb, geri çəkilməyə məcbur olurlar.
Dünyanın sonu, taleyi barədə müqəddəs kitblarda çoxdan xəbər verilib. Dünyada baş verən saysız kataklizmlər, koronavirus pandemiyası, Rusiya-Ukrayna müharibəsi kimi dramatik hadisələr dünyanın "kələfinin dolaşmasından" xəbər verir. Dünyada insanın insan tərəfindən istismarı çox sürətlənib.Tanrının insana tövsiyyə etdiyi, tapşırdığı ədaləti, sanki bəşəriyyət unudub.
Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində baş verən qanlı, dəhşətli olaylar, dinc insanların dünyanın gözü qarşısında amansız casına qətlə yetirilməsi insanda təbii heyrət doğurur.
Rusiyanın Ukraynada törətdiyi vəhşiliyin qarşısını almağa dünyanın tələsməməsi, yaxud "acizlik" göstərməsini başa düşmək olar. Putin və onun işğalçı ağılsız faşist komandasının Ukraynada günahsız, dinc insanları kütləvi qırmasını, şəhərləri raket atəşinə tutub dağıtmasını Rusiyanın nüvə silahından istifadə etməsindən "qorxan" ABŞ və Avropa dövlətlərinin "sanksiya paketi"ni adekvat cavab saymaq düz deyil.
Rusiyanın hərbi təcavüzü başlayandan bəri Ukraynanın yanında olan, maddi və hərbi yardım göstərən ABŞ və Avropa dövlətləri niyə tələsmirlər?
Minlərlə insan ölümü və milyonların qaçqın düşməsinə nədən olan hərbi təcavüzü dayandırmaq üçün bu dövlətlərin ciddi tədbirə əl atmaması Rusiyanın tam zəifləməsi məqsədinə xidmət etmirmi?
Rusiyanın işğal edib, əsarətdə saxladığı xalqları və müstəqil dövlətləri azad etmək üçün Ukraynada gedən müharibənin davam etməyini Qərbin istəməsini təbii saymaq olar.
Çünki Rusiya son 32 il ərzində Sovet İttifaqının dağılması nəticəsində müstəqillik qazanmış respublikaların heç birinə azad və suveren dövlət kimi fəaliyyət göstərməyə imkan vermir. Sovet ittifaqının tərkibindən çıxmış 14 müstəqil dövlət, o cümlədən Azərbaycan daim Rusiyanın, onun forpostu, torpağımızda yaratdığı oyuncaq Ermənistanın təhdidinə və ərazi işğalına məruz qalıb, Rusiya bu təhdid və işğalı bu gün də davam etdirir.
Rusiya SSRİ-nin tərkibindən çıxan bütün respublikaları, həmçinin Qərbə, Avropaya inteqrasiya etmək istəyən Ukraynanı müstəqil dövlət kimi fəaliyyət göstərməkdən məhrum etmək və onu orbitində saxlamaq üçün hərbi təcavüzü israrla davam etdirir.
Rusiya Ukraynaya hərbi təcavüz edərək, dünya ilə qarşı-qarşıya gəlib. Onun bu ədalətsiz hərbi təcavüzdən qələbə ilə çıxması mümkün deyil. Rusiya Ukraynaya hərbi təcavüz etməklə, dünyada mövcud olan bütün mənəvi dəyərləri ayaq altına atdı. Dünya tərəfindən daim və əbədi lənətlənən faşizmi seçən Rusiyanın Ukraynaya hərbi təcavüzünə haqq qazandıranlar onunla bərabər məhv yolunu seçdiklərini dərk etmirlər.
Təəssüflə qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandıranlar, az da olsa, Azərbaycanda da var. Bu tip insanlar Rusiya və onun əlaltısı Ermənistanın xalqımızın tarixindəki qanlı səhifələrinin müəllifi olduqlarını unutmaları milli faciəmizdir. Belələri dərk etmirlər ki, Ukrayna xalqı və dövləti hazırda tək özü üçün yox, eyni zamanda, əsrlər boyu Rusiyanın təcavüzünə və məkrli qırğınlarına məruz qalan xalqların, həmçinin Azərbaycan xalqının azadlığı üçün döyüşür!
Bu gün Ukrayna xalqının başına Rusiya faşizminin gətirdiyi bəlalar tarix boyu xalqımızın başına gətirlən qanlı hadisələrin təkrarı olduğunu hər kəs anlamalı və Rusiya faşizmini müdafiə etməkdən çəkinməlidir!
Ukraynaya hərbi təcavüz etdiyinə görə, dünya xalqlarının nifrətini qazanan Rusiyanın təhdidindən və işğalından qorxmağa daha ehtiyac yoxdur. Əksinə, Rusiyanın yanında dayanıb dünyanın nifrətini üzərimizə çəkməkdən ehtiyat etməliyik.
Bu müharibədən sonra Rusiya ilə eyni cəbhədə duran dövlətlərə qarşı münasibət kökündən pisləşəcək və hər cür təzyiqlərlə üzləşəcəklər.
Bayden komandasının idarəçiliyində olan ABŞ və Avropanın əksər xristian dövlətlərinin islam dininə və türkçülüyə qarşı bəslədiyi mənfi münasibətin Azərbaycanı da hədəfə aldığı sirr deyil. Buna görə, müharibə zamanı Rusiya ilə ölkəmiz arasında münasibət elə nizamlanmalıdır ki, hazırda Ukrayna üzərində toqquşan Rusiya, ABŞ və Avropa dövlətləri ATƏT-in Minsk Qrupunda daim dəstək verdikləri düşmən Ermənistanın müharibədən sonra regionda həddini aşmasına yardım etməsinlər.
Dünən Avropa ittifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyilə Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında keçirilmiş görüşün yekunları da sübut edir ki, 30 il Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlayan Ermənistana heç bir təsir göstərməyən Avropa Azərbaycan 44 günlük müharibədə öz ərazilərini işğaldan azad edəndən sonra, bərk əl-ayağa düşüb.