Göygölün sabiq icra başçısı “dəmiryeyəndir”?
Bölgədən ikginc xəbərlər gəlməkdədir. Bu sırada növbəti məlumat Göygöldən gəlib. Belə ki, Göygölün sabiq icra başçısı Arif Seyidovun vəzifəyə təyinat alan kimi Göygöl-Aşıqlı-Hacıkənd ərazisində mühüm dövlət əmlakı sayılan, uzunluğu təxminən 15 kilometr olan kanat yolu sökərək taladığı qeyd edilib.
Paralel.az Demokratik.Az-ın bu barədə əldə etdiyi məlumatı təqdim edir. Məlumata görə, A.Seyidov 2013-2015-ci ildə şəxsi tamah məqsədilə vaxtilə kükürd kolçedanı daşınmasında istifadə edilən "vaqonetka"nı, kanat yolu, təkcə birinin ağırlığı tonlarla olan dəmir dirəkləri sökərək onu tonlarla metal-dəmir kimi sataraq "yeyib". Mənbənin bildirdiyinə görə, rayonun yuxarı qəsəbəsindən - 101 saylı mədəndən Hacıkənd qəsəbəsinin axırıncı aşırımına kükürd kolçedanı daşınaraq oradan da vaqonetkalarla st.Xanlar deyilən əraziyə tədarük edilirmiş. Müstəqillik illərindən sonra kükürd mədəni fəaliyyətini dayandırdığı üçün kanat yol da illərlə istifadəsiz qalıb. Lakin dövlət əhəmiyyətli hesab edildiyindən, A.Seyidova qədər olan icra başçıları dəmirdən olan infrastrukturu dağıtmaq, birdəfəlik sıradan çıxarıb metalını da satmaq kimi işlərə girişməyib. A.Seyidov vəzifəyə gəlişindən sonra yaxın dostu, Göygöl avtobazasının (hazırkı Xanlar-Göygöl avtonəqliyyat ASC) müdiri Məjlum Mahmudovu bilavasitə bu işə cəlb edib. Nəticədə, illərlə görülən işlər nəticəsində kanatlar, ümumilikdə 15 min kilometrlik yolun trosu, 100-lərlə xüsusi dəmir dirəklər, 300-dən artıq vaqonetkalar doğranaraq polad material kimi satılaraq mənimsənilib. Tros kanat və tonlarla dəmir avadanlıqları Göygöl avtobazasının həyətinə yığılaraq oradan satışa gedib.
Məlumata görə, 100 tonlarla polad material mənimsənilərək talanıb və dövlətə də heç bir maddi-rəsmi hesabat verilməyib. O da qeyd edilib ki, A.Seyidovun Aşıqlı kəndində özü üçün qəsb etdiyi torpaq sahəsində və özünün yaşadığı evin həyətində həmin dirəklərdən qalıb.
Sabiq icra başçısının əməlinə nə yerli prokurorluq, nə də hansısa yuxarı dövlət qurumu tərəfindən heç bir reaksiya verilməyib. Yəqin ki, sabiq icra başçısının sözügedən əməli araşdırılar və o, gec də olsa cəzalandırılar.
Paralel.az