"Atam pulu yanımda Vilyamın sürücüsünə verdi"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.
Paralel.az "report"a istinadla xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Asif Bədirov bildirib ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin İmişi rayon idarəsinin rəisi işləyir.
O söyləyib ki, atası ilə birgə V.Hacıyevin qəbulunda olub: "Su kanalın çəkilməsi məsələsi var idi. Atam onun qəbulundan çıxdı və dedi ki, 300 min manatın 75 min manatını Vilyam Hacıyevə verək. Mən də razılaşdım və atam pulu yanımda Vilyamın sürücüsünə verdi. Layihəni yekunlaşdırdıq. Eyni zamanda rayonda abadlıq işlərinin aparılması üçün də 1000 manat rayon icra hakimiyyətinin maliyyə rəisi Cəmil Musayevə təqdim etdim".
Şahid Zakir Uğurluyevin sözlərinə görə, rayonda şirkət rəhbəri vəzifəsində çalışır. O vurğulayıb ki, İmişli rayonununda abadlıq işlərinin aparılması üçün rayonun maliyyə şöbəsinin rəisi Cəmil Musayevə 16 min manat pul verib: "Mal bazarının içərisində yeməkxana tikilməsi üçün 10 min manat vermişəm".
İmişli Olimpiya Kompleksinin keçmiş direktoru Akif Quliyev də ifadə verib. O bildirib ki, direktor təyin olunmaq üçün Cəmil Musayevə 10 min manat pul verib.
"Göyüşlü" tikinti şirkətinin təsisçisi Asif Cavadov şahid qismində dindirilən zaman söyləyib ki, MMC-si İmişli rayon İlqar Əhmədov adına Xoşçobanlı məktəbin tikintisi üçün elan olunan tenderin qalibi olub: "Üç dəfə Vilyam Hacıyevin qəbulunda olmuşam. Müqavilənin 950 min manatdan ibarətdir. Buna görə şirkətimizə 840 min 930 manat pul köçdü. Həmin pulun 284 min 425 manatını çıxarıb Vilyam Hacıyevə verdim. Məktəbin tikintisinə 742 min manat sərf olunub. Tikintini yekunlaşdırmaq üçün maşınımı və evimi satdım. Bu layihədən ziyanla çıxaraq müflis oldum".
Məhkəmənin növbəti iclası aprelin 11-nə təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.