Meşəbəyi
Hekayə
Torpağın tez-tez nəm olmasından hiss edilirdi ki, payızın gəlməsinə bir neçə gün qalıb. Havalar yavaş-yavaş soyuyurdu. Payızın qapı ağzında olması aram-aram yağan yağışın soyuq nəfəsindən də sezilirdi. Soyuq hava adamları üşütdükcə, kənddə hamı sobanı işə salmışdı. Evlərin bacalarından burula-burula qalxan tüstü küləyin müşayiəti ilə gözdən itirdi..
İsa kişinin evi kəndin girəcəyində idi. Hamı onu Heydərli nəslinin ağsaqqalı hesab edirdi. Kəndə ayaq basan qonaq ya İsa kişinin evinə gələrdi, ya da dayısı oğlu Orucun. Kənddə başqa adlı-sanlı qonaqpərvər kişilər də vardı. Onlar da öz nəsilləri, kökləri, səxavətli olmaları ilə tanınırdı; Mamoylu nəslindən Əli kişi, Alpaşalı nəslindən Mansır, Əziz kişi, Əmrahlı nəslindən Vəli kişi, Ələsgərli nəslindən İlyas kişi. Bu nəsildən olan insanların evləri kəndin yuxarı hissəsində idi...
Rayonun meşə idarəsinin rəisi İlyas müəllim meşələrdəki vəziyyəti öyrənmək üçün kəndə gəlmişdi. Bir gün də o, meşəbəyi İsmayıl Məşədi oğlu ilə meşələri yoxlamaq üçün kəndə gəldi. İsmayıl kişi bir az aralıdan ərkyana İsa kişiyə səsləndi:
- Nahara bizim üçün bir süfrə açdır.
İsa kişi ürəklə dedi:
- Baş üstə.
İsmayıl kişi razılıq əlaməti olaraq gülümsündü:
- Başın var olsun, bir-iki saata gəlirik.
İsa kişi bir quzu kəsdi, soyub, doğradı, üzünü həyat yoldaşı Naziləyə tutub dedi:
- Ocağı qala, qazanı sobanın üstünə qoy, ətin duz-istiotunu vur, qoy bişsin. Ət bişənə kimi uşaqlara de sarımsaqlı qatıq hazırlasınlar.
Nazilə ana dedi:
- A kişi, gəlsənə beçələrdən də ikisini kəsək.
- Çox doğru deyirsən. Tut gətir, kəsim, təmizlə, ancaq onu yağda qızart.
Nazilə ana iki beçə tutub həyat yoldaşına verdi. İsa kişi beçələri kəsdi. Nazilə ana təmizləyib, doğradı, tavaya yağ atdı. Beçələrin tikələrini tavaya tökdü.
İsa kişi yaydan saxladığı bir ramka balı da mis sini də masanın üstünə qoydu. Demək olar ki, süfrə hazır idi.
İsa kişi oğlu Musanı araq üçün dükana göndərmişdi. Musa araqları atasına verib dedi ki, deyəsən İsmayıl əmi qonaqlarla gəlir.
- Hardan bildin?
- Elə indicə məktəbin yanından beş atlı bizim tərəfə döndü.
- Hə, düz deyirsən, oğlum, odur, bulağın yanındadırlar.
İsa kişi həyətə düşüb qonaqlara «xoş gəldin» dedi, onları evə dəvət etdi. İsmayıl kişi yanındakı qonağı ona təqdim elədi:
- Bu kişi rayonumuzun Meşə Təsərrüfatı İdarəsinin rəisi İlyas müəllimdir. Bu yoldaş da-həyəti ilıq baxışlarla süzən adamı göstərdi-İlyas müəllimin müavinidir.
- Lap yaxşı. Xoş gəlmisiz, keçin evə.
İsmayıl kişi üzünü İlyas müəllimə tutdu:
- Buyurun keçin, İlyas müəllim.
İsa kişinin qapısı bu kənddə hamının üzünə açıqdır. Onun özü kimi süfrəsinə qoyduqları da halaldır.
Qonaqlar evə keçdilər. Masanın ətrafında əyləşib söhbətə başladılar. İlyas müəllim bal ramkasını göstərib dedi:
- Bu, nəyə desən dəyər. Gör necə təmiz, təbii baldır.
İlyas müəllim nə düşündüsə, üzünü İsa kişiyə tutdu:
- Gəlsənə, bunu heç kəsməyəsən?!
- Nəyə görə deyirsiniz, İlyas müəllim?
İlyas müəllimin çöhrəsinə xəfif bir qızartı endi:
- Sözün düzü, evə aparmaq istəyirəm.
İsa kişi qonağa ehtiram göstərdi:
- Siz bunu nuş eləyin, evin payı ayrıdır.
İlyas müəllim:
- Bax, bu başqa məsələ.
Onlar süfrəyə düzülmüş pürrəngi çayları balla içib söhbət edirdilər. Ətrafdakı dəyişkən hava elə bil onları müşayiət edirdi.
Nazilə ana stəkan-nəlbəkiləri masadan yığışdırıb yeməkləri süfrəyə düzdü, - nuş olsun, - deyib mətbəxə keçdi.
İlyas müəllim süfrəyə göz gəzdirib dedi:
- Bu qədər yeməyi kimin üçün hazırlatmısan, ay İsa kişi? Yeməyin biri bəs edərdi.
İsa kişi dedi:
- Burada nə var ki. Oturmuşuq da…
İsmayıl kişi söhbətə qoşuldu:
- İlyas müəllim, mən bilirəm harada, kimin evində çörək yeyəcəyik. Bu evdə süfrə başında çəkinməyə ehtiyac yoxdur. İsa kişi bilirsən kimin qohumudu?
- Yox, a meşəbəyi, de, bilək.
- İsa kişi ilə aşıq Əkbər Cəfərov xalaoğludurlar.
- Doğru deyirsən, İsmayıl?
- Hə.
- Belə de. -İlyas müəllim diqqətlə İsa kişini süzüb dedi: - Mənim aşıq Əkbərə böyük hörmətim var. O oxuyanda, elə bil bülbül cəh-cəh vurur.
Allah qorusun!
İsa kişi təşəkkür etdi:
- Çox sağ olun, İlyas müəllim.
- İsa kişi, Əkbər kimi sənətkarları Allah tək-tək bəxş edir. Sizin bir nəsildən olmağınız Allahın sizə lütfüdür.-İlyas müəllim ani sükutdan sonra dedi: - İndi icazə verin biz gedək, iki-üç günə işimizi yekunlaşdırmalıyıq.
- Allah amanında. Nə vaxt gəlsəniz, qapım üzünüzə açıqdır.
İlyas müəllim ani duruxub dedi:
- İsa kişi, səhər İsmayıl kişinin oğlunu göndərəcəm, o sizə dediyimi verərsiniz gətirsin.
- Oldu, İlyas müəllim.
- Bayaq İsmayıla da demişəm, görürəm qış üçün yandırmağa odunun yoxdur. Meşədə külək sındıran ağaclardan iki-üç maşın yığ gətir evinə.
- Çox sağ olun, İlyas müəllim.
- Siz sağ olun, İsa kişi, eviniz həmişə belə şən olsun.
- Halal xoşunuz!
Səhəri gün İsmayıl kişinin oğlu İdris İsa kişinin evinə gəldi, dedi ki, İlyas müəllimin əmanətini ver, aparım. İsa kişi də axşamdan Nazilə anaya tapşırmışdı ki, İsmayıl uşaq göndərsə, bu balı verərsən aparar. Nazilə ana ramkanı İdrisə verib dedi:
- A bala, ehtiyatlı apar, əmanətdi.
- Oldu, Nazilə xala.
Aradan bir neçə gün keçmişdi. İsmayıl kişi İsa kişini yanına çağırdı. Ordan-burdan söhbət etdilər. Sonra bildidi ki, Sözlü talanın arxa tərəfində yola yaxın yerdə külək bir neçə ağac sındırıb. Uşaqları yığ başına, get onları doğra gətir.
- Oldu, çox sağ ol, ay İsmayıl.
İsa kişi səhəri gün özü ilə yemək-içmək də götürüb uşaqlarla həmin yerə getdi. Küləyin sındırdığı ağacları balta ilə doğradı, yola yaxın bir yerə yığdırdı.
Balta səsinə gələn İsmayıl kişi atını İsa kişinin yanına sürüb dedi:
- Elə bildim başqa adamdı. İşinizdə olun. -Sonra susadığını hiss edib dedi: - Ay İsa kişi, çayın olmaz?
- Var.-Uşaqlardan birinə səsləndi: - A bala, termusu da, stəkanları da gətirin.
Musa qarğıdan toxunmuş zənbili gətirib, atasının yanında əyləşdi, stəkanları çıxarıb meşəbəyinə və atasına çay süzdü, kənara çəkilib, xəzəlin üstündə əyləşdi.
İsmayıl kişi çayını içəndən sonra minnətdarlıq edib atına mindi, Gendərə tərəfə getdi. İsa kişi uşaqlarına dedi ki, o, çox xeyirxah insandı. Yoxsa bu qışı odunsuz qalacaqdıq. Allah eləsin, bir həftə yağmasın, odunları aparıb həyətə tökək.
Musa dedi:
- Ata, inşallah, havalar yaxşı keçər, yavaş-yavaş apararıq.
- Oğlum, payızın yağışı başlasa, bu meşəyə maşın girməz. Ona görə deyirəm ki, yağışlar başlamamış bunları meşədən çıxardaq. Sonra rahat oturaq evimizdə.
Musa qəfildən soruşdu:
- Bu ağaclarda üç maşın odun olar?
- Üç maşın olmasa da, iki maşından çox olacaq. İsmayıla deyərəm, yaxın yerdə ağac varsa, üstünü də düzəldib üç maşın edərik. Üç maşın yaza qədər bəsimiz olar.
- Həə, ay ata, üç maşın odun bizi qışdan çıxarar.
Artıq hava qaralırdı. İsa kişi və uşaqları evə yola düşdülər. Uşaqlar lap yorulmuşdu. Ayaqları güclə hərəkət edirdi. Onlar evə çatanda artıq hava zülmətin qoynunda idi. İsa kişi üzünü Musaya tutub dedi:
- Yorulmağına baxma, get əminə de ki, sabah günorta maşını sürüb gəlsin, odunları gətirib həyətə boşaldaq, havaya etibar yoxdur.
Musa ayaqlarını sürüyə-sürüyə Vilayət əmisinin yanına getdi. Salam verib dedi:
- Əmi, atam dedi ki, sabah günorta maşınla Sözlütalaya gəlsin, bir-iki maşın odun yığmışıq, yağış yağmamış gətirək.
- Oldu! Günorta mən orada. Yorğunsan, otur çay içək.
- Ay əmi, elə yorulmuşam ki, ancaq yatmaq istəyirəm.
- Yaxşı, get dincəl.
Musa evə gəlib atasına dedi:
- Əmim günorta gələcək.
- Lap yaxşı.
Səhər tezdən İsa kişi uşaqları ilə meşəyə getdilər. Quşların cəh-cəhi onlara sanki əlavə güc verdi. Günortaya qədər odunun çox hissəsini yığıb qurtardılar. Uzaqdan maşın səsi eşidilirdi. Musa sevincək atasına dedi:
- Deyəsən, əmimdir gələn.
Bir neçə dəqiqədən sonra Vilayətin maşını odunların yanında dayandı. Vilayət maşının arxasını odun yığılan yerə verdi, sonra maşının üstünə qalxıb dedi:
- Siz odunları yavaş-yavaş, tələsmədən verin, mən yığım. Sonra gələrəm, ikinci dəfə də apararam.
Beləliklə, maşın odunla doldu. İsa kişi uşaqlarına dedi:
- Biz gələnə qədər o doğranmışları da endirin aşağı. Odunları boşaldıb gəlirik.
Maşın ağır-ağır irəli hərəkət etdi. Uşaqlar doğranmış odunları aşağı yola endirdilər.
Musa yuxarı təpəyə qalxdı ki, görsün əmisi çatıbmı. Sonra qaçaraq gəldi ki, atamla əmim çatırlar. Bir neçə dəqiqə keçmişdi maşın yenidən gəldi.
Musa soruşdu:
- Ay ata, maşallah, nə tez boşaltdınız belə?
- Ay oğlum, odunları əl ilə boşaltmadıq, maşın özü boşaltdı.-Sonra Musadan soruşdu: - İsmayıl kişi gəlməmişdi?
- Yox, ay ata.
- Gəlsəydi, deyərdim bizə külək sındıran ağaclardan versin.
Musa dilləndi:
- Həə, nə yaxşı olardı!
İsa kişi dedi:
- Odunları tez-tez verin, biz də yığaq. Hava qaralmamış evimizə gedək.
Onlar axırıncı odunları maşına yükləyəndə İsmayıl kişi gəldi. Bir qədər ətrafa baxıb soruşdu:
- Deyəsən, bir maşın aparmısız?
İsa kişi dərhal cavab verdi:
- Həə. Bir maşın apardıq. Bu, ikinci maşındır. Elə uşaqlardan indicə səni soruşdum. Gör, yola yaxın harada sınmış ağac var, üstünü də düzəldək, bir maşın da olsun.
- Var, sabah saat 10-da burada məni gözləyin, göstərim hansı ağacları doğramaq lazımdır.
- Oldu. Sağ olun.
İsmayıl kişi səhəri gün atını minib həmin yerə gəldi və İsa kişiyə dedi:
- Bax, bu ağacları da doğrasanız - ətrafdakı külək sındırmış ağacları göstərdi, - bir maşından çox olacaq.
- Olsun də, ay İsmayıl. Nə qədər artıq olar, onu da Vilayət aparar.
İsmayıl kişi gözlərini qıyıb dedi:
- Mən bilirdim ki, belə olacaq.
İsa kişi rahat oldu, üzünü İsmayıl kşiyə tutdu:
- Allah valideynlərinə rəhmət eləsin. Sən atan Məşədi kişi kimi xeyirxah insansan. Allah səni qorusun!
İsmayıl kişi meşənin dərinliklərinə endi. Odun qalaqlanmış maşın da ağır-ağır kəndə doğru istiqamət götürdü.
Havadakı hənirtidən payızın nəfəsi duyulurdu...
Hüseyn Məmmədov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Paralel.az