Putin vədlərinin girovuna çevrilib

Putin vədlərinin girovuna çevrilib
 


Son iki gündə Prezident Vladimir Putinlə Rusiya elitasının münasibətlərində maraqlı dönüş baş verib. Əgər əvvəllər, ən azı müharibədən əvvəl, ən çoxu isə martın 29-na qədər siyasi, təhlükəsizlik və biznes elitaları nəinki prezidentin qəbul etdiyi qərarlardan tamamilə asılı idilər, həm də prezidentin hər sözünə diqqət edir, onun hansı bəyanat verəcəyini gözləyirdilər. Putinin icazəsi olmadan hər hansı hadisə və məsələyə münasibət bildirmək, hətta, hər hansı təşəbbüsü həyata keçirməyi xəyal eləmək belə mümkünsüz idi.
Amma görünür, müharibə çox şeyi dəyişib. Artıq martın 29-da Türkiyədə Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarından sonra Rusiya prezidentinin köməkçisi və etibarlı adamı Vladimir Medinskinin açıqlamalarına diqqət yetirdikdə vəziyyətin dəyişdiyi təəssüratı yaranır. Görünən odur ki, Medinski yayımladığı bəyanat Putinlə şəxsən razılaşdırılıb və bununla bağlı Medinskinin hər hansı təşəbbüsündən söhbət gedə bilməz. Bununla da, Putin Rusiyanın hərbi-siyasi rəhbərliyi və bütövlükdə ölkə üçün fəlakətə çevrilmək təhlükəsi yaradan vəziyyətdən çıxış yolunun mümkünlüyünü dilə gətirib.
Şübhə yoxdur ki, Putin şəxsən müharibə başlamazdan əvvəl vəziyyəti və perspektivləri qiymətləndirmək və anlamaqda bir sıra səhvlərə yol verərək, özünü və bu münaqişənin bütün iştirakçılarını dalana dirəyib. Son bir neçə gündə Putinə çatdırılan xəbərlərdən məlum olur ki, Rusiya hərbi rəhbərliyinin indi malik olduğu qüvvə və imkanlarla hərbi münaqişənin bundan sonra da davam etdirilməsi tamamilə əbəsdir. Bu, ölkədə digər istiqamətlər və ənənəvi təsir sahələrinə də nəzarətin itirilməsinə gətirib çıxaracaq. Üstəlik, erkən və kompramissiz qələbə perspektivi olmayan, aydındır ki, belə bir qələbə qətiyyən gözlənilmir, müharibənin davam etdirilməsi iqtisadiyyatda fəlakətli nəticələrə və daha da pisləşəcək uzunmüddətli böhrana səbəb olacaqdır.
Bütün bunları dərk edən Putin Medinski vasitəsilə yoxlanmağa çalışdı ki, bu mərhələdə Ukraynanın dağılmış hərbi infrastrukturu və hərbi obyektləri, eləcə də, Ukraynanın NATO-ya üzv olmaqdan imtinasını minimal olsa da, qələbə qazanmış kimi təqdim edərək geri çəkilsə, reaksiya necə olacaq.
Buna cavab olaraq Putin elitadan o qədər mənfi reaksiya aldı ki, onun hər şeyi dəyişməkdən başqa çarəsi qalmadı. Hadisələri elə qələmə verməyə çalışdı ki, guya, heç bir yerə geri çəkilmək fikrində deyil, bütün məqsədlərə nail olmaq üçün tapşırıqlar yerinə yetiriləcək. Bu barədə hakimiyyət səlahiyyətlilərinin çıxışlarına diqqət etmək kifayətdir ki, bu fərqi görmək mümkün olsun.
İndi Putin liderdən böyük və şəksiz qələbələr tələb edən elitanın girovuna çevrilib və bununla da Rusiya prezidenti özünü həll olunmayan problemlərin uçurumuna sürükləyib. Bir neçə gün əvvələ qədər elita nümayəndələrini qorxu içində və tam itaətdə saxlayan Putin indi onların istək və tələblərinə tabe olmağa məcburdur. Və həm elita, həm də birləşmiş Rusiya cəmiyyətinin əksəriyyəti indi ondan bir şey tələb edir -  denazifikasiya və Ukraynanın tam məğlubiyyəti ilə başa çatacaq tam və yekun qələbə söz vermisənsə, "zəhmət olmasa, sözünə əməl et". Hələlik hər şey Putin və bütövlükdə ölkə üçün zuqzvanq, hətta, seytnot kimi görünür. Bu vəziyyətdən çıxış yolu varmı, sualına cavab vermək isə çox çətindir...

Dadaş Əhmədli
Paralel.az

0.02694296836853