Rusiya-Ukrayna müharibəsi
Azərbaycana nə vəd edir?
Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
t.abbas1952@list.ru
Rusiyanın zəif düşməsi regiona azadlıq gətirəcək
Ukraynanı üç günə işğal etməyi planlaşdıran Rusiya məqsədini həyata keçirə bilmədi. Hərbi təcavüz 36 gündür davam edir. Bu müddətdə Rusiyanın hərbi təcavüzdən əldə etdiyi «qazanc» çox acınacaqlıdır. Ukraynaya hərbi təcavüz nəticəsində trilyonlarla ziyana düşən Rusiya hər gün iqtisadi qüdrətini itirməkdə davam edir. Rusiya prezidenti nüvə silahından istifadə edəcəyilə dünya nəhənglərini qorxudub Rusiyanı gücləndirə biləcəyinə ümid edirdi. Rusiyanın Ukraynaya təcavüzü-nün 36 günlük nəticələri deməyə əsas verir ki, artıq Putinin ümidi puça çıxdı.
Polşada ABŞ əsgər və zabitlərilə görüşən prezident C. Bayden, hətta Rusiya prezidenti V. Putini hərbi cinayətkar adlandırdı, onun hakimiyyətdə qala bilməyəcəyini bəyan etdi. Ukraynaya təcavüz etməklə, Rusiya ABŞ və Avropanın onun üçün çoxdan düşündüyü iflas planına xidmət etdiyini gec də olsa, indi başa düşür.
Rusiyanın hərbi təcavüzünə qarşı olan dövlətlərin sayı hər gün artaraq dünyada 140-ı keçib. Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləyən ölkələrin sayı isə çox azdır.
Azərbaycanın hakimiyyət dairələri Rusiya-Ukrayna müharibəsinə münasibətdə neytral, yəni hər iki tərəflə dostluq mövqeyi nümayiş etdirərək, hər hansı birinə üstünlük vermir. Azərbaycan xalqı isə birmənalı olaraq Ukrayna xalqının haqq mücadiləsini müdafiə edir. Azərbaycan rəsmi dairələri müharibə edən hər iki tərəflə dostluq münasibətini qoruyub saxlayır. Lakin Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan isə, bu təcavüzkar müharibədə hərbi təcavüzkar Rusiyanın tərəfini tutaraq, Ukraynaya qarşı döyüşməyə 4 təyyarə göndərməklə təcavüzə dəstək verir.
Rusiyanın Azərbaycan dövlətinin və xalqının taleyində yaratdığı faciələri, düşmənçiliyi heç kim dana bilməz. Bu həqiqəti təsdiq etmək üçün tarixi vərəqləmək və hazırda davam edən işğal faktına nəzər salmaq yetər. Lakin Azərbaycanla Rusiya arasında tarix boyu və bu gün də davam edən bütün mənfi proseslərə baxmayaraq, ölkəmiz Rusiyanın maraqlarını qarşı açıq şəkildə çıxmamaq zorundadır. Çünki Rusiya bütün dövrlərdə - həm çarın, həm bolşeviklərin, həm də müasir dövrdə heç vaxt Azərbaycanla dost kimi yox, daim düşmən kimi davranıb, ölkəmizi işğal, istismar edib və edir.
Bəziləri ölkənin hakimiyyət dairələrini Rusiyanın nazı ilə oynamaqda, onun maraqlarını qorumaqda və göstərişlərinə boyun əyməkdə ittiham edirlər. İlk baxışda bu ittihamlar haqlı görünsə də, dünyanın müasir şəkillənməsində Rusiyanın nüfuz dairəsində olmaqla, onunla qonşu olan ölkə kimi, Azərbaycanın Rusiya ilə hesablaşması, onun maraqlarının ziddinə addım atmayaraq dostluq münasibəti saxlaması siyasəti yeridir.
Hazırkı Rusiya hakimiyyət dairələrinin istəyinə qalsa, Azərbaycan müstəqil dövlət kimi mövcud ola bilməz, yalnız Tatarıstan, Başqırdıstan, Udmurtiya, Çeçenistan və sairə kimi, Rusiyanın daxilində respublika və ya xırda bir quberniya kimi tam işğal altında olar.
Amma taleyin Azərbaycana bəxş etdiyi coğrafi mövqeyi və türk dünyası ilə ərazi bağları Rusiyanın bu istəyini gerçəkləşdirməyə imkan verməyib.
Amma bu hec də, o demək deyil ki, Rusiya Azərbaycanın daxili və xarici siyasətinə təsir etmir, ölkəmizin regionda və dünyada tam müstəqil dövlət kimi hərəkət etməsinə imkan verir! Vermir!
Rusiya Ukraynaya hərbi təcavüz etməklə, beynəlxalq nüfuzunu tam itirir, özünü siyasi və iqtisadi böhrana salır. Rusiyanın bu böhrandan tez və itkisiz çıxması mümkün deyil.
Bunun iki səbəbi var. Əvvəla, Rusiya dünyanın təbii sərvətlərinin 40 faizinə malik olsa da, sürətlə inkişaf edən dünyanın müasir texnoloğiyalarının iqtisadiyyata tətbiqi sahəsində çox geri qalmış ölkədir. İkinci, Rusiyada yaşayan yüzdən çox xalq istismar şəraitində yaşadığı üçün imperiyanın əsarətindən qurtulmaq istəyir, özünün müstəqil dövlətini qurmaq arzusu ilə mübarizə aparır.
Müharibə nəticəsində məğlub duruma düşmüş, siyasi, iqtisadi baxımdan tam zəifləmiş Rusiya ilə güclü iqtisadiyyata malik olan Azərbaycan arasında münasibətlər, müharibə bitdikdən sonra, yeni dünya düzəninə uyğun qurulacaq, ən azı, rus sülhməramlıları və erməni işğalı altında qalmış 3 min kv.km Azərbaycan torpaqları azad olunacaq.
Ən əsası, Azərbaycan dövləti Rusiya nökərlərindən ibarət olan "5-ci kalon" nümayəndələrinin istismarından nisbətən xilas olacaq, hakimiyyət Rusiyanın təsirindən uzaqlaşacaq və xalqın problemlərilə yaxından məşğul olmağa başlayacaq...
Yazılarımda hər dəfə qeyd etmişəm və təkrar qeyd edirəm ki, Azərbaycanda dövlətin güclənməsinin və xalqın həyat şəraitinin yüksək səviyyədə yaxşılaşmasının əleyhinə olan bütün mövcud mənfi proseslər bilavasitə Rusiyanın ölkəmizə qarşı bəslədiyi dərin düşmənçilik siyasətilə bağlıdır.
Rusiyanın Ukraynadakı məğlubiyyəti Azərbaycan xalqının, o cümlədə Rusiyada və postsovet məkanında rus şovnizminin istismar boyunduruğu altında yaşayan xalqların azadlığa çıxmasına töhfə verəcəkdir...