Sənət yüngül musiqidən ibarət deyil...
“Həftəbecər kulinarlar”ın bozbaşlarının iyi ekranlardan gəlir
Hər zaman olduğu kimi, bu gün də böyük təsir vasitəsi olan telekanallarımız kiçik işlərlə məşğuldur.
Vaxtaşarı qınaqlara, tənqidlərə, tövsiyələrə baxmayaraq, televiziyalarımızda cəmiyyətin mənəvi inkişafına mənfi təsir edən verilişlərin sayı gündən-günə artır.
Maraqlıdır ki, tv rəhbərləri özləri də bilirlər ki, bayağı verilişlərlə televiziya reytinqini yüksəldə bilməzlər. Məsələnin təəccüb doğuran tərəfi də var. Elə bil bu rəhbərlər heç papaqlarını qarşılarına qoyub fikirləşmirlər ki, nə sənət yüngül musiqidən ibarət deyil, nə də, bu ölkə müstəqilliyini ona görə əldə etməyib ki, böyük təsir vasitəsi olan televiziya səviyyəsiz müğənniciklərin reklamı ilə məşğul olub, vaxtını keçirə. Sənət ədəbiyyat, heykəltəraşlıq, rəssamlıqdır, musiqi adı altında lazımsız dınqıltının təqlidi deyil.
Heç olmasa, arada bir MM-in hazırladığı qanunlara nəzər salıb, deyilənlərə riayət oluna...
Milli Məclisin hazırladığı qanunda göstərilən müddəalar həmin qurum tərəfindən telekanallara göndərilməlidir. Və MTRŞ da televiziyalara bildirməlidir ki, gələcək nəslin inkişafı üçün maarifləndirici verilişlərin sayı artırılsın, “Çal oynasın Əjdər əmi”yə bənzər “musiqi yarışmaları”na son qoyulsun. Biz heç, istədiyimizi görə, eşidə, ala bilmədik, heç olmasa gələcək nəsilə yazığınız gəlsin, belə inkişaf olmaz! Yarışma keçirməyə bu qədər meyillisinizsə, onda qoy bu yarış milli-mənəvi dəyərlərimizin təbliğatı istiqamətində keçirilsin.Vətənpərvərlik ruhunda verilişlərin sayı artırılsın. Daha o verilişlər millət yatandan sonra, gecə saat 2-də, 3-də verilməsin. Bunun xeyiri yoxdur.
Amma nə yazıqlar, hələlik, görünən odur ki, bu sahəyə rəhbərlik edənlərin məqsədi xalqa xidmət etmək deyil. İllərdir bu mövzunun müzakirəsi hökumət masasına qədər gedib çıxsa da, vəziyyət dəyişməz olaraq qalır.
Dərd bir olsa, nə var ki... acınacaqlı tərəflərimizdən biri də televiziyalarımızda öz məhsulumuzun olmaması, ayrı-ayrı ölkələrin tanınmış televiziyalarının sosial xarakterli verilişlərinin təcümə edilməsidir. Öz məhsulumuz reytinq xatirinə ailə - məişət yükünün ağırlığından doğan gözü yaşlı insanların ekranlara çıxarılması, acı gülüş doğuran şou xarakterli şit verilişlər, heç bir məna kəsb etməyən “tamaşalar”dır. Azərbaycan ailəsindəki qadını yalnız ərinin üstünə çəmkirən obrazda göstərən ssenarilər əsasında çəkilən seriallar isə içimizdəki erməni xislətlilərin məhsuludur. Bunların hamısı birbaşa milli - mənəvi dəyərlərimizi kölgədə qoymağa aşılamağa hesablanmış əməllərdir.
Hələ ekranları zəbt etmiş “həftəbecər kulinarlar”ın bozbaşı, dolmanı, küftəni təqdim etməklərini demirəm, sanki beş min olan telekanallarımız illik tarixi olan Azərbaycan xalqı mətbəxindən bixəbərdir.
Etiraf edək ki, qonşu dövlətlərin televiziyalarını izləyəndə ruhumuz dincəlir. Ona görə ki, burada ixtisaslaşma var, müxtəlif sahələrin ətrafında aparılan tədqiqatlara uyğun təqdimat var.
Məsələn, qardaş Türkiyənin televiziyalarında bu gün qlobal məsələlərin təhlili gedir. Bu təhlillərə baxandan sonra, Azərbaycanda elmli, təcrübəli, yol göstərən işıqlı insanların olmasına şəxsən şübhəylə yanaşıram. Bilirsiz bu şübhə hardan doğur? Bu gün müəllimin, həkimin və bütün peşə sahiblərinin hər birinin müsəlləh əsgər olması gərəkən bir vaxtda, insanların hər an xəbər gözlədiyi televiziya ekranlarını ziyalılarımız, zəngin dünya görüşlü insanlarımız deyil, danışığını, hərəkətini, oturuşunu, duruşunu, geyimini normal qaydada tənzimləyə bilməyən “həftəbecər gülbiçələrin” zəbt etməsindən doğur... Bax, dediyim şübhənin kökü burdadır. Bu bizim faciəmizdir!
Bəli, hələ də Azərbaycan televiziyasında bəşəriyyətin bu günü, sabahı və gələcəyi ilə bağlı dünya səviyyəli alimlərin fikirlərini özündə ehtiva edən analitik verilişlərimiz yoxdur. Oxşadırlar, lakin yeniliyi ehtiva etməyən, çeynənmiş şablon kəlimələri əzbərləmiş, gözümüzü mazol etmiş bir sıra məzmunu bəlli olmayan fikirləri artıq insanları çoxdan yorub...
Bu da bizim faciəmizdir!
Yenə qonşulardan misal gətirmək məcburiyyətindəyəm. Onların şoosu, işbazlar ayrıca adıməlum kanallarda təqdim olunur. Bizdə isə kanallar universaldır, guya hər şey var, amma əslində heç nə yoxdur. Biz yol gedərik, lakin unutmayaq ki, çəkilməsi ağır olan dərdimiz gələcək nəsllərin üzərindədir.
Televiziyanın qəzet və radiodan fərqi vizual olaraq, xəbər etmədən bütün evlərə daxil olmasıdır. Sürətlə inkişaf edən texnoloji dəyişikliklər dünyanı ovucumuza sığacaq qədər kiçildib. Artıq bu informasiya vasitəsi qonaq “batman”ından çıxmış ailə üzvü kimidir.
Əgər bu vasitə evimizə qədər gəlibsə, deməli ona olan təlabat ödənməlidir. Amma məsələnin digər tərəfi var. Televiziya tələbatı ödəməyə cəhd etdikcə, yaradıcılıq mühitinin səviyyəsi aşağı düşür, bayağılıq artır, nəticədə idarəolunmaz xaos yaranır. Səbəb tamaşaçı auditoriyasının yaş fərqi, cins fərqi, sosial statusudur və sairə.
Təsirin yanlış üzü...
XX əsrin ən böyük icadlarından olan televiziyada təqdim olunan proqramlar istər böyüklərə, istər uşaqlara bir çox tərəfdən təsir etmə gücündədir. Əslində fikirim burada olan bütün proqramları zərərli olaraq dəyərləndirmək deyil.
Məsələn, elə serial var şiddət xarakterlidir, gənclərin mənfi hisslərini oyadıb hərəkətə gətirir, nəticə göz qabağındadır, cəmiyyətdə şiddət artmaqdadır.
Əvvəllər dövlətin kütləvi informasiya vasitələrinin məzmunu və yayılması üzərində nəzarət edən senzura adlı bir qurum var idi.
Bu, söz, mətbuat və informasiya vasitələrinin dövlət, ictimayyət və digər ictimai müəssisələrin maraqlarına uyğun məhdudlaşdırma forması kimi qəbul olunsa da, indiki tv məkandakı özbaşınalıqdan çox-çox yaxşıdır.
Hamımız bilirik ki, filmlərdəki qəhrəmanların milyonlarla gəncin xarakterinin formalaşdırmasında güclü təsiri var. Bu gün əgər rola girmiş modelin, aktyorun alovlu və saxta həyatı reklam olunub normal həyat tərz olaraq göstərilirsə, Azərbaycan ailəsinin pul, intiqam və mövqe üçün hər şeyi riskə atmasına da adi hal kimi baxılacaq. Reytinqin yüksəlməsinə xidmət edən bu qeyri-adi və əxlaqsız münasibətlər, təəssüf doğurur. Həyatın ssenarisi ilə, filmin ssenarisini dəyişik salanların vay halına!
Nəzarətin olmamasından həvəslənən istehsalçılar, bilə-bilə ən absurd ssenariləri tətbiq edərək ölkəmizə, xalqımıza, dəyərlərimizə böyük ziyan vururlar. Ailə anlayışının müqəddəsliyi ölkəmizi yaşadan ən böyük sütundur, bunu unutmaq olmaz!
Şahnaz Salehqızı
Paralel.az