Vətəndaş problemlə üzləşib
Bakının Abşeron rayonu, Masazır qəsəbə sakini Fidan Tağıyeva problemlə üzləşib. Qəsəbə sakininin AİB-ə ünvanladığı müraciətdə deyilir: “ Mən 20.10.2021 tarixində “Kontakt Home” mağazalar şəbəkəsinin Kontakt Home 7 (20 Yanvar) ünvanında yerləşən filialından 353175864679744 İMEİ kodlu iPhone 12 PRO MAX 256 GB – GOLD telefonunu 500 manat ilkin ödəniş etməklə 6 aylıq faizsiz kreditə götürmüşəm. Aylıq 455 manat ödəyirəm, telefonun ümumi dəyəri 3230 manatdır. Mənə “Kontakt Home” tərəfindən zəmanət talonu verilmədi. Telefonu istifadə etməyə başlayanda ön kamerasının təmiz çəkmədiyini gördüm, amma qiymətinə görə keyfiyyətli olduğunu düşünüb qaytarmadım. Ödənişləri vaxtı-vaxtında, bəzən erkən də edirdim.
2022-ci ilin fevral ayında qoruyucu şüşəni çıxarandan sonra çox böyük məyusluq yaşadım. Telefon həqiqətən də bulanıq çəkir. Rənglər solğundur və şəkil dəqiq cizgiləri bildirmir. Qeyd edim ki, bu vaxta qədər ön kamera mənim üçün böyük bir əhəmiyyət kəsb etmirdi, yeni başladığım işdə ön kamera zəruri olduğu üçün əvvəl qoyduğum üzlüyü çıxardım və kameranın pis çəkdiyini hiss etdim. Mənim dərslərim ön kamera ilə çəkdiyim videolara əsaslanır deyə, bunun problem olduğunu deyirəm.
Mağazaya müraciətdə “Kontakt Home”nin servisinə yönləndirildim. Servisdə diaqnostika etdikdən sonra problem aşkar olunarsa, telefonun yenisi ilə əvəzlənəcəyi bildirildi. Telefon məndən təhvil alındı və bir həftə sonra “Alma Store”nin rəyini görüb bir daha məyus oldum. Sənəddə yazılmışdı ki, cihaz açılmadan diaqnostika olundu və problem aşkar olunmadı.
Telefonun ya eyni markalı qüsursuz təzə telefonla dəyişdirilməsini, ya da ödədiyim 2320 AZN məbləğin mənə qaytarılmasını xahiş edirəm. Bu barədə müvafiq dövlət orqanlarına və KİV-lərə məlumat verilsin ki, alıcılar bu şəbəkədə aldadılmasın”.
Nigar