İlham İsmayılov:
“Rusiya sülhməramlıların son hərəkətləri vaxtından əvvəl ölkəmizdən çıxarılmasına əsas yaradır”

İlham İsmayılov:“Rusiya sülhməramlıların son hərəkətləri vaxtından əvvəl ölkəmizdən çıxarılmasına əsas yaradır”
 

Artıq bir aydan çoxdur ki, Rusiya Ukraynada işğalçılıq siyasətini davam etdirir. Demək olar ki, müharibənin ağır nəticələrini yalnız Ukrayna deyil, bütün dünya hiss etməkdədir. Rusiya bu işğaldan dolayı bütün beynəlxalq qurumların qınaq obyektinə çevrilib, ölkə iqtisadi embarqolarla az qala defolt səviyyəsinə yaxınlaşıb. Lakin bununla belə Putin hakimiyyəti öz aqressiyasından əl çəkmək istəmir, üstəlik nüvə silahları ilə bütün dünyanı təhdid etməkdədir. Rusiya daxilində internet resurslarını və xarici media yayımlarını dayandırmaqla, ölkədə ciddi senzura rejimi yaradılıb. Iki gün əvvəl Rusiya Federasiyası tərəfindən Azərbaycanın bir neçə kütləvi informasiya vasitələri də bloklanıb. "Haqqin.az" və "Minval.az" saytından sonra "Oxu.az" saytı da Rusiya ərazisində bloklanıb.

Məsələyə münasibət bildirən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü İlham İsmayılov qeyd edib ki, Rusiya hakimiyyətinin müstəqil mediaya qarşı bu cür qərəzi başadüşüləndir:

“Rusiyada bloklanan Azərbaycan saytları rusdilli saytlardır və onlar Rusiya-Ukrayna müharibəsilə bağlı dolğun və geniş iformasiyalar verirlər. Bu informasiyaların demək olar ki əksəriyyəti Rusiyanın işğalçılıq siyasətini ifşa etməklə, Ukraynanın apardığı haqlı mücadiləsini də obyektiv şəkildə təqdim edir. Hesab edirəm ki, rəsmi Kremlin müstəqil mətbuata qərəzinin kökü daxili auditoriyaya hesablanıb. Bilirsiniz ki, Rusiya hakimiyyəti bir aydan çoxdur ki, Ukraynada apardığı işğalçılıq siyasətini daxildə “adi əməliyyat” kimi təqdim edir. Rusiyanın daxilində bu müharibədən rahatsız olan milyonlarla narazı kütlə formalaşıb. Putin hakimiyyəti bu narazı kütləni, eləcə də bütün Rusiya əhalisini yalnız rəsmi Kremlin ruporuna çevrilmiş metbuat vasitəsilə ovutmağa çalışır, Rusiyanı bütün dünyayla savaşırmış kimi təqdim etməyə çalışır”.

İlham İsmayılov Rusiyanın obyektiv mediadan çəkinməsinin və onları bloklamasının daha bir səbəbini isə illərlə formalaşmış güclü ordu mifinin dağılmasında görür: “Rusiya odusu ilə bağlı dünyanın ikinci ən güclü ordusu anlayışı var idi. Bu bir mif idi və Rusiya uzun illər qonşuları ilə bu gücün təsirini hiss etdirərək, hegomonluq edirdi. Ukrayna ilə davam edən bu bir ay ərzində biz həm də onu gördük ki, əslində rus ordusu vahid komandanlığı zəif, ordunun texoloji yenilikləri mənimsəməsi, döyüş üslubu və bir çox parametrlərdə müasir hərb texnologiyasından təcrid formadadır. Əksinə, biz Ukraynanın timsalında daha mütəşəkkil bir ordu, əsgər və komandanlıq içərisində daha yüksək əhval-ruhiyyənin şahidi oluruq. Təbii ki, Rusiya siyasi elitası da bunları yaxşı dərk edir və Rusiya ordusunun çarəsizliyini, dinc əhaliyə qarşı amansız mövqeyini dünyaya göstərilməsindən rahatsız olur. Məhz buna görə də, Putin hakimiyyəti müstəqil mediaya qarşı dözümsüzlük nümayiş etdirirlər”.

ATXƏM sədri son günlər Azərbaycanla Ermənistan arasında yaranan gərginlik və Rusiya sülhməramlılarının tutduğu mövqeyə də münasibət bildirib. O, qeyd edib ki, Rusiyanın 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın maddələrinə əməl etdiyinin hələ ki, şahidi olmamışıq: “İmzalanmış bu bəyanata görə Rusiya erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını təmin etməliydi. Lakin biz ötən bu müddət ərzində prosesin tam əksini görürük. Üstəlik, bu il fevralın 22-də Azərbaycanla Rusiya arasında imzalanmış Moskva Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyinin tanınması ən vacib maddə olaraq göstərilib. Lakin biz Qarabağda yerləşdirilən Rusiya sülhməramlı komandanlığından seperatçılığa yenidən rəvac verməyə cəhd kimi addımlar atıldığının şahidi oluruq. Öz bəyanatlarında Azərbaycan yer adlarını bilərəkdən ermənicə təqdim etməklə, eləcə də “Dağlıq Qarabağ Respublikası” kimi suverenliyimizə təhdid ifadələr işlətməklə öz sülhməramlı mandatını çoxdan şübhə altına alıb. Bu ordunun ermənipərəst mövqe tutması artıq hər kəsə aydındır. Rusiya sülhməramlıların son hərəkətləri isə üçtərəfli bəyanatda göstərilmiş vaxtından əvvəl ölkəmizdən çıxarılmasına əsas yaradır”.

Paralel.az

0.015760898590088