Güzgü prinsipi və simmetrik status
1991-ci ildən bu yana daim ictimai şüura daxil etməyə çalışdığım simmetrik status ideyası artıq Ukrayna Prezidenti tərəfindən də qəbul edilib. Rus dilinin ikinci dövlət dili kimi qəbul edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən Zelenski dillərə bərabər hörmət (zerkalnaya uvajeniya k yazıkam) prinsipi ilə yanaşmağı təklif edib. Bu o deməkdir ki, əgər Rusiyada ikinci dövlət dili ukrayna dili olacaqsa, Ukraynada rus dilinə eyni status verilə bilər. Kimsə öz şəxsi vəsaiti hesabına Ukraynada rus dilində xüsusi məktəblər (çastnıe şkolı) açmaq istəyirsə, buyurub açsın, bir şərtlə ki, Rusiyada eyni şəkildə ukrayna dilində xüsusi məktəblərin açılmasına imkan verilsin. Zelenski bu şərtlərlə Rusiya ilə müqavilə imzalamağa hazır olduğunu bildirib.
Rus dilində təhsillə bağlı Azərbaycan cəmiyyətindəki narahatçılğı nəzərə alaraq bu məsələdə deyilən güzgü prinsipinin tətbiq edilməsini məqsədəuyğun sayıram. Laçın və Zəngəzur dəhlizlərinin, Azərbaycanda yaşayacaq ermənilərin statusu ilə Ermənistanda yaşayacaq azərbaycanlalıların statusu da eyni qaydada həll olunmalıdır. Cəmiyyətimizin ən müxtəlif təbəqələri bu prinsipi dəstəkləyir, indiyədək bu prinsipin əleyhinə olan bir kimsəni xatırlamıram. Ötən il İlham Əliyev də dəhlizlərlə bağlı simmetrik status prinsipini dəstəkləyən bir açıqlama vermişdi. Bununla əlaqədar, Azərbaycanın rəsmi mövqeyi bu və ya digər şəkildə bir daha bəyan edilsə, daha yaxşısı Milli Məclisin qəbul etdiyi qərarda açıqlansa, bu beynəlxalq aləmdə bu mövzular ətrafında gedən müzakirələrdə daha üstün mövqedə olmağımıza yardımçı ola bilərdi.
Vaqif Hacıbəyli