Xankəndinə təbii qaz Ermənistandan ötrülür
Eyyub Hüseynov: "Bəziləri elə başa düşüb ki, biz guya ermənilərə qaz veririk"
Paralel az xəbər verir ki, son günlər cəmiyyətdə Xankəndinə qazın verilməsi barədə ciddi müzakirələr gedir. Sosial şəbəkələrin Azərbaycan seqmentində bəzi istifadəçilər Xankəndinə təbii qazın Azərbaycan tərəfindən verilməsini iddia edir. Lakin bu heç də belə deyil, boru kəməri Azərbaycanın nəzarətində olan ərazidən keçsə də, təbii qaz Xankəndinə Ermənistandan ötürülür.
Bu xüsusda saytımıza açıqlama verən "Azəd İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov deyib ki, Xankəndinə təbii qaz verilməsi ilə bağlı "Azəriqaz" İB-in açıqlaması sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirəyə səbəb olub:
"Bəziləri elə başa düşüb ki, biz guya ermənilərə qaz veririk. İlk növbədə hamı bilməlidir ki, Xankəndinə təbii qaz Ermənistandan verilir, amma boruya tam nəzarət bizdədir. Ona görə də həmin boru xəttində yaranmış problemi "Azəriqaz" İB aradan qaldırır, borunu təmir edir.
Ermənistan rəhbərliyi də bilir ki, bu boru müvəqqətidir, hər şey Azərbaycandan asılıdır. Ona görə səs-küy salıblar. Yaxşı başa düşürlər ki, Azərbaycan öz ərazisində nəyin nə olacağını təyin və təmin etmək hüququna malikdir.
Ermənilər ağıllarını başlarına toplamasa təbii ki, nəticəsi də ağır olacaq. Onlar “Azəriqaz”ın istehlakçısı olduqlarını anlamalı və buna maraq göstərməlidirlər. Çünki çox keçməyəcək onlar kommunal təminatları ilə bağlı yalnız Azərbaycanın rəsmi qurumlarına müraciət edəcəklər".
Akif Nəsirli