Dos. İlham Əhmədov: "Təhsil islahatlarının elmi təminatı zəruridir"

Dos. İlham Əhmədov:
 

     

" ... Təhsilimizin irəli getməsi üçün elmi tədqiqatlar lazımdır. Bu çərçivədə yeni təhsil siyasəti modellərini yaratmaq mümkündür. Bura təhsilin məzmunu, metodikası və digər məsələlər aiddir. Həmin dəyişiklikləri birbaşa yox, ardıcıl pilot layihələr çərçivəsində tərbiq etmək olar". (Təhsil naziri, E. Əmrullayev)

Təhsil Naziri E. Əmrullayev "Təhsil İnstitutu"nun 90 illiyinə həsr edilmiş tədbirdə çıxış edərkən, bu səpkidə təklif vermişdir.

Təhsil nazirliyi nəhayət ki,  yöğölan problemlərin həll yolunu müəyyən etməyə yaxındır. Müstəqillik illərində ilk dəfədir ki,  təhsil islahatlarının elmi təminatı məsələləri gündəmı gəlir. TN-nin bu qənaətə gəlməsi müsbət haldır. Amma nə dərəcədə buna nail olacaqlar? Bu problemlərin həlli, bu işlərin icrası TN və Təhsil İnstitutunun məhdud imkanları ilə heç cür reallaşa bilməyəcək. Bu istiqamətdə Universitetlərin, xüsusi ilə pedaqoji profilli universitetlərin elmi potensialından, müstəqil ekspertlərin təcrübəsindən, elmi potensialından geniş istifadə edilməli, müvəqqəti elmi -tədqiqat və layihə qrupları yaradılmalı, onların bu istiqamətdə elmi tədqiqat fəaliyyəti büdcədən maliyyələşdirilməlidir (qrant layihəsi və ya Dövlət Proqramları çərçivəsində).

Çox təəssüf ki, son 30 ildə universitetlərin və bu istiqamətdə fəaliyyət göstərən digər qurumların elmi potensialından, hökumət, qeyri-hökumət və özəl qurumların imkanlarından istifadə edilməyib (yalnız TN yaxın, "tərəfdaş" qurumlardan başqa, onlar bu illər ərzində təhsilə heç nə verə bilməyiblər, hərçənd ki, xeyli maliyyə vəsaiti sərf edilib  bu  illər ərzində,  proses bu gün də davam edir, qrant yolu ilə).

Universitetlərdə aparılan elmi tədqiqatlar "ictimai əsaslarla" reallaşdığından, normal maliyyələşmədiyindən heç bir səmərəsi olmur (universitetlərə il ərzində elmi-tədqiqat  işlərinə qəpik-quruş  vəsait  ayrılır, 20 ildir ki, bu belədir). Nəhayət TN bilməlidir ki, elmə əsaslanmayan islahat, maliyyələşməyən elmi araşdırma əbəs yerə vaxt itkisidir. Elmi araşdırma maliyyə tələb edir. Bu məsələlər nəzərə alınarsa, islahatların irəliləməsinə şans yarana bilər.

Bu tədbirdə təhsil naziri daha sonra bildirib: "Düzgün suallar qoymaqla və bunun ətrafında müzakirələr aparmaqla təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar". Məncə, nazirlik müzakirələrə açıq olarsa, təhsilə dair verilən təklifləri ciddi araşdırarsa, movcud potensialı bu problemlərin həllinə yönəldərsə, tədricən dəyişikliklərə nail olmaq mümkündür. Şəxsən mən son 15 ildə təhsilə dair 100-dən artıq  məqalələrimdə kifayəət qədər təkliflər vermişəm, amma çox az maraqlanan olub onlarla, xüsusən son 8 ildə heç maraq göstərən olmamışdır, sanki, TN-də dövrü  mətbuatı və pedaqoji jurnalları oxumurlar.

Daha sonra nazir bildirib ki, Azərbaycan bir çox beynəlxalq elmi tədqiqatlarda iştirak edir və nəticələrimiz elə də yüksək olmur: "Reytinqdə niyə aşağıdayıq və günahkar kimdir? Bu suallara cavab tapmaq lazımdır. Şikayət etməklə təhsil sistemi irəli getmir. Sistem o zaman irəli gedər ki, problemi tapıb onun həlli istiqamətində çıxış yolu tapmalıyıq".   "Reytinqdə niyə aşağıdayıq və günahkar kimdir? Bu suallara cavab tapmaq lazımdır.”   Nazirin bu suallarına 2008-ci ildən bu  yana bir neçə dəfə cavab vermişik.

Bütün bu problemləri gec də olsa həll etmək üçün TN bu sahədəki bütün resurslardan, o cümlədən azsaylı insan kapitalından səmərəli istifadə etməlidir. Universitetlərin nəznində təhsil yönümlü yeni elmi tədqiqat mərkəzləri yaradılmalıdır. Yalnız bu yolla, elm və təhsilin inteqrasiyası zəminində təhsilimiz inkişaf edə bilər. Bəlkə bu halda NK-nin müəyyən etdiyi tələblər səviyyəsində "Tədqiqat Universitetləri" yaratmağa  da yaxınlaşarıq.

 Paralel.az

 

0.015555858612061