Rusiyanın "Blitzkrieg" planı alınmadı : "Sən saydığını say, gör Ukrayna ordusu nə sayır"

Rusiyanın
 
 
Ərəstun Oruclu:
"Dünyanın müxtəlif nöqtələrində baş verən müharibələrlə bağlı tez-tez rastlaşdığımız terminlərdən biri də "Blitzkrieg"dir. Almancadan dilimizə termin kimi tərcüməsi olmadığından onun mənasını şərti olaraq "ildırımsürətli müharibə" kimi qəbul etmək olar. Ümumiyyətlə isə bu termin bütün dillərdə elə almanca səsləndirilir.
Müharibəyə başlayan ölkələrin əksəriyyətində Blitzkrieg daha çox qarşı tərəfə qarşı təbliğat kimi istifadə olunur. Bunu elə həmin terminin özünün yaranma tarixi də deyir. Bir çox mənbələr terminin 1935-ci ildə Vermaxt (həmin dövrdə alman ordusunun adı) generalları arasında yarandığını qeyd edirlər.
Britaniyalı tarixçi David Reynolds iddia edir ki, bu termin Almaniya ordusunda ümumiyyətlə heç vaxt rəsmi hərbi doktrina kimi qəbul edilməyib və yalnız təbliğat məqsədilə istifadə olunub. Bunun səbəbi kimi müəllif Blitzkrieg termininin Adolf Hitlerin "tamamilə sərsəm termin" adlandırdığını göstərir.
Karl-Haints Frieser isə "Blitzkrieg əfsanəsi" kitabında terminin 1940-cı ilədək Qərb mediasının ondan geninə-boluna istifadəsinin məhsulu sayır. Bunun səbəbi kimi müəllif Almaniyanın Polşaya və Fransaya qəfil hücumlarını göstərir ki, həmin hücumların sürətli və qəfildən olması bu iki ölkənin ordularının müdafə xəttinin yarılmasını qeyd edir.
Digər araşdırmaçılar isə terminin yaranmasının səbəbi kimi İkinci Dünya Müharibəsində tank birləşmələrinin və aviasiyanın rolunun önə çıxmasını, beləliklə də müharibənin ümumi sürətinin xeyli artmasını qeyd edirlər. Beləliklə də məlum olur ki, Blitzkrieg yaranmış yeni tendensiyanın təbliğat məqsədilə istifadəsinin adı olub.
O da maraqlıdır ki, bu gün Blitzkrieg daha çox Rusiya mediası və ekspert dairələri tərəfindən istifadə olunur. 44 günlük müharibənin ikinci həftəsində azərbaycanlılar haqda aşağılayıcı ifadələr işlədən tanınmış rusiyalı hərbi ekspert Mixail Xodoryonok "Göründüyü kimi, Blitzkrieg alınmadı" demişdi.
Rusiyanın Ukraynaya hücumu termini yenidən və bu dəfə də Rusiyanın mediası, ekspert dairələri və hərbçiləri tərəfindən gündəmə gətirdi. Onlardan xeylisi Kiyevin cəmi 3 günə alınacağını, Ukraynanın isə bir həftəyə təslim olacağını iddia edəndə məhz həmin termindən istifadə edirdilər.
Amma necə deyərlər, "sən saydığını say, gör Ukrayna ordusu nə sayır". Ukrayna ordusunun saymağı isə Rusiyaya çox baha başa gəlməkdədir. Pentagondan sızdırılan bilgilərə görə Rusiyanın 10 ordu birləşməsinin artıq 4-ü döyüş qabiliyyətini itirib, ordunun 3 həftəyə azı 5 (Ukrayna tərəfə görə isə 6) generalı itirməsi isə biabırçılıq kimi qiymətləndirilir.
Haşiyə çıxım ki, müharibə dövründə yayılan məlumatlar etimad doğura bilməz, amma ortada konkret faktlar var ki, onların əsasında ümumi mənzərəni təsəvvür etmək mümkündür. Belə faktlardan biri və birincisi Rusiya ordusunun Ukraynanın heç bir böyük şəhərini işğal edə bilməməsidir.
Digər faktlar isə Rusiya ordusunun çoxsaylı zirehli texnika kolonlarının məhv edilməsinin foto və videogörüntüləridir. Ümumi mənzərəni anlamağa kömək edən digər bir məqam da əsir götürülmüş çoxsaylı Rusiya hərbçilərinin görüntüləridir. Bunların hamısı Rusiya ordusunun müharibənin cəmi 25 günü ərzində hansı vəziyyətə düşməsini göstərən danılmaz faktlardır.
Burdan da bir sual meydana çıxır ki, bəs Rusiya əhalisi baş verən faciənin miqyasını görmürmü ki, hələ də müharibəni dəstəkləyir? Həqiqətən də Rusiya əhalisinin böyük əksəriyyəti Putinin Ukraynaya qarşı işğal siyasətini dəstəkləyir və bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var.
Obyektiv səbəblərdən ən başlıcası Kremlin illər boyu apardığı çirkin təbliğatın əhalinin (internet resurslarından istifadə etməyən) böyük bir hissəsində Ukrayna haqqında deformasiyaya uğramış təsəvvürün yaranmasındadır. Putinin mürtəce siyasətinə dəstəyin digər bir obyektiv səbəbi insanların beyninə NATO, Qərb, ABŞ təhlükəsinin davamlı olaraq yeridilməsidir.
Kremlin illər boyu apardığı və ilk baxışdan bayağı görünən təbliğatı öz işini görmüşdür. Bu təbliğat nəinki etnik ruslarda, həm də Rusiyada yaşayan digər xalqların da nümayəndələrinin bir hissəsində Moskva üçün lazım olan ictimai rəyi yaradıb. O cümlədən də azərbaycanlıların, özü də təkcə Rusiyada yaşayanların deyil.
Subyektiv səbəblərdən ən əsası Rusiya toplumunda hökm sürət şovinist-imperialist təfəkkürün dominantlıq təşkil etməsidir. Digər bir subyektiv səbəb isə Rusiya cəmiyyətinin böyük bir hissəsinin özünün və ölkəsinin taleyini Putinlə bağlamasıdır: "Putin nə edirsə düz edir, çünki nə lazım olduğunu o, hamıdan yaxşı bilir" düşüncəsi.
Sonuncu bizə də yaxından tanış olan yanaşmadır...
Hələ sovet illərində Britaniya kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb olunaraq bu ölkəyə qaçmış sovet hərbi kəşfiyyatçısı Vladimir Rezun "Viktir Suvorov" təxəllüsü ilə dərc etdiyi "Аквариум, День М, Ледокол" trilogiyasında bir çox məsələlərlə yanaşı İkinci Dünya Müharibəsinin başlanması haqda da ətraflı yazır.
Suvorov bildirir ki, həm SSRi, həm də Almaniya Ribbentrop-Molotov Paktını imzalayanadək (23 avqust 1939) müdafiəyə hazırlaşırdılar, Şərqi Avropanı böldükdən və bufer zonanı aradan qaldırdıqdan sonra isə hər iki tərəf hücuma hazırlaşmağa başlayır. Müəllifə görə bundan sonra əsas nəticə hansı ölkənin ilk hücum edəcəyindən asılı idi.
İxtisasca hərbi tarixçi olan Suvorov Almaniyanın hücuma tam hazır olmadığını, amma SSRİ-nin onu önləyəcəyindən ehtiyat edərək ilk hücumu etdiyini bildirir. Müəllif onu da bildirir ki, Hitler ordusunun cəmi 3-4 həftə ərzində xeyli irəliləməsinin əsas səbəbi hücuma hazırlaşan Sovet ordusunun müdafiəyə hazır olmaması idi.
Suvorov daha sonra bildirir ki, Kursk və Stalinqrad döyüşlərindən sonra isə Sovet ordusunun sürətlə irəliləməsinin səbəbi də geriyə çəkilən alman ordusunun müdafiə taktikasına keçməyə zamanın olmamaması olub. Suvorova təsadüfən istinad etmədim. Rusiya-Ukrayna savaşında tamamilə fərqli mənzərə müşahidə olunur.
Heç kəsdən sirr deyil ki, Ukrayna ordusu mümkün müdafiəyə, Rusiya ordusu isə mümkün hücuma hazırlaşırdı. Bir o fərqlə ki, Rusiyada həmin hazırlıq elə rusların öz dilində desək, xeyli "халтурно" olub. Hücum edən tərəfin uğursuzluğunun əsas hərbi-taktiki səbəbi də yəgin ki, budur.
İndi çoxlu suallar verilir ki, müharibənin davamı necə olacaq, o, nə zaman dayanacaq? Müharibənin yaxın zamanda dayanacağı inandırıcı görünmür, çünki hal-hazırda tərəflərin əldə etdiyi nəticələr bərabər kimi dəyərləndirilə bilər: Ukrayna Rusiyanın ordusuna, Rusiya isə Ukraynanın infrastrukturuna sarsıdıcı zərbələr vurmaqdadır.
Atəşkəs isə yalnız tərəflərdən birinin mövqeyi zəifləyəndə və ya zəifləməyə başlayanda əldə olunur. Bu gün üçün hələlik belə bir nəticə görünmür. Əksinə, Rusiya Belarusu da müharibəyə qatmağa çalışır və Lukaşenkonun son bəyanatları buna zəmin yaradılması cəhdləri kimi şərh oluna bilər.
Belarusun müharibəyə qatılması isə savaş coğrafiyasının genişlən(diril)məsi və digər ölkələrin də Ukraynaya passiv dəstəkdən aktiv hərbi əməliyyatlara qoşulmasına yol aça bilər. İlk növbədə də Polşanın və Litvanın, çünki bu halda "bufer zona" tam aradan qaldırlmış olur. Bu isə artıq NATO-nun savaşa cəlb olunması demək olardı.
Bunun mümkün nəticələrini isə hərhansı şəkildə proqnozlaşdırmaq belə qeyri-mümkündür. Ümid edək ki, bütün bunlar baş verməyəcək, çünki baş verəcəyi halda bu, uzun illərdir ictimai-siyasi leksikonda dolaşan Üçüncü Dünya Müharibəsinin başlanması demək olardı."
Paralel.az
0.023903131484985