Rusiya böhrandan çıxmaq üçün hamını Çinə yönləndirir
Osman Gündüz:
Limitlər 5 dəfə yumşaldıldı.
Rusiya qeyri-adi antisanksiya tədbirlərini davam etdirir. Bu tədbirlər bəzən bütöv Avrasiya İttifaqı ölkələrini də əhatə edir .
Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı tətbiq edilən sanksiyalardan sonra ciddi iqtisadi sıxıntılar və bahalaşma özünü göstərməkdədir.
Bunu nəzərə alan Rusiyada gömrük rüsumu olmadan şəxsi məqsəd üçün xarici internet mağazalardan 1000 avro məbləğində mal almağa icazə verilib.
Bununla bağlı hətta Avrasiya İqtisadi Komissiyasının qərarı verilib.
Hər bir vətəndaşın sifariş etdiyi bağlamanın çəkisi də 31 kq-dək ola bilər.
Xatırladıram ki, Rusiyada əvvəllər gömrük rüsumu olmadan yalnız 200 avro məbləğində mal gətirmək olardı.
Sanksiyalardan sonra Rusiyada smartfonların və kompüterlərin qiymətində kəskin bahalaşma başlamışdı. Görünür ki, Rusiya hökuməti limit məhdudiyyətini kəskin yumşatmaqla, vətəndaşları Çinin internet mağazalarına yönəltməklə vəziyyətdən çıxmağa çalışır.
Xatırlardıram ki, müharibə başlayandan sonra bütün tanınmış qlobal İT şirkətlər, telefon, kompüter, noutbuk istehsal edənlər, həmçinin prosessorlar, videokartlar, mikrosxemlər və digər kompüter hissələri istehsal edənlər də Rusiyanı tərk ediblər.