Şərin çılpaqlığı...

Şərin çılpaqlığı...
 

Şərin çılpaqlığı...
Həmçinin 3-cü Dünya savaşı, fobiyalar, avrasiyaçılar və rusofillər haqqında

Qəzənfər Həmidoğlu yazır:

Kreml sanki başı kəsilmiş toyuqdur, həyətdə ora-bura hoppanır, sürtünür və ətrafı qana bələyir. Bu, toyuğun son çırpıntılarıdır. Rusiya hakimiyyəti başını itirməsə də, ağlını, mühakiməsini yelə verdiyi şəksizdir...
Tarix çox qorxunc və qəddar dövlətlər və hökmdarlar görüb, amma həm qəddar, həm həyasızını görməmişdi. Putin qanlı savaşı “xüsusi əməliyyat”, Lavrov “dünya nizamı uğrunda döyüşdə epoxal məqam” adlandırır. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Nebenzya isə ukraynalıların Mariupolu işğalçılardan qəhrəmancasına müdafiə etməsinə rəzil şərh verməkdən utanmır: “Mariupol özündə Ukrayna radikallarının cinayətlərinə dair çox sübutlar gizlədir, odur ki, şəhərə bağlanıb qalıblar”.
Mariupol tarixdə Rusiya qəddarlığı və vəhşiliyinin örnəyi kimi qalacaq. Şəhəri əhatəyə alan rus qoşunları 25 gündür oranı bombardman etməklə yerləbir edir. Rusiya dinc əhalinin şəhərdən çıxması üçün humanitar dəhlizə imkan vermir və həyasızcasına qəddar tələbində israr edir:” Mariupolu əvvəlcə Ukraynanın hərbi hissələri tərk etməlidir və yalnız bundan sonra dinc əhali şəhərdən çıxa bilər”. Orta Əsrlərdə qəsbkarlar mühasirəyə aldıqları qalaya belə ultimatum göndərərdilər...
Şər lüt-üryandır, bütün çılpaqlığı ilə ortalıqdadır. Bütün dünya – Avropa, Asiya, Afrika, Amerika sakinləri ekran başında rusların Ukrayna şəhərlərini bombardman etməsinə, dinc əhalinin başına açdığı müsibətlərə film izlərmiş kimi tamaşa edir və dəhşətə gəlir. Qanımız damarlarımızda donur. Elə Rusiya xalqları da öz hakimiyyətlərinin “qardaş ölkədə” nələr törətdiyindən xəbərsiz deyillər. Hər halda, qanmaz deyillər ki, “Qərblə vuruşan” Rusiyanın faktiki olaraq ukraynalıları öldürdüyünü anlamasınlar. Putinin mitinq-konsertdəki çıxışının RF Federasiya Şurasının rəsmi You Tube kanalında yerləşdirilmiş videoyazısının altında minlərlə anti-savaş şərhlər yazıldıqdan sonra həmin videoya girişi bağlamalı oldular. Şərhlərdən birində Putinin müharibəsinə belə qiymət verilir: “Bu, rüsvayçılıq və ağılsızlığın apogeyidir”.
Müharibənin sonuclarından və Kremlin qondarma narrativlərindən asılı olmayaraq kimsə bu faktı tarixdən və yaddaşlardan silə bilməz: 24 fevral 2022-ci il, Kiyev vaxtı ilə səhər saat 04:00-də Rusiya müharibə elan etmədən müstəqil Ukraynaya xaincəsinə hücum etdi...

Rusiya-Ukrayna müharibəsi bəlkə də Üçüncü Dünya savaşının prelüdiyası və yaxud elə özüdür. Hər halda, bu müharibə əvvəlki qlobal savaşlarla müəyyən parallelləri özündə ehtiva edir:
- savaş Avropada gedir;
- Birinci və İkinci Dünya savaşlarında vuruşanlar tərəf dəyişdirməklə bilavasitə və ya dolayısı iştirak və mövqeləri ilə iki cəbhəyə bölünüb - bu dəfə ABŞ, İngiltərə və Fransa Rusiya ilə eyni cəbhədə deyillər, amma Almaniya ilə Yaponiya yenə ruslara qarşıdırlar;
- müharibənin sonuclarının dünyanın soyuq savaşdan sonrakı düzəninə ciddi qlobal korrektələr edəcəyinə şübhələr yoxdur - ən azı Avropanın siyasi mənzərəsi 24 fevraldan əvvəlki kimi olmayacaq.
Üçüncü Dünya müharibəsinə idefiksdə Nüvə müharibəsi - yəni, dünyanın axırını gətirəcək Son savaş kimi baxılır. Üstəlik, rus savaş baltasının Ukraynada daşa dəyməsi, Putinin qeyri-adekvat mesajları və Rusiya diplomatiyasının hərbi ritorikası nüvə riski ilə bağlı bədgümanığa öz töhfəsini verdi - Kreml faktiki olaraq eyham edir ki, dünyanın başı üzərində asılmış bu Domokl qılıncı hər an qırıla bilər. Rusiya batarsa, dünyanı da batıracaqmı? Bu, hərbə-zorba, qeyri-real təhdiddirmi? Hansısa narsist-psixopatın dünyanı batıracağı rasional düşüncədən kənar bir şeydir. Amma bu da faktdır ki, Rusiya liderinin qeyri-adekvatlığı üzündən nüvə savaşı fobiyası ortalıqda kabus kimi dolaşmağa başlayıb. Bunkerdəki tənha adamın hikkəsi insanlığı gör hansı dibə yuvarlayıb ki, Üçüncü Dünya müharibəsinin Nüvə müharibəsi olacağı və dünyanın sonunun çatacağı haqqında mifik-mistik iddia və təsəvvürlər tok-şouların aktual müzakirə predmetinə çevrilib...

Müharibə bir ictimai-siyasi fenomen kimi aqressiya və zorakılığın təzahürü olmaqla yanaşı, həm də özündə qəfil sürprizləri gizlədir, yatmiş refleksləri qabardır. Savaş metafizik anlamda da proqnoza yatmır. 44 günlük Vətən Müharibəsində şişirdilmiş “erməni mifi” basdırıldısa, qalib Azərbaycan xalqı ruhən yenidən doğuldu. Rusiya-Ukrayna müharibəsi isə rus silahının gücünu mifə çevirdi və Ukrayna xalqının içində yatan qəhrəmanlığı, döyüşkən ruhu oyatdı...

Rusiya-Ukrayna müharibəsinə ətraf ölkələrin, onların cəmiyyət və hakimiyyətlərinin, ümumiyyətlə, bütün dünyanın münasibəti bir tərəfdən savaşın gedişinə, işğalın gətirdiyi müsibətlərə, dinc insanların faciəsinə reaksiya ilə bağlıdırsa, digər tərəfdən savaşın sonuclarının, ilk növbədə Rusiyanın udmasının və ya uduzmasının regional və qlobal geosiyası situasiyaya necə təsir edəcəyinə dair gözləntilər və narahatlıqlarla bağlıdır...

19 mart 1945-ci il.Türkiyənin Moskvadakı səfiri Səlim Sarper SSRİ XİN-ə çağırılır. Xarici işlər naziri Molotovun qapısında saatlarla gözlədildikdən sonra Sarperə nota verilir: Moskva 1925-ci ildə imzalanmış Türkiyə-SSRİ Dostluq və Tərəfsizlik Müqaviləsini ləğv edir. Bəhanələri də bu oldu ki, Türkiyə “Çanaqqala boğazını Rusiyaya vermir”.
4 aprel 1945-ci il. SSRİ-nin Ankaradakı səfiri Vinoqradov Türkiyə XİN-ə çağırılır və bildirilir ki, Moskvanın təkliflərini diqqətlə və pozitiv anlamda dəyərləndirməyə hazırdırlar.
Stalin hələ İkinci Dünya müharibəsindən əvvəl İstanbul boğazlarına göz dikmişdi və müharibədən qalib çıxdıqdan sonrasa iştahı xeyli şişmişdi. O, müharibədə tərəfsiz qalan ölkələri də Hitlerin tərəfdarı kimi cəzalandırılmasıni tələb etsə də, Çörçill buna əngəl olurdu. Lakin Stalin israr edirdi. Türkiyənin SSRİ-nin təxribatlarını və mümkün aqressiyasını diplomatik manevrlərlə dəf etmək cəhdləri də təsirsiz idi. 1945-ci il aprelin 25-də BMT-nin qurulduğu San-Fransisko konfransında Moskva daha irəli gedərək Sovet Ermənistanı və İran kürdləri adından Şərqi Anadoluya torpaq tələbi irəli sürür.
Ukrayna son 7 ildə necə Rusiya ekspansiyası ilə üzləşmişdisə, eynisini SSRİ Türkiyəyə yaşadırdı. Ankara artıq anlayırdı ki. ABŞ-ın təhlükəsizlik çətiri altına girməsə, rus yayılımçılığının, yəni, ekspansiyanın qurbanı olacaq. Həmin vaxtdan İsmət İnönünün Qərblə yaxınlaşma səyləri başlayır. Maraqlıdır, bu səylərə görə indi Lavrov hansı arqumentlərlə Kiyevi hədələyirdisə, o vaxt Molotov da Ankaraya həmin təhdidləri edirdi. Amma Türkiyə 1948-ci ildə Marşall planına, 1949-cu ildə Avropa Şurasına və 1952-ci ilə NATO-ya üzv olmaqla canını Satalinin caynaqlarından qurtara bildi. Çağdaş Türkiyədə həmin günlər sanki unudulub və ya yada salmaq istəmirlər...
Rəsmi Ankaranın Ukrayna böhranına tərəf tutmadan həssas yanaşması fonunda Türkiyə telekanalarında bir çox siyasətçi, hərbçi, qəzetçi, şərhçi və keçmiş diplomatın Moskvadan yana mövqe tutması Azərbaycan auditoriyasını gerçəkdən çaşqın vəziyyətə salır. Bir çoxumuz onların anti-Ukrayna mövqeyi tutmalarını, “dahi istihbaratçı” Putinə azarkeşlik etmələrinə anlam verə bilmirik. Türkiyə ictimai-siyasi elitasında fərqli kəsimlər, qütbləşmələr var. Ən böyük qütbləşmə “batıçılar”la (qərbçi) “avrasiyaçılar” arasındadır. Telekanallarda gördüklərimizin əksəriyyəti avrasiyaçılardır. Avrasiyaçıların sıraları ölçüsüzdür: burda ifrat sağlardan, dinçilərdən, millətçilərdən tutmuş, “Mustafa Sübhi ənənəsi”ndə davam edən kommunistlərə, solçulara, Rusiyanın “imperiya millətçisi” Aleksandr Duginin “müridi” olan maoçu Doğu Perinçekə qədər kimə istəsən rast gələ bilərsən. Avrasiyaçı siyasətçilər Zelenskini NATO-nu, ABŞ-ı, beynəlxalq imperializmi Ukraynaya dəvət etdiyinə görə az qala təhqir edirlər, Kiyevi dəstəkləyənləri “amerikançı” adlandırırlar. Bəzi avrasıyaçılarsa 25 gündür Putinin Kiyevi “fəth” edəcəyindən danışır və Rusiyanın bu işi bacarmadığına görə məyusdurlar.
Suriyada kürd terrorçularına dəstək verməklə, Egeydə Yunanıstanın yanında durmaqla, bir sıra anti-Türkiyə qərar və addımları ilə Ankaraya təzyiq edən ABŞ NATO üzrə müttəfiqliyə sığmayan mövqe sərgiləyir. Amma Vaşinqtonun düşmən olması Rusiyanın dost olması deməkdirmi? Bəzən polemikalar elə bəsit səviyyəyə enir ki, Amerika və ya Rusiyadan yana mövqe tutanlar Türkiyənin maraqlarını belə arxa plana atırlar...

Türkiyədə və Azərbaycanda putinoidlərin bir “arqumenti” var: guya Rusiya ətrafını istədiyi kimi dizayn etməsə, “ekzistensal” dərdə düşər və yaxud NATO şərqə doğru genişlənməsi, Kiyevi Rusiyaya qarşı alətə çevirmək niyyəti ilə Putini Ukraynaya girməyə təhrik edib. Üstəlik, “biçarə” Putini tələyə salıblar. Ukraynanın suverenliyini və ərazi bütövlüyünü, dinc insanların qırılmasını, ukraynalıların Vətən uğrunda canlarını fəda etmələrini gözardı etməklə Putinin müharibəsini belə “legitimləşdirmək”, yumşaq desək, utanılacaq və ayıb mövqedir.
Putinin konsepsiyasına görə, Rusiyanın sərhədləri yoxdur. Kiyev sakit otursaydı belə, Rusiya Ukraynaya girəcəkdi. Rusiyanın İttifaq dövlətində birləşdiyi Belarus hələ də “suveren” qalmasına görə Ukraynanın təslim olmamasına borcludur. SSRİ dağılandan bəri rusların nostaljisi sovet dönəmi ilə deyil, “imperiya torpaqları” ilə bağlıdır. Tarix feilin şərt şəklini sevmir, amma 90-cı və 2000-ci illərin regional enerji layihələri Putinin özünü güclü hiss etdiyi XXI əsrin ikinci on illiyində reallaşa bilərdimi? Hər halda, Rusiyanın Suriyaya müdaxiləsində Yaxın Şərqin təbii qaz resurslarının Avropa bazarına çıxarılmasına əngəl olmaq niyyəti sonuncu rol oynamırdı...
Azərbaycan heç zaman rusiyapərəstlər, Rusiyanın 5-ci kolonu, hakimiyyətin içində və çölündə siyasi dayaqları sarıdan korluq çəkməyib. Moskva Azərbaycana toxumunu elə səpib ki, uzun illər bizim torpaqlarda rusbaşlar cücərəcəklər.
Azərbaycanın Rusiyadan çəkdikləri rusofobiyaya zəmin yaratsa da, rusdilliləri çıxsaq, Azərbaycan cəmiyyəti, hətta ata-anasını “papa-mama” adlandıranların əksəriyyəti belə heç zaman rusofil olmayıb. Şükür ki, “papa-mama”da qaldıq, babaya “ded” demədik. Hazırda milli ictimai-bədii fikir üçün rusofilliyin “elmi-nəzəri” əsaslarını uydurmaq səyləri əbəsdir. Azərbaycanda rus ədəbiyyatı və simaları slavyan-provoslav sivilizasiyası nümunəsi kimi qəbul edilməyib, Avropa mədəniyyətinin tərkib hissəsi sayılıb. Dostoyevskini çıxsaq, Azərbaycan oxucusu slavyanofil rus ədiblərini tanımır. Dostoyevski dini-fəlsəfi baxışları ilə nə qədər fərqlənsə də, “dini” motivli “Karamazov qardaşları”, “Cinayət və Cəza” və ya “İdiot” romanları belə dünyaya sivil baxışdan kənar deyil. “Türk-müsəlman sivilizasiyasına anqlosakson-protestantlardansa, slavyan-provoslav sivilizasiyası daha yaxın, daha doğmadır” iddiası yanlışdır. Çünki slavyan-provoslav sivilizasiyası sadəcə bəsit imitasiyadır. Nikolay Berdyayev “Slavyanofillik və slavyan ideyası” adlı məqaləsində yazır: “Slavyanofil ideyası rus xalqının uşaq şüurudur”. Avropa renesans, humanizm, klassizm və maarifçiliyinin, Avropa teatrının, müsiqisinin, rəssamlığının və memarlığının, fəlsəfi baxışlarının Azərbaycan ictimai-bədii fikrinə təsirini bilmək lazımdır. Heç bir rus ədibi, hətta Tolstoy belə Şekspir səviyyəsində Azərbaycan mədəniyyət və ədəbiyyatına nüfuz etməyib. Hətta Tiflisdə rus canişininin baş dəftərxanasında işləyən Mirzə Fətəlinin yaradıcılığına fransız dramaturgiyası daha çox təsir edib, nəinki rus ədəbiyyatı...

Paralel.az

0.022502899169922