Pənah allaha

Pənah allaha
 
 
 
Ötür neçə bahar, ötür neçə qış,
Açmayır çiçəklər bahar zamanı
Yumayır izini nə qar, nə yağış,
Torpağa tökülən şəhidin qanı.
***
Yol salıb sinəmdən dərdin karvanı,
Yüküm dağdan ağır, töhmət, söyüşdü.
Qarabağ istəyir insan qurbanı,
Namusdu, qeyrətdi, ya son döyüşdü.
***
Qarabağ torpağı düşməyir yada,
Torpağı bölürük qarış-qarışa.
Az sənin ,çox mənim, pulsuz-pullu da
Varlı da, kasıb da keçir yarışa.
***
Qartallar qırmayır niyə qəfəsi?
Hərə öz işində, öz nəfindədir.
Niyə ucalmayır, xalqımın səsi?
Torpaq dəllalları öz kefindədir.
***
Məsləhət-məşvərət,etdilər hər gün,
Dedilər püşk atmaq qalsın sabaha.
Elə toy tutdular başına püşkün.
Torpağı qorumaq düşdü kasıba.
***
Dinib-danışmaq da olubdu yasaq,
Var-dövlət toplayır dollar hərisi.
Yaddaşdan silinir yetim Qarabağ,
Dinənin soyulur tərsə dərisi.
***
Bir mən deyiləm ki,bu dərdi çəkən,
Günahsız bu millət düşüb azara,
Haqlının toxumun, haqsızdı əkən,
Torpağı çəkdilər hərrac-bazara.
***
Millətin çəkdiyi ahı-naləni,
Dünyamız kar olub, eşitmir niyə?
Qurd düşmür tələyə, duyub hiyləni,
Pələnglər, aslanlar düşür tələyə.
***
Ey kürsü naminə maska taxanlar,
Sərvətlə sağalmaz torpaq yarası.
Yuxardan-aşağı ucuz baxanlar,
Vətənə baxmayın dırnaq arası.
***
Bu da bir oyundu, tora düşmüşük,
Qalıb gümanımız sabah-sabaha.
Qonşu xain çıxdı atılanda püşk,
Qismət, KƏRİMOĞLU, pənah Allaha.
 
Allahverdi Kərimoğlu
0.030668973922729