Gedin, "Bayramınız"ı keçirin !

Gedin,
 
 
İdris Abbasov:
Məlum olub ki, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Bakıdakı 400 kvadratlıq mənzilindədir və sair və ilaxır...
Xalqın Vətən naminə külüng çalan övladları isə küçələrdə qalıb, dilənçi günündədir, çünki səfirlərimiz elmiralar, baş məmurlarımız ramizlər, nazirlərimiz elmarlar, alimlərimiz isalardır. Vəzifələr bu qəbildən olan şəxslərin timsalında talamağın, özünəxidmətin, maddi doyumsuzluğun, qəddarlığın, xalqa və Vətənə nifrətin ekvivalentinə çevrilib. Milli mənliyimizi, mənəviyyatımızı param-parça edən sərsəm proseslər tərif, yaltaqlıq və mədhiyyələrin, xəfif və mahiyyətsiz tənqidlərin fonunda səssiz-səmirsiz inkişaf edir.
Ölkə panoramasına diqqət edin: Vəhşicəsinə soydaşlarının qanını içməkdən ikrah etməyən alim, məmur, nazir, görün, Azərbaycan adlı diyara münasibətdə necə davranır? Sökhasök, talahatala! Öz xalqına nifrət, başqalarına "məhəbbət", sonunda nifrəti-bəşəriyyət! Bir baxın, görün, onların övladları, əhli-əyalları nə işlə məşğuldurlar?! Özləri və övladları xalqın haqqına susayıb qurduqları irili-xırdalı qanlı biznesləri, bir görün, haralardadır və kimlərə xidmət edir?!
Bu problemlər həll olunmadan elmin populyarlaşdırılmasından, innovasiyadan danışan alim-akademiklərimiz hər şeyin illər uzunu sözdəcə qalmasının səbəbini bilmək üçün bir dönüb öz əməllərinə yaxşı-yaxşı baxsınlar! Bu günkü elmi çolaqlığımız və mənəvi şikəstliyimiz onların qəbih və puç fəaliyyətlərinin məntiqi nəticəsi deyilmi?! Heç bir inkişafda olan ölkənin alimi mənsub olduğu xalqa bu dərəcədə nifrət edə bilməz! Alim-akademik diplomuna malik həmin şəxslərin çoxu xalqa olan nifrətlərini düşüncədən əmələ keçirmək üçün övladları ilə bərabər özləri də min bir hoqqa ilə vəzifələrə yiyələnir və mənfur niyyətlərini həvəslə gerçəkləşdirirlər. Bütün antidövlət, antimilli, talançı əməllərini ört-basdır etmək üçün "Vətən" "millət", "dövlət" "rəhbər" məfhumlarını həyasızcasına istismar edərək cənnət diyarı cəhənnəmə çevirmək üçün əllərindən gələni edirlər.
PS. Talayın, yığın, sonunda özünüzün də qurbanına çevriləcəyiniz vəhşiliyi təbliğ edin! Dünyaya bir dəfə gəldiniz, belə yaşamağı tərcih etdiniz. Lənətlə yad edilməyi qəbul etmək insan vicdanına xas deyil. Bu, idrak əta edilməyən canlılara xasdır... Qəbriniz üçün 2 kvadrat metr torpaq lazım ola, ya olmaya... Ar olsun sizə! Millətin layiqli övladları küncə sıxışdırıldığı halda, səfir də, nazir də, dövlət hesabına xaricdə təhsil də sizin səriştəsiz övladlarınız üçündür, çünki gözlərinizi o qara torpaq doyuracaq! Bizə bayram keçirmək yaraşmır. Sizsə gedin, "bayramınız"ı keçirin! Allah bayramınızı və aqibətinizi Özü məsləhət bildiyi kimi etsin! Amin!
0.030716896057129