"Gəlin qaya" əfsanəsi - 30-cu hissə SON
Elatda oxunub keçmiş zamanda,
Indi də oxunur Mildə, Muğanda.
«Arpaçayı aşdı-daşdı,
Sel Saranı aldı qaçdı.
Ala gözlü, qələm qaşlı,
Apardı sellər Saranı,
Bir ala gözlü sonanı.
Gedin deyin Xançobana,
Gəlməsin bu il Muğana,
Muğan dönüb nahaq qana,
Apardı sellər Saranı,
Bir ala gözlü Balanı».
Hələ də Xançoban çəkir bayatı,
Yandırır Aləmi, eli-elatı.
Bu mahnı olubdu dillər əzbəri,
Nakam məhəbbətin behişdi yeri,
Oxunur hər zaman toyda-düyündə,
Oxunub, oxunur, sabah, bu gündə.
Keçibdi, keçəcək neçə min əsr.
Sara-Xançobanla məclisə gəlir.
Bəzəyir məclisdə toyu-düyünü,
Sevənlər görməsin deyir pis günü.
Dönüb əFsanəyə elat-elindən,
Nakam məhəbbətim düşməsin dildən.
Nakam məhəbbətə yoxdu bir dəva,
Ilahi heç kimə etmə rəva.
ƏLAVƏ
Gül-çiçək içinə girmək istərsən,
Ətirli çiçəkdən gərək dərəsən.
Sözün də çiçək tək, ətri, dadı var.
Dillərdə söylənsə, söz də gül açar.
Qədrini bilməsə nadanlar sözün,
Aldatmır heç kimi, aldadır özün.
Nəsihətli sözlərdən bacar götür sən,
Vallahi, billahi, xeyir görərsən.
Dillərdə söylənsə tək bircə sözüm,
Demək bu dünyada yaşaram özüm.
Çox keçmiş əsrə etdim səyahət,
Istəyim hasilə yetdi nəhayət.
KƏRİMOĞLU YENƏ, gəzmə sağ-solu,
Ilahi, göstərdi sənə düz yolu.
Ilahi çox şükür, bitdi əFsanə,
Gələcək nəslimiz oxuyar yenə
Allahverdi Kərimoğlu