Siracəddin Hacı yazır…
PUTİNİN MİTİNQİNİN MESAJLARI
Mitinqə tam nəzarət etmək, onun təsir gücünü artırmaq üçün məkan olaraq stadion seçildi. Putin savaş zamanı çoxluq gücdür məntiqi ilə mitinq keçirtmək ehtiyacı hiss etdi. Bu mitinq Putinin GÜCÜNÜ deyil, EHTİYACINI göstərir. Mitinqin iki əsas mesajı var:
a) dünyaya mesaj verir: NATO, Avropa, ABŞ bu savaş rus xalqının deyil, Putinin savaşıdır ölçüsünü qoyur, rus xalqı ilə Putini bir-birindən ayırır, onu xalqın dəstəyindən məhrum etməyə çalışır, bilir ki, Putini məğlub etməyin yolu budur. Putinin məğlubiyyətinə yol açacaq üç şərt var: 1) cəsur Ukrayna xalqının dirənişi; 2) dünyanın Ukrayna xalqına dəstəyi və yardımı; 3) Putinin rus xalqından qopması; Savaş uzandı, qısa zamanda Kiyevdə qələbə nitqi söyləyəcəyini, rus xalqının qəhrəmanı olacağını düşünən Putinin planları pozuldu, rus xalqından yardım istəmək məcburiyyətində qaldı, onu özünün savaş qərarına ortaq etmək ehtiyacı hiss etdi, dünyaya bu mesajları verdi: bu mənim deyil, rus xalqının savaşıdır, güclüyəm, xalq arxamdadır, siz xalqla mənim aramı ayıra bilməyəcəksiniz;
b) rus xalqına mesaj verir, Putin rus xalqını səfərbər edir. Bu məqsədlə iki vasitədən istifadə edir: 1) şovinist duyğuları körükləyir, Krımın işğalını bayram edir – Krım Rusiyanındır, o biri ərazilər də Rusiyanın olacaq, məqsədinə uyğun şuarlar seçir: “Yaşasın Rusiya”, “Rusiya uğrunda”, “Rusiya üçün”, “Rədd olsun nasistlər” (Putinin faşist vurğusu rus xalqının yaddaşını oyatmaq məqsədi daşıyır), səs effekti, bayraqlar, rusların şovinist duyğularını hərəkətə keçirən mahnılar xalqı səfərbər etməyə xidmət edir; 2) Putin rus xalqını səfərbər etmək üçün onu qorxudur, deyir ki, biz Ukraynada olmasaq, NATO orada olacaq, NATO Rusiyanı sıradan çıxaracaq, Rusiya dağılacaq;
NƏTİCƏLƏR:
- Putin ictimai rəyə çox önəm verir;
- içində ictimai rəy mənə qarşı yönələ bilər qorxusu daşıyır;
- xalqı səfərbər etmək ehtiyacı var;
- savaşın tez bitməsini istəyir;
- savaş uzansa, ictimai rəyi nəzarətdə saxlamağın daha çətin olacağını bilir;
- əmindir ki, xalqın dəstəyini itirsə, hakimiyyətdə qala bilməyəcək;
- Putin məğlubedilməzdir fikrinin dəyişəcəyindən, xalqın onun liderliyindən şübhələnəcəyindən qorxur;
- rus xalqına hörmət etmir, belə ki, ağ yalan danışır, deyir ki, biz Ukraynanı işğal etməmişik, Ukrayna xalqını faşistlərdən xilas etməyə çalışırıq;
- bütün təbliğat vasitələrinə nəzarəti gücləndirməsinin səbəbi ictimai rəyi mənafeyinə uyğun yönəltməkdir: rus xalqı savaşla bağlı həqiqəti bilməsin;
- Putinin də, ona qarşı olanların da rus ictimai rəyi uğrunda mübarizəsi güclənəcək;
Paralel.az