"Azəriqaz" İB "Elin gözü tərəzidir" aksiyası keçirdi...
"Azəriqaz" İB- nin keçirdiyi "Elin gözü tərəzidir" aksiyası mexaniki sayğaclardan şikayət edənlərin susdurma aksiyasıdır
Paralel.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin Metrologiya Departamentində "Azəriqaz" İstehsalat Birliyi yanında İctimai Şura "Elin gözü tərəzidir" adlı aksiya kevirib. İB-nın ictimayətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev giriş sözü ilə tədbiri açıq elan etdi.
Mediaya xitabən o, bildirdi ki, sizinlə əməkdaşlıq etmək hər zaman bizə xoş olub: "Qarşılıqlı əməkdaşlığımız hər zaman faydalı olub. Bu baxımdan növbəti aksiyada da iştirakınızı faydalı hesab edirik. Bildiyiniz kimi “Azəriqaz” İB yanında İctimai Şura sonradan ödənişli (mexaniki) sayğacların sərfiyyatı guya çox yazması ilə bağlı şikayətlərin daxil olmasını bildirib və tələb etmişdi ki, “Azəriqaz” İstehsalat Birliyi bir qrup müraciət edən abonentlərin sayğaclarının laboratoriyada yoxlanışını təmin etsin.
Tədbirdə ictimaiyyət nümayəndələri, ekspertlər və Şura nümayəndələri də iştirak edirdi. Eyni zamanda media nümayəndələrinin də iştirakı təmin edilib. Aksiya çərçivəsində Metrologiya Departamentində bir qrup müraciət edən abonentin sayğacı ödənişsiz əsaslarla laborator yoxlamadan keçirildi.
Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının Energetika Nazirliyinin nümayəndələri, “Azəriqaz” İB-nin rəhbər heyəti, tanınmış ekspertlər və QHT nümayəndələri də iştirak edirdi.
"Azəriqaz" İB Texnologiyalar Departamentinin rəhbəri Zeyhnal Rəsulov çıxışında bildirdi ki, dövrü və təşəbbüslə yoxlanan sayğaclar abonentin iştirakı ilə sökülərək pulomplu yeşiklərə yerləşdirilir: "Departamentə gətirilən sayğac abonentin iştirakı ilə yeşikdən çıxarılır, ilkin yoxlamadan keçir və bundan sonra laboratoriyada 2 saat müddətində müayinə olunur. Cihazlarin göstəricilərinə əsasən isə sayğacın vəziyyəti müəyyənləşdirilir. Bütün bu prosedurlar abonentin iştirakı ilə aktlasdirilir.
Laboratoriyanın avadanlıqları Almaniyada ən yeni texnologiyalarla istehsal edilmiş cihazlardır. Çox təəssüf ki, abonentlərimiz sayğacların müayinəsində iştiraka çox az maraq göstərir. Müayinəyə cəlb edilmiş sayğac abonentlərin yalnız 1-2 faizi müayinələrdə iştirak edir".
Şöbə müdiri Rövşən Məhyəddinov bildirdi ki, sayğaclar qanuna müvafiq olaraq hər 5 ildən bir sökülərək yoxlamaya cəlb edilməlidir: "Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə tənqidi yazıların çoxluğuna rəğmən abonentlərin çox az bir qismi sayğacların müayinəsi prosesində iştirak edir. Biz onlara sayğacın yoxlanılması vaxtı barədə həm sms-lər, həm də yazılı bildirişlər göndəririk, iştiraklarının təmin edilməsi üçün, hətta, sayğacın yoxlama vaxtını belə onların arzusuna uyğun olaraq dəyişdiririk. Lakin abonentlər bu prosesə maraq göstərmir. Bu gün biz İctimai Şuranın təşəbbüsü ilə keçirilən "Elin gözü tərəzidir" aksiyası çərçivəsində xeyli abonenti müayinədə iştirak etməyə dəvət eləmişik. Qaz saygaclarının abonentin təşəbbüsü ilə müayinəsi ödənişli olsa da, bu gün onların və sizin iştirakınızla həyata keçirilən yoxlamalar ödənişsiz reallaşacaq".
Jurnalistlərin "bu yoxlamalarda abonentin heç haqlı çıxdığı hal olubmu" sualına cavabında Z. Rəsulov bildirdi ki, biz bu aksiyanı elə o məqamı aydınlaşdırmaq üçün keçiririk: "İndiyə qədər elə hal olmayıb ki, şikayətçi abonent haqlı olsun. Yəni bizim sayğaclarımızda heç bir problem yoxdur. Bu sayğaclar alındıqdan sonra müayinədən keçirilir, istifadə üçün yararlı olduğu təsdiqləndikdən sonra ünvanlara quraşdırılır".
Tədbir iştirakçılarının verdiyi "sayğacların abonentin iştirakı ilə sökülməsi qanunla vacib olduğu halda, nədən bir çox hallarda abonentin iştirakı olmadan sayğaclar sökülür" sualına cavabında R. Məhyəddinov bildirdi ki, bəzən nümayəndələrimiz abonentin bu prosesdə iştirakını təmin edə bilmir: "Evdə heç kim yox, abonent kimi qeyd etdiyi telefonu da artıq işləmir, belə hallarda dövrü yoxlama vaxtı bitən sayğacların sökülməsi vacibdir".
Media mənsublarının növbəti sualı ondan ibarət oldu ki, "27 il istismar müddəti olan SMART tipli sayğacları nə üçün mexaniki saygaclarla əvəsləyirsiniz"?
Sualı cavablandıran şöbə müdiri R. Məhyəddinov bildirdi ki, SMART sayğaclar 2010-cu ildə qaz sərfiyyatı ödənişindəki problemdən çıxış yolu kimi tətbiq edilmişdi:
"Hazırda "Azəriqaz" İB-nın belə bir problemi yoxdur. Qaz sərfiyyatının ödənişi hazırda 100% toplanır. Bununla yanaşı, indi quraşdırılması davam edən mexaniki sayğaclar ölçmə baxımından SMART saygaclarla eyni rejimdə çalışır, amma daha mütərəqqidir. Onlar gələcəkdə onlayn rejimdə çalışacaq - məsafədən sərfiyyatın oxunması, məsafədən sərfiyyatın dayandırılması və bərpası mümkün olacaq".
Bunun ardınca "Elin gözü tərəzidir" aksiyası çərçivəsində abonentlərin iştirakı ilə sayğacların yoxlanması prosesinə başlanıldı. Proses başlayan kimi biz prosesi təqib etmək məqsədi ilə ixtiyarı iki abonent seçdik: - Əhmədov Elsevər və Həsənov Rəhim. E. Əhmədov bildirdi ki, bir ay əvvəl - SMART sayğacın aylıq qaz sərfiyyatı 550-560 kub olub. Lakin mexaniki saygac quraşdırıldıqdan sonra, evdə heç bir qaz cehazi əlavə etmədiyi halda aylıq qaz sərfiyyatı 990 kuba qalxıb.
R.Həsənov isə bildirdi ki, evdə tək yaşayır, səhər bütün qaz cehazların söndürüb gedir, axşam gələndə görür ki, xeyli qaz sərfiyyatı gedib. O, bizimlə söhbətində bildirdi ki, SMART sayğac olan vaxt belə hal müşahidə etməyib.
Hər iki abonentin sayğaclarının müayinəsini sonadək təqib etdik. Nəticə ondan ibarət oldu ki, hər iki sayğacda hər şey qaydasındadır heç bir problem yoxdur. Daha sonra bəlli oldu ki, "Elin gözü tərəzidir" aksiyası çərçivəsində yoxlamaya cəlb edilən sayğacların heç birində problem aşkarlanmayıb. Bu halda hər kəsdə təbii sual yaranır:
"Elə isə sayğacının normal işləməsindən şubələnən çoxsaylı abonentlərin "Azəriqaz" İB ilə qərəzi nədən?!
Əslində bu yoxlamaların real olub-olmamasına şahidlik etmək üçün hər bir abonent ən azı "Azəriqaz" İB-nın mütəxəssisləri qədər bilgiyə malik olmalıdır ki, bu da mümkün deyil. Çünki laboratoriyadakı müayinə-yoxlama qurğuları sadə və konkret cavab vermir.
Qurğuların parametrlərini mütəxəssislər oxuduqdan sonra sayğacda problemin olub-olmamasını onlar müəyyənləşdirir. Yəni həyata keçirilən müayinə prosesinə sadə vətəndaşın real şahidlik etməsi mümkün deyil. Çünki qurğuların parametrlərinin nə demək olduğunu yalnız mütəxəssislər müəyyənləşdirə bilir. Məhz elə ona görə də abonentlər sayğacların yoxlamasında iştirak etməkdə maraqlı deyillər.
"Elin gözü tərəzidir" aksiyasının yekunu barədə belə rəyə gəlirik ki, bu aksiya mexaniki sayğacların artıq sərfiyyatından şikayət edən vətəndaşların haqsız olduğunu və "Azəriqaz" İB-nin SMART sayğacları mexaniki sayğaclarla əvəz etməsinə haqq qazandırmaq məqsədilə təşkil olunub.
Akif Nəsirli, "Paralel.az"