Ermənistan Azərbaycanın sülh təklifini rədd etdi
Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]
Düşmən məkirli niyyətindən əl çəkmir
Ermənistan Azərbaycanın beş bənddən ibarət olan sülh təklifi ilə razılaşmadı. Təklifə ilk münasibət Ermənistan XİN-dən gəldi. Cavabın mahiyyətinə diqqət yetirəndə Ermənistanın hansı niyyətlə Azərbaycanın sülh təklifindən imtina etməsinin səbəbi maraqlı görünür. Gəlin, Xarici İşlər naziri Ararat Mirzoyanın Azərbaycanın sülh təklifinə münasibətinə diqqət yetirək: "Dağlıq Qarabağ məsələsi ərazi yox, hüquq məsələsidir. Bizim üçün əsas olan Qarabağ ermənilərinin hüquq və azadlıqları və Qarabağın statusudur".
Azərbaycan torpaqlarının 20 faizini 30 il işğalda saxlayan Ermənistanın Qarabağa olan ərazi iddiasının formatında xeyli dəyişiklik etdikləri bu cavabdan aydın görünür. O da çox aydın hiss olunur ki, ermənilər və onların himayəçiləri başa düşürlər ki, 44 günlük müharibə nəticəsində Azərbaycan bütün dünyaya Ermənistanın ərazi iddialarının heç bir əsası olmadığını və bu iddianın baş tutmayacağını başa saldı.
Ermənilər anlayır ki, Qarabağ konfliktini yeni mərhələyə çıxarmaq, gələcəkdə mövzunun beynəlxalq müzakirəsinə əsas yaratmaq və gündəmdə saxlamaq üçün problemə yeni prizmadan yanaşmaq lazımdır. Ermənistan şovinistləri və onların xarici dəstəkçiləri dərk edirlər ki, 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra dünyaya necə deyə bilərlər ki, Dağlıq Qarabağ ya Ermənistana birləşməli, ya da müstəqil olmalıdır, bir sözlə, Azərbaycanın tərkibindən çıxmalıdır. Ermənistanın faşist rəhbərliyinin ritorikasına görə, Qarabağ konfliktini hüquqi müstəvidə təqdim etmək onlar üçün gələcəkdə əlverişli şans yarada bilər. Ermənistan XİN rəhbəri A. Mirzoyan Azərbaycanın sülh təklifinə münasibət bildirərkən Qarabağ ərazisindən danışmır, Qarabağda yaşayan erməni toplumunun hüquqarının və statusun vacibliyini önə çəkir.
Ermənistan nazirinin hələlik ərazi iddiasını kənara qoyub, Qarabağda yaşayan erməni toplumunun hüquqları barədə mövzunu gündəmə gətirməsi, heç şübhəsiz, Azərbaycanın Ermənistanı çətin duruma salmasının nəticəsidir.
Antalya forumunda Türkiyənin Xarici İşlər naziri M. Çavuşoğlu ilə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan arasında keçən görüşdən sonra mətbuata açıqlamasında "Azərbaycan Türkiyənin, Türkiyə isə Azərbaycanın mövqeyini dəstəkləyir" fikrini bildirməsi Azərbaycanın Ermənistana verdiyi beş sülh təklifini də Türkiyənin müdafiə etməsi deməkdir. M. Çavuşoğlunun net açıqlamasından sonra Ermənistanın çoxdan sevdasına düşdüyü "Qarabağ arzularının" puç olduğunu təsdiq edir.
ABŞ, Fransa və Rusiya nümayəndələrindən ibarət olan ATƏT Minsk Qrupu həmsədrlərinin Qarabağın statusunun həll olunmasının vacibliyilə bağlı tez-tez mətbuata verdikləri açıqlamalar da Azərbaycanın təklif etdiyi sülh sazişinin Ermənistan tərəfindən qəbuluna ciddi maneə olur.
Ermənilər o qədər həyasızlaşıb ki, hətta 9-10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən üçlü atəşkəs bəyanatının imzalanmasından 16 ay keçməsinə baxmayaraq, bəyanatda Azərbaycan üçün nəzərdə tutulmuş maddələrin əksəriyyəti Ermənistan tərəfindən icra olunmur. Qarabağ ərazisində yerləşən kommunikasiya qovşaqları açılmadığına görə, Ağdam-Kəlbəcər, Ağdam-Şuşa yolu açılmır, Kəlbəcərə Murov ərazisində çətin yollarla getməyə məcburuq.
Naxçıvanla Azərbaycanın Qərbi Zəngəzur bölgəsini birləşdirən dəhlizin açılmasına Ermənistan heç cür razılaşmır və bu dəhlizin açılmasına imkan verməyəcəyi artıq qətiləşib. Zəngəzur dəhlizinin açılmasına nüqavimət göstərən və məqsədinə nail olan Ermənistanla anlaşma əldə edə bilməyən Azərbaycan rəhbərliyi Naxçıvanla Qərbi Zəngəzuru birləşdirən yolun İran ərazisindən keçməsi üçün razılaşma memorandumu imzalamağa məcbur oldu.
Belə olan halda, hər bir ölkə vətəndaşını təbii bir sual da düşündürür: Laçın dəhlizinə nəzarəti Azərbaycan niyə özü həyata keçirmir?!
Qanunsuz erməni silahlı birləşmələrinin Rusiya «pisməramlılarının» müvəqqəti nəzarət zonasında son zaman xeyli fəallaşması (atəşkəsin pozulduğu günlər: 3 mart, 5 mart, 6 mart, 7 mart, 8 mart, 9 mart, 10 mart gecə, 10 mart gündüz, 11 mart gecə və səhər - T.A) diqqətdən qəti qaça bilməz. Bununla Ermənistan Azərbaycanı yenidən münaqişəyə cəlb etmək və Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarının ölkəmizə də tətbiq olunmasına çalışdıqları müşahidə olunur.
09-10 noyabr 2020-ci il tarixli üçlü atəşkəs bəyanatının Azərbaycana aid üzərinə götürdüyü öhdəliklərə əməl etməyən Ermənistanın Zəngəzur dəhlizinin açılmasına və Azərbaycanı Naxçıvana birləşdirəcək yolun İran ərazisindən (55 km) keçməsilə bağlı Azərbaycan və İran dövlətlərarası komissiyası arasında anlaşma imzalanması ilə nəticələnib.
Hər bir ölkə vətəndaşı düşünür ki, İranla Azərbaycan arasında imzalanmış anlaşmadan sonra mütləq Azərbaycan Laçın dəhlizinə nəzarəti öz öhtəsinə götürməlidir. Çünki ermənilərin Zəngəzur dəhlizinin açılmasına imkan vermədiyi halda, Laçın şəhərinin və dəhlizinin rusların və ermənilərin işğalı altında qalması ermənilərin daha da azğınlaşmasına şərait yaradır.
Ermənistanın daha çox arxalandığı Rusiyanın Ukraynaya hərbi təcavüzü dünyada və regionda Rusiyanın mövqeyini zəif salması dünyanın və regionun yenidən şəkillənməsinə ciddi dəyişiklik edəcəyinə heç kim şübhə etmir.
Hazırda hər kəs düşünür ki, Rusiyanın Ukraynaya təcavüzünün nəticəsindən asılı olaraq Azərbaycanın da düşmən Ermənistanla münasibətləri yeni formatda gündəmə gələcək. Gəlin, gözləyək...