Torpağın bərəkəti çəkiləcək, insanlar əsir düşəcək, xəstəliklər tüğyan edəcək...

 

Torpağın bərəkəti çəkiləcək, insanlar əsir düşəcək, xəstəliklər tüğyan edəcək... 
 

 

Həkim, elmi-lədun bilicisi, yazıçı, otuzdan çox kitabın müəllifi olan Paşa Yaqub “Elmi-lədun işığında”  kitabını nəşrə hazırlayıb. 

Hələ çap olunmamış bu kitabın əvvəlki hissələrini Paralel.az media şəbəkəmizdə dərc etmişik. Kitabdan daha bir hissəni oxucularımıza təqdim edirik:

Aralarında mübahisə düşən iki nəfər hakimlərə müraciət etsinlər. Hakimlər onları dinləyib haqlı tərəfə bəraət qazandırmalı, təqsirkarı cəzalandırmalıdır. Ədalətsizliyə yol verməyin.

Ata-anasına sayğısızlıq göstərənə lənət olsun!

Qonşusunun sərhədini dəyişdirənə lənət olsun!

Koru azdırana lənət olsun!

Qəribin, yetimin, dulun işinə baxarkən ədaləti pozana lənət olsun! 

Atasının arvadı ilə yaxınlıq edib atasının şərəfini ləkələyənə lənət olsun!

Heyvanla cinsi əlaqəyə girənə lənət olsun! 

Doğma bacısıyla, atabir bacısıyla, anabir bacısıyla yaxınlıq edənə lənət olsun!

Qayınanasıyla yaxınlıq edənə lənət olsun!

Pusqu qurub soydaşını öldürənə lənət olsun!

Rüşvət alıb günahsız qan tökənə lənət olsun!

Əgər bu gün sizə verdiyim nəsihətlərin hamısına dəqiqliklə əməl edib, Yaradanın sözünə qulaq assanız, Yaradan sizi bütün xalqlardan üstün edəcək.

Yaradanın sözünə həmişə qulaq assanız, bütün bu nemətlər başınızdan töküləcək: şəhərdə də, tarlada da xeyir-bərəkətiniz aşıb-daşacaq; övladlarınız çox, torpağınızın bəhrəsi bol olacaq, heyvanlarınızın balaları, buzovlarınız, quzularınız saya gəlməyəcək. Səbətləriniz, xəmir təknələriniz bərəkətli olacaq. Hər işiniz avand olacaq. Yaradan anbarlarınızı bərəkətli, əl atdığınız hər işi xeyirli edəcək. Yaradan sizə verdiyi diyarda üstünüzə bolluca xeyir-bərəkət yağdıracaq. Yaradanın əmrlərinə riayət edib Onun yolu ilə getsəniz, Yaradan siz sülhsevərləri (pangeyistləri) müqəddəs xalq edəcək.

Yaradan mal-heyvanınızı birə-beş artıracaq, torpağınızı məhsuldar edəcək. 

Yaradan Öz ruzi-bərəkət anbarının, göylərin qapısını açıb torpağınıza vaxtlı-vaxtında yağış yağdıracaq, əlinizin hər işinə bərəkət verəcək. 

Siz bir çox xalqlara borc verəcəksiniz, özünüz isə borc üçün heç kimə ağız açmayacaqsınız. Əgər Yaradanının əmrlərinə, sizə tapşırdığı əmrlərə həmişə boyun əysəniz, Yaradan sizi quyruq deyil, baş edəcək; siz aşağıda deyil, yuxarıda olacaqsınız. 

 

Yox əgər Yaradanın əmrlərinə qulaq asmasanız, bütün əmrlərə və qanunlara dəqiqliklə əməl etməsəniz, bu lənətlər sizi qarabaqara izləyib yaxanızdan yapışacaq: 

Şəhərdə də, tarlada da lənətli olacaqsınız. Səbətləriniz xəmir təknələriniz lənətli olacaq. Övladlarınız da, torpağınızın bəhəri də, mal-heyvanınızın balaları da lənətli olacaq. Hər işiniz nəhs gətirəcək. Bəd əməllərinizə, Yaradanı unutduğunuza görə gördüyünüz hər işdən lənət, çaşqınlıq, cəza biçəcəksiniz; tez bir zamanda məhv olub yer üzündən yox olacaqsınız. Tutmağa getdiyiniz diyardan kökünüz tamamilə kəsilənəcən Yaradan azar salıb sizi qıracaq. Axırınıza çıxana qədər Yaradan canınıza vərəm, titrətmə, iltihab, qızdırma salacaq, üstünüzə qılınc göndərəcək. Səmum yelindən məhsulunuz yanacaq, onu kif basacaq. Başınızın üstündəki göylər misə, ayağınızın altındakı torpaq dəmirə dönəcək.

Başınıza yağış əvəzinə toz-torpaq yağdıracaq, siz məhv oluncaya qədər ölkələrinizdə belə olacaq. 

Yer üzündə bütün məmləkətlər üçün dəhşət rəmzi olacaq.

Meyitinizi göydəki quşlar didəcək, yerdəki heyvanlar parçalayacaq, onları ürküdüb qovan olmayacaq.

Yaradan sizi çibanlarla, babasillə, və digər yeni xəstəliklərlə cəzalandıracaq, dərdinizə dərman tapılmayacaq. 

Yaradan ağlınızı alacaq, gözünüzü kor edəcək, sizi çaşqınlığa salacaq. 

Günün günorta çağı, zülmət məhbusu olan kor kimi, əllərinizi sürtə-sürtə gəzəcəksiniz. Bütün işləriniz tərs gətirəcək. Daim sizə fırıldaq gələcək, soyacaqlar, köməyiniz olmayacaq.

Nişanlandığınız qızı gəlib başqa kişi zorlayacaq.

Ev tikəcəksiniz, içində yaşamayacaqsınız.

Üzümlük salacaqsınız, bəhrəsindən dadmayacaqsınız.

Öküzünüzü gözünüzün qabağında kəsəcəklər, amma, ətindən bir tikə də yeməyəcəksiniz. 

Gözünüz görə-görə miniyinizi oğurlayacaqlar, geri qaytaran olmayacaq. 

Qoyun-quzunuzu düşmənlər aparacaq, hayınıza gələn olmayacaq.

Gözünüz baxa-baxa oğlunuzu, qızınızı yadellilər aparacaq.

Onların həsrəti sizi üzəcək, amma əliniz heç yana çatmayacaq. 

Torpağınızın bəhrəsini, yığdığınız bütün məhsulu yadlar yeyəcək.

Daim aldanacaq və sıxışdırılacaqsınız.

Gördüklərinizdən başınıza hava gələcək.

Yaradan dizlərinizdə, ayaqlarınızda, təpədən dırnağadək bütün bədəninizdə ağrılı, sağalmaz çibanlar çıxaracaq. 

Çox səpib, az biçəcəksiniz.

Məhsulunuzu çəyirtkələr yeyəcək. 

Üzümlüklər salıb becərəcəksiniz, barından bir gilə belə, dərməyəcəksiniz. Qurdlar onun axırına çıxacaq. 

Torpağınızın hər yerində zeytun ağacları olsa da, bədəninizə sürtməyə yağ tapmayacaqsınız, çünki bütün zeytunlar töküləcək.

Oğullarınız, qızlarınız olacaq, amma onları gözüdolusu görməyəcəksiniz, çünki əsir aparılacaqlar.

Ağaclarınıza, torpağınızın bəhərinə həşəratlar darışacaq.

Aranızda yaşayan müharibəsevərlər yüksəldikcə yüksələcək, siz isə, alçala-alçala gedəcəksiniz. Siz ona yox, o, sizə borc verəcək. O, baş olacaq, siz isə quyruq. 

Yaradanın sözünə qulaq asmadığınız, sizə buyurduğu qayda və qanunlara riayət etmədiyiniz üçün bütün bu lənətlər yaxanızdan yapışıb sizə zərbələr endirəcək, ta o vaxta qədər ki, tam məhv olasınız.

Bu lənətlər sizin də, övladlarınızın da üstündə bir nişan, bir əlamət olacaq. Ona görə ki, bolluqda yaşayanda Yaradana sevinclə, könül xoşluğu ilə qulluq etmədiniz.

Yaradan düşmənlərinizi üstünüzə göndərəcək. Ac-susuz, yarıçılpaq, hər şeydən korluq çəkə-çəkə onlara qulluq edəcəksiniz. 

Yaradan orada ürəyinizi həyəcanla dolduracaq, gözlərinizin nurunu alacaq, sizi çarəsizliyə düçar edəcək.

Həyatınız tükdən asılı olacaq, gecəniz-gündüzünüz səksəkə içində keçəcək, bu gündən sabaha ümidiniz olmayacaq. 

Qulaq verin, ey göylər, görün nə deyirəm!

Ey yer üzü, eşit ağzımdan çıxan kəlmələri! 

Nəsihətim yağmur olub yağacaq, sözlərim şeh olub damacaq - çəmənliyə çiskinləyən narın yağışlar kimi, yaşıllığa tökülən leysanlar kimi. 

Yaradanın böyüklüyünü vəsf edin! O, hər işi mükəmməl, bütün yolları haqq; nahaq iş görməyən etibarlı Allah Adildir, Haqqdır! 

Haqdan üz çevirməyin!

Şahnaz Salehqızı

Paralel.az

0.028244018554688