Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın təkliflərinə dair

Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın təkliflərinə dair
 

 

Hamının diqqəti Ukraynada olduğu bir dövrdə  Qarabağla bağlı çox mühüm məcələ diqqətdən bir qədər kənarda qalıb. Azərbaycan  iqtidarı  Ermənistanla münasibətlərin normallaşması üçün rəsmi təklif verib və həmin təklifdə aşağıdakı beş baza prinsipləri əks olunub:

- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Bu  təkliflərə ilkin münasibətimi açıqlamaq istəyirəm.

1. Azərbaycan normal təkliflər verib. Ermənistan bu təkliflərin Minsk Qrupu həmsədrləri ilə birgə müzakirəsinə hazırdı. Ermənistan bu danışıqlarda mütləq şəkildə Qarabağda məskunlaşan ermənilərə status tələbini irəli sürəcək və Azərbaycan bu məsələnin müzakirəsindən imtina edərsə, həmsədrlər, ardınca da bötüvlükdə  beynəlxalq aləm Azərbaycanı qeyri-konstruktiv mövqe tutmaqda ittiham edəcək. Bunu nəzərə alaraq elə indiki mərhələdə  Ermənistan Respublikasının 8 min kvadrat km. ərazisini əhatə edən 172 yaşayış məntəqəsindən 1989-cu ilin son iki ayında zorla çıxarılan azərbaycanlı əhalinin öz yurdlarına qaytarılması və onların təhlükəsizliyinin təminatı məsələsini siyasi gündəmə gətirmək lazımdır. Azərbaycan açıq şəkildə bəyan etməlidir ki, biz Azərbaycan Respublikasında məskunlaşan ermənilərin  statusu məsələsini istənilən səviyyədə müzakirə etməyə hazırıq, lakin onların statusu Ermənistan Respublikasından zorla çıxarılan azərbaycanlı əhalinin öz yurdlarına qaytarılması və onların Ermənistandakı statusu ilə  eyni vaxtda simmetrik qaydada həll olunmalıdır.

2. Azərbaycan tərəfindən verilən təklifdə narazılıq doğuran əsas məqam təzminat məsələsinin açıq saxlanmasıdır. Təəssüf doğuran odur ki, Azərbaycan iqtidarı indiyədək bu məsələyə dair konkret addım atmır, dəyən zərərin ödənilməsi üçün Ermənistana qarşı hüquqi prosedurlara start verə bilmir.   Sülh müqaviləsi imzalanacaqsa, orada mütləq torpqlarımızın işqalı ilə əlaqədar Azərbaycana vurulan ən azı 100 milyard ABŞ dolları məbləğində zərərin ödənilməsi məsələsi öz həllini tapmalıdır. Bu arqumentə etiraz edənlər deyə bilər ki, Ermənistan buna razı olmayacaq və sülh müqaviləsini imzalamayacaq. İmzalamayacaqsa, qoy imzalamasın. Görək kimə pis olacaq? 

3. Ermənistanın xarici işlər naziri Azərbaycanla sülh müqaviləsinin imzalanmasını ölkənin prioritet vəzifəsi olduğunu bildirib. Bu yaxşı siqnaldır. Ermənistan səmimi olaraq Azərbaycanla münasibətləri  normallaşdırmaq  istəyərsə, vaxt itirmədən bu müqavinı imzalamalıdır.  Sülh müqaviləsinin imzalanması həm Ermənistanın, həm də Azərbaycanın Rusiya təbəəliyindən xilas olması və gələcək inkişafı üçün yaxşı perspektivlər vəd edir. Ermənistan sağlam mövqe tutub Azərbaycanın xoşmərəmlı təkliflərinin reallaşmasına qarşılıq  verərsə bu bizə də sərfəlidir, çünki, hazırda Azərbaycan da  “sülhməramlı” Rusiyadan bir növ asılı vəziyyətə düşüb. Ermənistanla sülh müqaviləsinin imzalanması həm də  hər iki ölkənin “şər imperiyasından” xilas olmasına münbit şərait yaradacaq. Amma Ermənistanda ağılın emosiyalara qalib gələ biləcəyi  mənəvi – siyasi mühitin formaılaşacağına ümidim o qdər də böyük deyil. Yəqin ki, Ukraynadakı vəziyyət bu proseslərə əhəmiyyətli şəkildə öz təsirini göstərəcək.

4. Ermənistan bu fürsəti ədən qaçırıb ikibaşlı oyunlarını davam etdirəcəksə, onda xalqlarımız arasında düşmənçilik yenə davam edəcək.

Bundan da daha çox  itirən Ermənistan olacaq. Fakt budur ki, Azərbaycanla Ermənistan arasındakı sərhədlərdə demarkasiya prosesi əsasən başa çatdırılıb, Kars - Naxçıvan dəmir yolu xəttinin və İran ərazisindən keçən nəqliyyat dəhlizi ilə bağlı prinsipial razılıqlar əldə olunub. Bu o deməkdir ki, Ermənistanla sülh müqaviləsi bağlanmadan da Azərbaycan nəqliyyat və kommunikasiyaların açılışı problemini həll edə biləcək.  Ermənistanın müxtəlif bahanələrlə sülh müqaviləsini imzalamayacağı təqdirdə, bizim qarşımızda duran əsas vəzifə  işğal olunan ərazilərimizdə erməni silahlı birləşmələrin zərərsizləşdirilməsi, ruslar demişkən həmin ərazidə “demilitarizasiya və denasionalizasiya” ilə əlaqədar Qarabağda “xüsusi əməliyyat”ın  keçirilməsidir.  Dövlət suverenliyimizin ölkəmizin bütün ərazisində bərpa edilməsi üçün bu addımı atmalıyıq. Belə bir əməliyyatı uğurla və qısa müddətə həll etmək üçün potensialımızın yetərli olduğuna inanıram. Lakin əməliyyata başlamaq üçün vaxtı dəqiq seçməli və mümkün beynəlxalq təzyiqlərdən əvvəlcədən sığortalanmalıyıq.

Vaqif Hacıbəyli

Paralel.az

0.01828408241272