Ərbildə Mossad-ın mərkəzinə edilən raket hücumunda dörd İsrailli zabit ölüb
“İranın İslam İnqilabının Keşikçilər Ordusunun Ərbildə Mossad-ın mərkəzinə etdiyi raket hücumunda dörd İsrailli zabit ölüb.”
Paralel.az xəbər verir ki, bu barədə əl-Məyadin telekanalı məlumat yayıb.
Telekanal etibarlı adlandırdığı mənbələrə istinadla bildirib ki, Sepah-ın ötən gün Ərbildə Mossad-ın mərkəzinə hücumu nəticəsində dörd israilli zabit ölüb və yeddi nəfər yaralanıb. Məlumata görə ölən İsrail zabitlərindən biri qadındır.
Əlavə edilib ki, hədəfə alınan obyekt İsrail Kəşfiyyatının Ərbildə əsas mərkəzi olub.
İraqın şimalında Kürdüstan Regional Hökuməti vurulan obyektin mülki olduğunu bildirib. İsrail müxtəlif KİV-lərdə zabitlərin ölümü ilə bağlı xəbərlərə hələ münasibət bildirməyib.
Qeyd edək ki, İranın İslam İnqilabının Keşikçilər Ordusu ötən gün sübh İraqın şimalında Kürdüstan Regional Hökumətinin inzibati mərkəzi Ərbildə “Mossad mərkəzi”ni ballistik raketlərlə vurduğunu bildirib.