Rusiya Ukraynanı niyə işğal etmək istəyir? - I yazı

Rusiya Ukraynanı niyə işğal etmək istəyir? - I yazı
 

Siracəddin Hacı

I Yazı

Bu sualın cavabının çox önəmli olduğunu düşünürük, belə ki, Rusiyanın mənafeyinə bağlı olan bir sıra insanlar, təbliğat qurumları, siyasi-ictimai təşkilatlar Rusiyanın işğalına haqq qazandırmaq üçün Putini deyil, Ukraynanı – Zelenskini, NATO-nu, Avropanı, ABŞ-ı ittiham edirlər, elə danışırlar ki, sanki işğal qərarını Putin yox, onlar veriblər. Məsələningerçək mahiyyətini bilməyən, özünə əziyyət verib öyrənmək istəməyən bir çox insan da bu məqsədli təbliğatın təsiri ilə Ukrayna xalqının haqlı mübarizəsini deyil, Putinin işğal girişimini doğru sayır, soyqırıma haqq qazandırır, ya da məsələyə münasibətdə tərəfsiz qalır. Rusiyanın Ukraynanı işğal girişiminin səbəblərini gücümüz ölçüsündə sıralamağa çalışacağıq ki, məsələ doğru anlaşılsın:

- bir xalqlar həbsxanası olan SSRİ dağıldı. Bunun iki önəmli səbəbi var idi: a) SSRİ adlı dövlət azadlıq və ədalətin düşməni idi, bütün azadlıqların önünü kəsdi, nəticədə, inkişafın iki ana qaynağı olan azadlıq və ədalətdən məhrum olmuş SSRİ siyasi, iqtisadi, elmi yarışda rəqiblərinə uduzdu, sahib olduğu hərbi güc və qorxutma sistemi bu imperatorluğu xilas edə bilmədi. Qeyd edim ki, bu gün Putin hərbi güc və qorxutma siyasəti ilə Rusiya imperatorluğunu diriltməyə çalışır; b) SSRİ adlı diktatorluq kölələşdirməyə çalışdığı xalqların milli və dini duyğularını tam sıradan çıxarmağı bacarmadı. Milli və dini duyğu adlı iki həlledici güc imkan tapan kimi hərəkətə keçdi, zülm imperatorluğunu dağıtdı. Qeyd edim ki, Putin bu gün ona kölə olmaq istəməyən xalqların milli və dini duyğularını yeni faşizm kimi dəyərləndirir. Səbəb budur: Putinin qurmaq istədiyi imperatorluq ədalətin, azadlığın, elmin, inkişafın, milli və dini duyğuların düşmənidir. Belə ki, Putinin imperatorluğu ancaq və ancaq zülm, köləlik, cəhalət, milli və dini duyğulardan məhrumluq üzərində qurula bilər. Azadlıq və ədalətə bağlı, milli və dini kimliyini qavramış heç bir xalq köləliyi qəbul etməz;
- SSRİ dağılandan sonra sıra ayrı-ayrı xalqlardan ibarət Rusiyaya çatdı, haqlar tələb olundu, mərkəzdənqaçma meyilləri gücləndi, xəstə Yeltsin ölkəni idarə etmək imkanını itirdi, istefa verdi, siyasi varis olaraq Putinin yolunu açdı;
- Putin çeçen xalqına divan tutdu, Çeçenistanı xarabaya çevirdi, hakimiyyətini gücləndirdi, Rusiyanın tərkibində olan respublikaların və quberniyaların səlahiyyətlərini azaltdı, haqq və azadlıqlara sınır qoydu, Rusiyada formalaşmaqda olan çoxpartiyalı sistemi, azad mətbuatı sıradan çıxartdı, bütün seçkiləri saxtalaşdırdı, Rusiyanın hərbi gücünü artırmaq üçün önəmli maliyyə qaynaqları ayırdı, Rusiyanı tək adamın idarə etdiyi dövlətə çevirdi;
- özünü güclü hiss etməyə başlayan Rusiya “yaxın ətraf” anlayışını açıqladı. Bu anlayışa görə SSRİ-nin tərkibində olmuş respublikalar Rusiyanın həyati təsir məkanı kimi qəbul olundu, deyildi ki, bu məkanda Rusiyanın mənafelərinə uyğun olmayan siyasi, hərbi fəaliyyətlərə izin verilməyəcək;
- Putin 2008-ci ildə Münhen konfransında çıxış etdi, dedi ki, artıq təkqütblü dünya yoxdur, çoxqütblü dünyavar, onun tərəflərindən biri də Rusiyadır, hər kəs bunu qəbul etməli, Rusiyanın təsir məkanına daxil olmamalıdır;

Ardı var...    

Paralel.az

0.016883850097656