Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda "Rəhbərliyə “baş əyməyən” həkimlərin qarşısında daim “qırmızı işıq” yandırılır"
Artıq bir müddətdir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda baş verən çoxsaylı qanunsuzluqlar həm geniş ictimaiyyətin, həm də bir çox media qurumlarının və s. əsas müzakirə etdiyi mövzulardan birinə çevrilməkdədir. Buna əsas səbəb, Həqiqət xanım Qədirovanın rəhbərlik etdiyi bu səhiyyə müəssisəsinin korrupsiya məngənəsində boğulmasıdır. Unutmaq olmaz ki, adı çəkilən bu xanım Ağciyər Xəstəlikləri İnstitutuna direktor təyin olunduğu vaxtdan indiyə kimi, dünya xəritəsi bir neçə dəfə dəyişsə də, yer kürəsində silsilə qlobal hadisə və proseslər baş versə də, hətta münaqişəli məsələlər sülh yolu ilə həllini tapsa da, çox təəssüflər olsun ki, bu səhiyyə müəssisəsində həyata keçirilən idarəçiliyin mahiyyəti dəyişmədi ki, dəyişmədi. Bu kimi səbəblər üzündən də, hal-hazırda Ağciyər Xəstəlikləri İnstitutunda elə biabırçılıqlar baş verir ki, yaşananları görüb eşidən hər kəs şoka deyil, sanki “şökə düşməli” olur. Deməli, ötən müddət ərzində yeniliyə doğru heç bir addımın atılmamasının kökündə, bu dövlət səhiyyə ocağında rüşvətxorluğa və qanunsuzluğa söykənən yarıtmaz idarəçilik başlıca rol oynamaqdadır.
Xeyli müddətdir ki, Ağciyər Xəstəlikləri İnstitunun həkimi Füzuli Əliyevin sayəsində, hər kəs bu səhiyyə müəssisəsində yaşanan biabırçılıqlarla bağlı məlumatlı olur və tam əksəriyyət bəlli münasibətlərini ifadə etməyi də bacarırlar. Bu günlərdə isə, Füzuli Əliyev You Tubedə yeni paylaşım edib və onun bu kanalda söylədikləri daha ciddi rezonans doğurmaqdadır. Yəni, o, qeyd edir ki, “Mən bugünə kimi Ağciyər Xəstəlikləri İnstitutunda baş verən hər cür biabırçılıqlarla bağlı müxtəlif təşkilatlara yazılı müraciətlərimi ünvanlamışam və həmin təşkilatlardan verilən cavab məktubları “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB-ə) daxil olmuşdur. Təəccüb doğuran hal odur ki, daxil oln məktublar bu dövlət qurumundan Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət xanım Qədirovaya göndərilir. Yəni, “TƏBİB”dən qarşı tərəfə “Şikayət sizdəndir, ona görə də Füzuli Əliyevi çağırın və şikayəti birlikdə araşdırın” deyə tapşırıq verilsə də, mən heç vaxt şikayət ərizələrinin araşdırılması məqsədilə təşkil olunan yığncaqda iştirak etməmişəm. Çünki, aparılacaq araşdırma işlərində iştirak etməyi özüm üçün arzuolunan addım kimi dəyərləndirməmişəm. Hər kəs diqqət yetirəbilər ki, bugünə kimi Həqiqət Qədirovadan və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda baş həkim vəzifəsini müvəqqəti daşıyan Nailə Mahmudovadan, aidiyyatı dövlət qurumlarına silsilə şikayət ərizələri göndərmişəm. Şikayətlərimdə birbaşa tibbi təchizatın, alətlərin yarıtmaz vəziyyətdə olmasından, tikiş materiallarının və dərman təchizatının yetərincə olmadığından bəhs etmişəm.
Bu səhiyyə müəssisəsinin rəhbər şəxsləri mənə qarşı o qədər qərəzlidirlər ki, onlar məni gecə növbəsinə buraxmırlar və dərk edirlər ki, əgər gecə növbəsində işdə olaramsa, o halda baş verənlər haqda məlumatlı olub, onların bütün qanunsuzluqlarını üzə çıxararam. Bildirim ki, ağciyərin vərəmi cərrahi şöbəsində 19 nəfər xəstə olsa da, onlardan bir nəfərinin olsa belə müalicə olunması işi mənə həvalə olunmur. Hansı ki, həmin xəstələrdən bir nəfəri mənim adıma gələn xəstədir. Bir sözlə, hal-hazırda stasionar xəstə müalicəsindən tam şəkildə məhrum olunmuşam. Bütün bunlar rəhbərliyin şöbə müdiri Zaur Həsənova verdiyi göstərişlər əsasında baş tutur. Bundan əlavə, xəstəxananın poliklinika şöbəsində də xəstəyə baxışdan məhrum edilmişəm. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda sitaloji müayinə yoxdur, bekimyəvi analizin müayinəsi həyata keçirilmir, vərəmin aşkar olunmasında ciddi nöqsanlar aşkar olunur və s. kimi neqativ hallar mövcuddur. Belə olan halda bu səhiyyə müəssisəsində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu adının saxlanmasına nə ehtiyac var? Axı, elmdə bir şey olmadığı halda, burada hansı elmi-tədqiqat işlərindən söhbət açmaq olar? Diqqət yetirmək lazımdır ki, bu İnstitutda həddi-hüdudu bilinməyən sayda qanunsuzluqlar baş verir, kavedvilal pnevomaniyanın müalicəsi zamanı, yəni reanimasiya və digər şöbələrdə yarıtmaz tibbi xidmət göstərildiyindən hər gün bəzən 5, bəzən də 8 nəfər dünyasını dəyişir. Bu cür biabırçılıqların qarşılığında baş həkim vəzifəsini müvəqqəti əvəz edən Nailə Mahmudova “Əməkdar həkim” fəxri adına layiq görülür və o, bu qədər şikayətlərdən sonra, “TƏBİB” tərəfindən baş həkim vəzifəsinə də təsdiq olunur. Bu əsl biabırçılıqdır, utanc hissi gətirən halların varlığıdır”.
Bütün bunlar onu göstərir ki, Həqiqət xanım Qədirovanın rəhbərlik etdiyi bu səhiyyə müəssisəsində çox ciddi qruplaşma mövcuddur, peşəkar kadrların “vurulması” adi hala çevrilib, rəhbərliyə “baş əyməyən” həkimlərin qarşısında daim “qırmızı işıq” yandırılır, bir sözlə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu “bazarxana qanunları” ilə idarə olunur. Əslində bu cür halların varlığı Azərbaycan səhiyyəsinin “bel sütununu” qırmaqdan başqa bir şey deyil.
Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.
(Mənbə: Xəbərfakt.az)