“İvanovka” məhsulları - müştərilər aldadılır?

“İvanovka” məhsulları - müştərilər aldadılır?
 

Bu gün paytaxtın, demək olar ki, bütün ərzaq mağazalarında “İvanovka” adı ilə süd və süd məhsulları satılır. Böyük əksəriyyət bu qidaların İsmayıllı rayonunun malakanlar yaşayan məşhur İvanovka kəndindən gətirildiyini düşünərək, onları keyfiyyətli və qatqısız ağartı məhsulları kimi almağa tərəddüd etmir.

Maraqlıdır, görəsən, bu məhsullar həqiqətənmi, İvanovka kəndinin istehsalıdır?

Bu kənddəki Nikitin adına balaca bir kolxoz hər gün min tonlarla ağartı məhsullarını necə istehsal edə bilir ki, Bakı və digər iri şəhərlərə, hətta rayonlarda belə, bütün ticarət obyektlərinə çatdırmaq mümkün olur? Doğrudanmı, İvanovka bütün Azərbaycanı ağartı məhsulları ilə fasiləsiz olaraq təmin edə bilir?

Mövzu ilə bağlı hafta.az-a danışan Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinin sədri Akif Nəsirli deyib ki, “İvanovka” bir brenddir. “İvanovka” məhsulları brendə çevrilənə qədər daha keyfiyyətli idi:

“İndi də İvanovka kəndindən gələn məhsullar keyfiyyətlidir. Son zamanlar bu brend altında həm Bakıda, həm də müxtəlif rayonlarda məhsul istehsalına başlayıblar. Bu məhsulların İvanovka kəndinə heç bir aidiyyəti yoxdur. Hazırda paytaxtda bu brend altında satılan məhsulların 90 faizi saxtadır. Sadəcə olaraq, vətəndaşlar bu brendə etibar ediblər deyə işbazlar addan sui-istifadə edirlər. Bu “təcrübə”yə beynəlxalq praktikada da rast gəlinir.

Məsələn, böyük və tanınmış markaların adından istifadə edərək saxta məhsullar istehsal edilir. Həmin markalar saxta məhsul istehsal edənlərlə mütəmadi olaraq mübarizə aparır. Azərbaycada isə vəziyyət fərqlidir və bəzən hətta istehsalçı özü bu işlə məşğul olur. Məhsulun saxtası orijinalından daha çox vəsait qazandırır. Ona görə də sahibkarlar məhsulu saxtalaşdırmaqda maraqlı olurlar.

Digər tərəfdən, gəlin bazara baxaq görək ki, orijinal məhsullara tələbat varmı? Tutaq ki, qatqısız kərə yağı istehsal edildi və həmin yağın qiyməti 15-20 manata çatacaq. Gəlin görək, kilosu15-20 manat arası olan kərə yağını Azərbaycan vətəndaşlarından neçə faizi ala bilər? Təbii ki, çox az bir qismi. Ona görə də istehsalçı maya dəyəri ucuz başa gələn məhsul istehsal etməlidir. Sahibkar da bazara işləyir, o da öz mənfəətini güdür. Təsəvvür edin ki, 18 manata da kərə yağı var, 2 manat 50 qəpiyədə. Bu necə baş verir? Təbii ki, müəyyən qatqılar, süni dadlandırıcılar hesabına maya dəyəri ucuz məhsullar başa gətirilir.

Bu gün ölkədə fəaliyyət göstərən brendlərin əksəriyyəti belə prinsiplə işləyir. Bunun da sonu Azərbaycan genefondunun məhvi deməkdir”.

Mövzu ilə bağlı hafta.az-a danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli isə bildirir ki, Azərbaycan ildə 2 milyon ton süd istehsal edir:

“Bu, adambaşına 200 kq təşkil edir, beynəlxalq norma  isə 404 litrdir. Südə olan tələbatın, təxminən, 50 faizi daxili istehsal hesabına ödənilir. Birmənalı şəkildə demək olmaz ki, bu məsələdə hansı bölgə daha çox fərqlənir.

Bütün bölgələrdə heyvandarlıqla məşğul olunur. Bizdə məhsuldarlıq çox aşağıdır. Avropa ölkələri ilə deyil, heç qonşu Gürcüstanla müqayisə olunacaq səviyyəyə çatmır.

Məsələn, Gürcüstandan hər inəkdən sağılan süd illik 2,5 tona yaxın olur. Azərbaycanda isə hər inəkdən 1ton700 lt süd əldə olunur. Baxmayaraq ki, son vaxtlar ölkədə aqroparklar yaradılıb, oraya çoxlu mal-qara gətirilib, bu süd istehsalının ciddi artımına səbəb olmayıb. Bizdə yem bazası zəifdir.

O ki qaldı İvanovka kəndinin bütün Azərbaycanı ağartı məhsulları ilə təminetmə potensialının olub-olmamasına, bu brend altında çoxlu sayda sahibkar var ki, Bakının özündə süd məhsulları istehsal edir. Əgər siz İvanovkadakı təsərrüfata getsəniz görərsiniz ki, orada elə bir potensial yoxdur. Bir müddət əvvəl orada əhali və rəhbərlik arasında çox ciddi qarşıdurmada da yaranmışdı. Məhsuldarlıq aşağı olduğundan heyvanların çoxu kəsimə verilmişdi. Bu təsərrüfatın Azərbaycanın südə olan tələbatının hansısa hissəsini ödəyə biləcəyi düçüncəsi də yanlış yanaşmadır. Azərbaycanın 4 milyon tondan artıq südə ehtiyacı var. Bunu bir təsərrüfata yükləmək qeyri-mümkündür. Mən inanmıram ki, bu təsərrüfat ölkədəki mövcud tələbatın 1 faizini belə ödəsin”.

Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, “İvanovka” adı ilə mənşəyi bəlli olmayan ağartı məhsulları yeyirik:

“Azad İstehlakçılar Birliyi neçə ildir ki, bu məsələni həll etmək üçün mübarizə aparır. Bütün dövlət orqanlarına bu barədə məlumat vermişəm. İvanokvanın Nikitin adına kolxozuna qədər getmişəm. Bakıda 20 İvanovka adı altında dükan fəaliyyət göstərir. İvanovka kəndi ilə heç bir əlaqəsi yoxdur, ordan süd alıb gətirmir. Yəni, balaca bir kolxoz hər gün min tonlarla ağartı məhsulunu istehsal etmək gücündə deyil. İvanovka şoru, ivanovka pendiri və s. AIB-in tədqiqatı göstərir ki, Bakı ətrafında İvanovka mal nişanı ilə mal buraxan mmc -lər bəzən İvanovka kəndinin kolxoz sədri ilə müqavilə bağlayırlar. Guya süd vermək niyyətindədilər. Belə bir süd gəlmir, əhali aldadılır. Bu “MMC”lər mal nişanlarından “İvanovka” sözünü götürməlidilər. Əhali bununla aldadılır, yəni İvanovka sözü olmalı deyil. Üstəlik, bu, coğrafi adlar haqqında qanunvericiliyə də ziddir. Yəni “İvanovka” mal nişanı ilə mal buraxan bir müəssisə gərək İvanovka kəndində yerləşsin. İvanovkanın qanuni Bakıda 3 dükanı var, məhsullar yalnız oradan gətirilir" .

Sevinc Osmanova
Paralel

0.019505977630615