Ziyalı kimdir, nə deməkdir?

Ziyalı kimdir, nə deməkdir?
 
 
“Qısa qeydlər” silsiləsindən
On illərlə "ziyalı kimdlr, nə deməkdir?" sualına cavab axtardım... Yüzlərlə kitaba, minlərlə yazıya baxdım, ağıllı adamları varaqladım - məni, səni, bizi, sizi qane edəcək bir cavab tapmadım. Biri dedi savadl adamdır, biri dedi işıqlı adamdır, o biri dedi vicdanlı adamdır...Yoruldum, darıldım, mənasız axtarışların başını buraxdım...
Amma günlərin birində, ömrüm yarım əsri keçəndə cavab öz-özünə gəldi: Ziyalı şəxsi maraqlarını ictimai maraqlara qurban verə bilən, bütün hallarda, hətta xalq – hakimiyyət qarşıdurmasında xalqın yanında ola bilən işıqlı adamdır. Yəni ziyalı savadlı, işıqlı olmaqla bərabər, həm də vicdanlı, insaflı, yalan deməyən, yaltaqlıq etməyən, millətini, Vətənini sevən adamdır, şəxsiyyətini pula, vəzifəyə satmayan adamdır. Şəhriyarın ifadəsi ilə desək, “ziyalı xoş gündə xalqın səsidir, dar günündə xalqın sərkərdəsidir”...
Bəs bizdə ziyalı varmı?! Təbii ki, var, sadəcə olaraq, bizim hazırda üzdə olan ziyalıların çoxu sovet dövründə yetişmiş adamlardır. Tarixin, ədəbiyyatın, iqtisadiyyatın, hətta riyaziyyatın partiyalı olduğu bir dövrdə yetişən adamlardan, 70-lərin, 80-lərin ziyalılarından nə gözləyirik?! Bunlar yuxarıdan gələn “Hazır ol!” əmrinə, “Həmişə hazıram!” deyən pionerlərdir, partiyalı funksionerlərdir. Olsun ki, Vətəni bizdən az sevmirlər, amma müstəqil deyillər, milli deyillər, ola bilmirlər.
Yeni ziyalılar, milli maraqlardan çıxış edənlər, xalqın səsinə səs verənlər nəsli isə yetişir. Şükr Allaha, xalqımız qısır deyil, qəhrəmanlıq potensialımız (Asif, Vəzir, Mübariz, Polad və s...) olduğu kimi, ziyalılıq potensialımız (ad çəkmək istəmirəm...) da var. Olsun ki, biz deyən sürətlə yetişmir (axı, ömür gedir...), biz istəyən cəsarətlə sözünü demir, çünki 70 – 80-lərin xarabalıqları üzərində yetişir. Çünki keçmiş ənənələri qırır, öz ənənələrini yaradır, yeni milli ziyalılıq institutu yaranır. Nə etmək olar, mərhum Turqut Ozal demiş, hər olayın bir zamana ehtiyacı var...
Təbii ki, bu, mənim fikirlərimdir. Dostların fikrini bilmək, ömür imkan versə, yeni ziyalılar nəslini görmək istərdim...
Qalib ARİF
 
0.017596960067749