"Gəlin qaya" əfsanəsi - 3-cü bölüm
Allahverdi Kərimoğlu:
Hörmətli oxucular, "Gəlin Qaya"-əsərini hissə-hissə oxumaq üçün ixtiyarınıza verrəm. Maraqlıdı oxuyun, məzmunun yadda saxlayın.
"Gəlin qaya" əfsanəsi - 3-cü bölüm
Məsciddən ucalır «Allahu Əkbər»,
Namazın vaxtını xəbər verirlər.
Uçuq divarlarda əks olur bu səs,
Üz tutur qibləyə, eşidən hər kəs.
Bürüyüb hər yanı qəmli bir kədər,
Böyük bir şəhərdən qalmayıb əsər.
Yağılar qoymamış daşı-daş üstə,
Oxuyur bir qoca yanıq şikəstə.
Söykəyib belini bir qara daşa,
Xaraba şəhərə edir tamaşa.
***
«Beyləqan» olmuşdu yer ilə yeksan,
Qalmayıb şəhərdə bir bəni-insan.
Şəhərlər dağılmış, kənd-kəsək yanmış,
Muğan da talanmış, Mil də talanmış.
Yağılar yandırıb eli-obanı,
Zaman yetim qoyub «Qara Çobanı».
Ərənlər qocalıb düşmüşdü əldən,
Hamı baş götürüb getmiş ölkədən.
Ömrünün-gününün keşməkeşində,
Qövr edir qocanın bir dərd içində,
Səhərdən başlayıb axşama qədər.
Ağlaya-ağlaya xaraba gəzər,
Dilənib-dolanan qoca bir qarı.
Gəzib dolanırdı xarabaları,
Uçuq bir daxmadan çıxan o qarı.
Üz tutur ağlayan qocaya sarı,
Gedir ki, kişiyə versin təsəlli.
Görsün ki, dərdi nə, nədən qüssəli,
Qarı dikəldərək bükük belini,
Uzadır kişiyə əsən əlini.
Qoca o kişiylə həmin o qarı,
Oturub diz üstə qibləyə sarı.
Hər biri üz tutub ulu Allaha,
Güman da qalmayıb bu gün sabaha.
Çıxarıb torbadan bir tikə çörək,
Uzadır kişiyə əli əsərək.
Kişi də çuxada gizlədir qolun,
Qarı çox gözləyir bu işin sonun.
Biləkdən yox olan qolun uzadır,
Qarının əlləri havada qalır.
Dönür hər ikisi sanki bir daşa,
Bir loxma çörəyə edir tamaşa.
Məsciddən ucalır «Allahu Əkbər»,
Boğur hər ikisin acı bir qəhər.
(ARDINI İZLƏYİN)