Qəribə yuxular...

Qəribə yuxular...
 
 
“Qısa hekayələr” silsiləsindən
O, ayağını dizdən yuxarı itirmişdi... Bu, pis idi, lap pis idi. Ayağın dizdən aşağı kəsilməsi yaxşıdır, protez taxılanda heç hiss olunmur. Ayağın dizdən qatlanır, rahat gəzmək, oturub-durmaq olur. Bir az enli şalvar geyirsən və kef edirsən... Hətta şəhərə çıxmaq, xoşun gələn qıza yaxınlaşmaq və söz demək olar,.. Heç olmasa,bircə dəfə,.. Onun arzusu bu, deyildimi?!
Amma o, ayağını dizdən yuxarı itirmişdi... Doğrudur, əməliyyat etmişdilər, artıq babat (yüngül, rahat) protez də vermişdilər. Amma nə olsun ki, ayağı dizdən qatlanmırdı və əsasız gəzmək olmurdu. O isə, bulvara çıxmaq, gözəl qızlara baxmaq istəyirdi. Axı, yaz idi... Ömrün yazı, fəslin yazı... Nəhayət, əsgərdən xəbərsiz yazılan bu yazı...
Yaxşı yadındadır... Komandir köhnə erməni səngərinin içi ilə gedirdi. O isə, səngərə düşməkdən çəkinirdi, qıraqla gedirdi. Uşaqlar deyirdi ki, ermənilər qaçanda minaları səngərlərə basdırıblar. Komandir də israr etmirdi, səngərin içi ilə inamla gedirdi. Komandir ondan 10 yaş böyük - ağsaqqaldı, 30 yaşı vardı... Bu zaman mina partladı... Səngərdən kənarda partladı...
Xeyli müddət vardı ki, evə qayıtmışdı. Heç yerdə işləmirdi, nənəsinin pensiya kartının ümidinə qalmışdı… Amma birtəhər dözürdü, tez-tez qəribə yuxular görürdü... Görürdü ki, ayağı yenidən bitir... Gül kimi, çiçək kimi... Sadəcə olaraq, ayağı tapmaq, əsgər batinkasının içində basdırmaq və hər gün sulamaq lazımdır... O, evə qayıtmışdı, amma ayağı da, batinkası da cəbhədə qalmışdı... Hər gecə yuxuda ayağını tapırdı və əsgər batinkasında basdırırdı... Səhərə kimi ümidlə sulayırdı, ümidlə yaşayırdı...
Qalib ARİF
0.017092943191528