Yeni vitse-prezident SOCAR-da islahatlara başlayıb

Yeni vitse-prezident SOCAR-da islahatlara başlayıb
 
Bu ayın əvvəlində Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəf SOCAR-da islahatlara başlayıb.
SOCAR prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası həvalə edilən Rövşən Nəcəf Rövnəq Abdullayevin yol verdiyi izafi xərcləri aradan qaldırır.
Məlumata görə, SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev yaxın qohumlarına, qayınatasına məxsus hər binanın kirayəyə verilməsilə bağlı aylıq büdcədən 50-60 min manat pul silib.
Söhbət “Azəriqaz” İstehsalat Birliyinin Nizami rayonu, Babək prospektində yerləşən Bakı Regional Qazın Satışı Departamenti və Nizami rayonunda yerləşən Bakı Metrologiya Departamentindən gedir.
Məlum olub ki, R.Nəcəf şirkətə məxsus binalarda boş yerlər olduğu halda, kirayə binlara bu qədər vəsait xərclənməsinə qarşı çıxıb. Hətta o da məlum olub ki, R.Abdullayevin dövründə şirkət 1 avtomobil kirayəsi üçün aylıq 800-1000 manat arası pul xərcləyib. Söhbət isə ayda onlarla maşının kirayəsindən gedir.
Məsələ ilə bağlı SOCAR-ın vitse-prezidentinin müavini, mətbuat katibi İbrahim Əhmədov bildirib ki, qurumların binalarında köçürmələri kütləvi hal deyil:
“Şirkətdə son aylarda aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq, bizim idarələrdən birinin yerləşdiyi binanın bir hissəsi boşalmışdı. Ona görə də, daha əvvəl kirayəyə götürülən binalarda yerləşən bəzi “Azəriqaz” işçiləri həmin boşalmış yerə köçürülüb. O da Babək prospektindədir. Lakin burada işçilərin şirkət miqyasında kütləvi şəkildə köçürülməsindən söhbət getmir”.
 
 
0.01865291595459