ABŞ-ın paytaxtı Vaşinqtonda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib

ABŞ-ın paytaxtı Vaşinqtonda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
 
 
 

ABŞ-ın paytaxtı Vaşinqtonda, Kennedy Mərkəzində Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Paralel.az xəbər verir ki, tədbirdə Azərbaycan səfirliyinin diplomatları, Türkiyənin Vaşinqtondakı səfiri Murat Mərcan, Vaşinqtonda yaşana azərbaycan icmasının aktiv üzvləri və Amerika ictimayyətin nümayəndələri iştirak ediblər.

“Həqiqət və Ədalət” başlıqlı anım mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ermənistanın təcavüzü nəticəsində ailəsi ilə bərabər Qarabağdan qaçqın düşdüyünü deyən həmyerlimiz Arzu Məmmədova tədbir iştirakçılarını ermənilərin tarixin müxtəlif dövürlərində Azərbaycanda apardığı işğalçılıq siyasəti haqqında danışıb və Xocalı faciəsindən barəsində qonaqları məlumatlandırıb.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Xocalı faciəsi ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılmış soyqırımı siyasətinin tərkib hissəsi olduğunu deyib. Səfir bildirib ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi bu dəhşətli faciə yalnız Holokost, Xatın, Qaladamor, Srebrenitsa kimi insanlıq tarixinə düşmüş qanlı qətliamlarla müqayisə oluna bilər.

Tədbirdə Türkiyənin Vaşinqtondakı səfiri Murat Mərcan da çıxış edib. Səfir çıxışında seyib ki, yüzlərlə azərbaycanlının həlak olduğu və minlərlə insanın zərər çəkdiyi Xocalı faciəsi bütün türk dünyasının faciəsidir. Diplomat qeyd edib ki, təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Xocalıda dinc əhaliyə qarşı əsrin ən ağır cinayətini törədib. “Unutmamalıyıq və unutdurmamalıyıq” deyən səfir ABŞ ictimayyətini Xocalı faciəsi haqqında məlumatlandırmaq üçün müxtəlif səpkidə tədbirlərin təşkil olunmasının vacibliyindən danışıb.

Anım tədbirində 1991-ci ilin yanvar ayında Xocalıya gedən amerikalı jurnalist Tomas Goltzun videomüraciəti təqdim olunub. O, Xocalıda gözləri ilə şahid olduğu dəhşətləri qonaqlarla paylaşıb.

Rəsmi hissədən sonra Azərbaycan muğamının tədqiqatçısı Cefri Verbokun və “Milli musiqi və qlobal mədəniyyət” cəmiyyətinin rəhbəri, tanınmış pianoçu Nərgiz Əliyarovanın ifasında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş klassik əsərlərdən parçalar ifa olunub.

Tədbirin sonunda qonaqlara Xocalı faciəsi haqqında müxtəlif beynəlxalq media orqanlarında dərc olunmuş xəbərlərin və faktların toplanılaraq yayınlandığı “Xocalı Soyqırımı” jurnalı təqdim olunub.

(Mənbə: Report.az)

 
 
ABŞ-da Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
0.12758493423462