Həyatın arabası

Həyatın arabası
 
 
"Qısa qeydlər" silsiləsindən
10 yaşa qədər arabada olduğunu hiss etmirsən, elə bil ananın qucağında gedirsən. 10-dan 20-yə qədər həyatın arabası yavaş gedir, hətta arada düşüb itələmək istəyirsən. 20-dən 30-a qədər sənin başın gördüyün və arzuladığın gözəlliyə qarışır, bəzən arabadan tullanırsan, arzularının dalınca qaçırsan... Araba tamam yaddan çıxır...
30-dan 40-a qədər həyatın arabası ömrün eniş-yoxuşlarından keçir, gah dağa qalxıb yavaşıyır, gah da dərəyə düşüb sürəti artırır. Sən gah düşüb arabanı itələyirsən, gah da küləklə yarışa girirsən,.. Sərin külək saçlarını qarışdırır, arzularını alışdırır. Acı tər gözlərinə, şirin meh sinənə dolur. Sən xoşbəxtsən…
Amma xoşbəxtlik uzun çəkmir… 40-dan 50-yə qədər həyatın arabası sürəkli enişə başlayır, sürətini artırır,.. Sən sakitsən, həyatın xeyirli, şərli mənzərələrini seyr edirsən. 50-dən 60-a dərələr başlayır, araba sürətini daha da artırır, atılıb-düşür. Sənin dünyan dağılmağa, acılı-şirinli xatirələr göz qabağında canlanmağa başlayır. Sən narahatsan, müvazinətini saxlamaq üçün bəzən arabanın dəstəklərindən tutmalı olursan.
60-dan 70-ə kimi arabanın sürəti dayanmadan artır, hətta təkərlərindən qığılcım çaxır. Sənin də canın ağrıyır, nəinki sabaha, bugünə də inamın azalır, ümidin qalmır,.. Bəzən yıxılırsan, arabanın içində uzanmalı olursan. 70-dən sonra sənin araban dərənin dibində, selin içindədir,.. Sel arabanı silkələyir, qoparıb aparmaq, qara daşlara çırpmaq istəyir. Sən qorxudan gözlərini yumursan, arabanın dəstəklərindən bərk-bərk yapışırsan - harda qırılar, qırılar...
Qalib ARİF
0.021507978439331